5 il öncə yurdumuzun azadlığı uğrunda vuruşan zabit və əsgərlərimizin düşmən üzərində qazandığı qələbələri, zəfərləri eşitdikcə qürur hissləri keçirirdik.
Ali Baş Komandan İlham Əliyev hər gün Azərbaycan Ordusunun cəbhədə qazandığı zəfərləri xalqımıza çatdırırdı. Zəfər xəbərlərindən ruhlanan biz jurnalistlər də qalib zabit və əsgərlərimizin yanına - ön xəttə getməyə can atırdıq. Şükürlər olsun ki, günlərin birində istəyimizə çatdıq, müharibənin 7-ci günü cəbhə bölgəsinə ezamiyyətə yollandıq.
Səhər ertədən ezam edildiyimiz hərbi hissədə olduq. Burada böyük canlanma var idi, əsgərlər vətənpərvərliyi tərənnüm edən mahnıların sədaları altında meydanda addımlayırdılar. Birinci Qarabağ müharibəsinin iştirakçıları olmuş veteranlar, müxtəlif ictimai təşkilatların nümayəndələri, musiqi kollektivləri zabit və əsgərlərlə görüşə can atırdılar. Hamı qələbəyə öz töhfəsini verməyə, əsgərləri qələbələrə ruhlandırmağa çalışırdı.
Hərbi hissə komandiri ilə görüşəndə bildirdi ki, bir azdan sizi ön xəttə yola salacağıq. Bizi aparacaq avtomobili çox gözləməli olmadıq. Ön xəttə ehtiyatdan çağırılan zabit və əsgərlərlə bir yerdə getdik. Yol uzunu şəhərlərimizdən birinin bayraqlarla, Vətənin müdafiəsinə çağıran şüar və plakatlarla bəzədilmiş küçələrini seyr edirdik. Hər addımda zəfər ovqatı hiss olunurdu, qələbə əzmi duyulurdu. Yoldan hərbi maşınların keçdiyini görən şəhər sakinləri bir anlıq ayaq saxlayıb zabit və əsgərlərə salam göndərirdilər. Qadınlar qollarını göyə qaldıraraq hərbçilərimizin döyüşlərdən sağ-salamat və Qələbə ilə dönmələri üçün Tanrıya dua edirdilər. Məktəb yaşlı uşaqlar isə əsgər salamı verirdilər. Hər addımda hiss olunurdu ki, xalq zabitinə, əsgərinə inanır, onlara xilaskarı kimi baxır.
Torpaqlarımızı azad etməyə gedən hərbçilərlə tanış olub söhbət etdik, onların ürək sözlərini dinlədik. Baş leytenant Elvin Məmmədov ordu sıralarından 2014-cü ildə ehtiyata buraxılmışdı. Yurdumuzun işğaldan azad edilməsi uğrunda müharibə başlanan kimi yenidən xidmətə çağırılıb. Gənc zabit Elvin Məmmədov söhbətinə inamlı ovqatla başladı:
- Bu gün bizi Vətən çağırıb. Çağırıb ki, illərdən bəri erməni qəsbkarlarının işğalında qalmış torpaqlarımızı azad edək. Biz də Vətənin çağırışına səs verərək yurdumuzu yağılardan təmizləməyə gəlmişik. Torpaqlarımızın azadlığı uğrunda vuruşmaq hamımızın müqəddəs borcudur. Biz bu borcu canla-başla yerinə yetirəcəyik. Əminliklə deyə bilərəm ki, döyüşlərdən doğmalarımızın yanına Zəfərlə qayıdacağıq. Ordu sıralarından beş-altı il əvvəl ayrılsam da, döyüş təcrübəm, hərbi biliklərim yüksək səviyyədədir. Biz gücümüzlə, bacarığımızla işğalçılara yaxşıca dərs verəcək, yurdumuzu yağılardan azad edəcəyik. Bir zabit kimi istəyirəm ki, müharibəni böyük qələbəyədək davam etdirək, torpaqlarımızı son qarışınadək işğalçılardan təmizləyək, müharibəni, qan-qadanı gələcək nəsillərə saxlamayaq.
Vətənin çağırışına ürəkdən səs verərək döyüşə gəlmiş zabit Azər Məsmalıyev, baş leytenant Asim Tofiqi, leytenant Anar Məmmədov, əsgərlərdən Məmmədəli Səmədov, Hüseynxan Quliyev və başqaları da Elvinin dediklərinə qoşuldular. Biz onlara qələbələrlə dolu günlər arzuladıq. Yurdumuzun azadlığı uğrunda vuruşmağa yollanan zabit və əsgərlərin baxışlarından qürur, qətiyyət və qəhrəmanlıq yağırdı. Bir daha əmin olduq ki, bu qətiyyət, qürur və qəhrəmanlıq onları gözlədiyimiz qələbələrə qovuşduracaq.
Ezamiyyətə getdiyimiz hərbi hissəsinin dayaq məntəqəsinə çatanda xalqın ordusuna necə böyük dəstək olduğunun canlı şahidi olduq. Gördüklərimizdən qürur duyduq, iftixar hissləri keçirdik, ürəyimiz açıldı. Çünki xalq ordusunun yanındaydı, ona mənəvi dayaq və arxa idi. Hərbçilərimizin təminatı həmişə, hər zaman yüksək səviyyədə olub. Həmin günlərdə torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün vuruşan zabitin, əsgərin heç nəyə ehtiyacı yox idi. Çünki dövlət hərbçisini, döyüşçüsünü yüksək səviyyədə təmin edirdi. Amma xalq da bu çətin günlərdə ordusunun yanında olmaq istəyirdi. Bu istək onun ürəyindən gəlir, qəlbindən süzülürdü.
Bu çətin və şərəfli günlərdə ordusunun yanında olan təşkilatların cəbhə bölgəsinə gəlmiş nümayəndələri ilə görüşdük. Həmin dövr Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi olan Zamir Hüseynovla, Dövlət İdarələri Həmkarlar Təşkilatının sədri Möhdəsim Səmədovla söhbət etdik. Möhdəsim Səmədov dedi ki, əsgərlərə yaxın olanda özümüzü daha güclü hiss edirik: "Biz hərbçilərimizə ürəkdən inanırıq. İnanırıq ki, onlar ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək düşməni məhv edəcəklər. Üçrəngli bayrağımızı Şuşada, Xankəndidə və işğaldan azad olunacaq başqa şəhər və rayonlarımızda dalğalandıracaqlar. Biz böyük Qələbəyədək ordumuzun yanında olacağıq. Müdriklər çox gözəl deyiblər ki, biz bir yerdə güclüyük!"
O zaman "A Construction" şirkətinin təsisçisi olan Azər Xəlilov da söhbət zamanı bildirdi ki, Qarabağ uğrunda gedən döyüşlərdə böyük igidliklər göstərən Azərbaycan ordusunun zabit və əsgərlərinin yanında olmaq hər birimizin mənəvi borcudur: "Bu günümüzün şüarı "Hər şey cəbhə üçün - hər şey qələbə üçün"dür. Döyüşlər başlanan ilk günlərdən hərbçilərimizin yanındaydıq. Tarix boyu həmişə belə olub - yurda düşmən hücumu olanda xalq bir yumruq kimi birləşib. Biz də bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşmişik. Bu birlik, bu güc, bu qüvvət sonda mütləq xalqımızı böyük Qələbəyə qovuşduracaq".
İkinci Qarabağ müharibəsinin davam etdiyi həmin günlər xalqı doğma ordusunun yanında, zabit və əsgərlərimizlə bir yerdə gördük. Döyüşçülərimiz bu mənəvi dəstəkdən fərəhlənir, qürurlanırdılar.
Biz isə yolumuza davam edirik. Qarabağ uğrunda qanlı savaş başlayar-başlamaz uğurlu döyüşləri ilə xalqımıza böyük sevinc yaşadan zabit və əsgərlərlə görüşmək üçün üzü mövqelərə doğru gedirik. Ordumuzun uğurlarından doğan sevincimizi cəsur oğullarımızla bölüşmək üçün səngərlərə tez çatmağa çalışırıq. Amma nə qədər tələssək də, yollar uzandıqca uzanır, sanki bitib-tükənmək istəmirdi. Bəzən sərt yoxuşlara qalxır, bəzənsə dərin aşırımlardan enirdik. Nə yoxuşlar, nə də aşırımlar qorxudurdu. Çünki qarşıda bizi yurdumuzun xilaskarları ilə şərəfli bir görüş gözləyirdi.
Yavaş-yavaş ön xəttə yaxınlaşırıq. Burada böyük canlanma hiss olunurdu. Başı dumanlı dağların arxasından atəş səsləri eşidilirdi. Bu atəş səsləri uzaqlarda əks-səda verib daha da gurlaşırdı. Dağlar qoynunda mövqe tutmuş elə dağlar kimi vüqarlı, qayalar kimi əzəmətli zabit və əsgərlərimiz döyüşlərdə böyük igidlik və qəhrəmanlıq göstərirdilər. Düşmən onların güclü əks-həmlələrinin qarşısında dayana bilməyərək mövqelərini, silah-sursatını, döyüş texnikasını qoyub dayanmadan qaçırdı. İllərdən bəri işğal altında qalmış torpaqlarımız addım-addım erməni qəsbkarlarından azad edilirdi.
Erməni işğalçılarına sarsıdıcı zərbələr vuran, düşmənləri ağır məğlubiyyətə uğradan, uğurları və zəfərləri ilə xalqımıza sevinc bəxş edən zabit və əzgərlərin yanına qaranlıq düşməyə az qalmış çatdıq. Sanki günəş də ayağını sürüyüb bir az gec batmaq istəyir, işığını, istisini bizdən əsirgəmirdi.
Zabit və əsgərlər taborun həyətində ikibir, üçbir dayanaraq söhbət edirdilər. Əl verib üz-gözündən igidlik yağan bu cəsur oğullarla bir-bir görüşüb qazandığı uğurlar və zəfərlər münasibətilə onları təbrik etdik. Zabit Elçin Quliyevdən eşitdiyimiz sözlər ovqatımıza qürur qatdı. O danışdıqca qulaqlarımıza güllə səsləri gəlir, gözlərimiz önündə Azərbaycan əsgərinin məğrur, məğlubedilməz obrazı canlanırdı. İştirakçısı olduğu son döyüşlərdən zəfər ovqatı ilə danışan zabit dedi ki, torpaqlarımızın azadlığı uğrunda müharibə başlanan gündən böyük hünər və cəsarətlə döyüş meydanına atılıb: "Bir neçə gün ərzində işğalçıların 200-dən çox zabit və əsgərini, onlarla döyüş texnikasını məhv etmişik. Böyük hünər və rəşadət göstərən zabitlərimiz, əsgərlərimiz güclü və qəfil həmlə ilə düşmənin mövqelərini ələ keçirərək qəsbkarları ağır məğlubiyyətə uğratdılar. Yağılar silah-sursatını da atıb arxalarına baxmadan geri qaçırlar. Düşmənlər zabit və əsgərlərimizin qəhrəmanlığı və igidliyi qarşısında aciz qalıblar, çıxılmaz duruma düşüblər. Döyüşlər zamanı bütün dünya gördü ki, ordumuz çox güclü və qüdrətlidir. Hərbçilərimiz düşmən üzərində Zəfər qazanmaq, torpaqlarımızı işğaldan azad etmək naminə döyüş meydanlarında gələcək nəsillərə nümunə olacaq qəhrəmanlıqlar göstərirlər. Erməni işğalının sonuna az qalır, Azərbaycan Ordusu hər gün böyük uğurlar qazana-qazana irəliləyir. Hər gün yeni kənd və şəhərlər işğaldan azad olunur. Biz çox xoşbəxt hərbçilərik ki, torpaqlarımızın azadlığı uğrunda vuruşuruq. Ürəyi Vətən eşqi ilə döyünən biz hərbçilər döyüşlərdə yurdumuzun azadlığı naminə döyüşürük. Qələbə bizimlədir, çünki haqq-ədalət bizimlədir".
5 il öncəki ön cəbhəyə ezamiyyət zamanı onu da öyrəndik ki, düşmən üzərində qələbənin qazanılmasında şəxsi heyət böyük igidlik göstərib. Döyüşlərdə fərqlənən zabitlərdən Murad Hüseynov, İltifat Ağayev, Emil Hüseynov, Nicat Nağıyev, Elsevər Həsənov, Rüstəm Abdullayev, Emil Ağayev, Amil Mikayılov, Elnur Şükürlü, Xəzər Əlizadə, gizir Təbriz Cəfərov, əsgərlərdən Mehrab Axundov, Vüsal Fətullayev, Məhəmməd Məlikov, Aqil Həsənov və başqaları əməliyyatlar zamanı cəsarətlə, hünərlə vuruşublar. Hələ o zaman əmin idik ki, bu cəsur oğullar qarşıdakı döyüşlərdən də qalib çıxacaqlar. Çünki onlar düşməni məhv etməyə hazır və qadir idilər.
(ardı var)
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"