15 Fevral 2023 09:42
4539
Elm və texnika
A- A+

Ömür kitabının hər səhifəsi parlaq həyat hekayələri ilə zəngin olan alim – akademik Arif Paşayev

 

Ad günü insan ömrünün unudulmaz anlarından biri olmaqla yanaşı, həm də bir həyat hesabatıdır. Belə günlərdə arxada qalan illər kitab kimi vərəqlənir, “mən Vətənim üçün nə etmişəm” sualına cavab axtarılır. Bu prizmadan yanaşsaq, görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayev o insanlardandır ki, ömür kitabının hər səhifəsi parlaq həyat hekayələri ilə zəngindir. O, bir alim olaraq həyatın mənasını elmi araşdırmalarda görür, bir ziyalı olaraq işıqlı əməlləri ilə tanınır. Arif müəllimin həm də bir ata olaraq cəmiyyət üçün gərəkli övladları ilə qürur duymağa haqqı var.

AZƏRTAC Azərbaycan elmi elitasının sayılıb-seçilən nümayəndələrindən biri olan akademik Arif Paşayevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Arif Paşayev 1934-cü il fevralın 15-də Mir Cəlal Paşayevin və Püstə xanımın ailəsində dünyaya göz açıb. Mir Cəlal müəllimi oxucuya tanıtmağa bəlkə də ehtiyac yoxdur. O, istedadlı yazıçı, ədəbiyyatşünas-alim və pedaqoq kimi bu gün də xatirələrdə yaşayır. Belə bir alim və ziyalının ailəsində doğulub boya-başa çatmaq nə qədər xoşbəxtlikdirsə, bunun bir o qədər də məsuliyyəti var. Bu ailənin evi dövrün bir çox məşhur simalarının yığışdığı ədəbi-elmi məclisləri xatırladırdı. Bu mühit ailənin övladlarının həyata baxışlarına, xarakterlərinin formalaşmasına öz müsbət təsirini göstərməyə bilməzdi.

Püstə xanım deyərdi ki, övladlarımız başımızı həmişə uca eləyiblər: “Məktəbdə əlaçı olublar, müəllimləri həmişə məni təbrik edib, ev tərbiyələrindən razı qalıblar. Arif onilliyi yenicə qurtarmışdı. Atası istəyirdi ki, gedib Moskvada oxusun, gözü açılsın, 17 yaşında uşağın uzağa getməsindən qorxurdum. Sonra onu yola saldıq. Dalınca da həmişə sovqat göndərirdim. Nəhayət oxudu, gəldi. Gözü-könlü seçdiyi qızla evləndi, ondan da iki qızı oldu”.

Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib, 1959-cu ildən Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA) Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. 1960-cı ildə SSRİ-nin aparıcı elmi mərkəzlərindən sayılan Dövlət Nadir Metallar İnstitutunun aspiranturasına qəbul olub. 1965-ci ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb. Bu qurğular dünyanın bir çox elmi mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində tətbiq olunur. Əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib, beynəlxalq sərgilərdə, müsabiqələrdə qızıl medal və diplomlara layiq görülüb.

Elmi axtarışlarını yorulmadan davam etdirən Arif müəllim 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində elektromaqnit üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. Onun tədqiqatları əsasında sualtı obyektlərə nəzarət və tədqiq üçün nəzərdə tutulmuş telemetrik, çoxfunksiyalı, hidroakustik kompleks aparat yaradılıb. 1991-ci ildə Arif Paşayev “Avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsində kompleks işlərə görə” Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

Onun elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. Alim yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaradıb. Uzun illər ərzində zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olub. Bütün bunlar akademik Arif Paşayevin elmi nailiyyətlərinin heç də hamısı deyil. O, 600-dən çox elmi əsərin, 60-dan artıq kitabın, monoqrafiyanın müəllifidir. Həmçinin 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri alıb. “SSRİ-nin ixtiraçısı” medalı, akademik Y.Məmmədəliyev adına medal və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalı ilə təltif olunub. “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olan Arif müəllim “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə mükafatlandırılıb, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ona “Qızıl medal” verib.

Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev Əməkdar elm xadimi adına, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenlərinə layiq görülüb.

Görkəmli alim ömrünün uzun illərini gələcəyin intellektual elmi elitasını yetişdirməyə həsr edib. Onun rəhbərliyi ilə çoxsaylı namizədlik dissertasiyaları müdafiə olunub. O, eyni zamanda, Rusiya, Ukrayna, Latviya, Estoniya və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış edib.

Akademik Arif Paşayevin fəaliyyətinin böyük bir dövrü milli aviasiyanın təşəkkülü və inkişafı ilə bağlıdır. O, Milli Aviasiya Akademiyasına 27 ildir uğurla rəhbərlik edir. Burada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni ixtisasların tədrisinə başlanılıb. Akademiya mülki aviasiyanın bütün istiqamətlər üzrə yüksəkixtisaslı milli kadrlarla təmin edilməsində misilsiz rol oynayır.

Bu nüfuzlu təhsil və elm ocağının fəaliyyətinin əsas istiqamətlərindən biri də müasir dövrümüzdə xüsusi aktuallıq kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsində tətbiq olunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasıdır.

Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərcik salınıb. Tədris prosesinin modernləşdirilməsi, sağlam elmi-pedaqoji mühitin yaradılması, akademiyaya yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması Arif Paşayevin əsas iş prinsipləridir. Xalq şairi Nəriman Həsənzadənin dediyi kimi, akademik Arif Paşayev “içində intibah gəzdirən insandır. Onu müəllimlər də, tələbələr də sevirlər”.

Arif müəllimin bir rektor, pedaqoq və alim kimi öz yetirmələri ilə fəxr etməyə tam haqqı var, çünki akademiyanı belə bir yüksək səviyyəyə məhz o çatdırıb. Milli Aviasiya Akademiyasında yerləşən Pilotların Hazırlıq Mərkəzi Azərbaycan mülki aviasiyası kadrlarının hazırlanması üçün əsas baza hesab olunur. Bu və digər nailiyyətlərinə görə, akademiya Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülüb və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilib.

Onun rəhbərlik etdiyi digər təhsil ocağı - Azərbaycan Mühəndislik Akademiyası isə “Azərbaycan Hava Yolları” (AZAL) QSC ilə birgə aviasiya sahəsində kadrların peşəkarlıq səviyyəsinin inkişafı və təkmilləşdirilməsi, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində fəal iş aparır. Akademiyada gənc alimlər üçün “Aviakosmos” istiqaməti üzrə hər il seminarlar, məktəblər təşkil edilir. Digər bir istiqamət isə qeyri-neft sənayesinin inkişafına, aqrar sektorun sənayeləşməsinə töhfə verməkdir.

Arif Paşayevi fərqləndirən daha hansı keyfiyyətləri var?

Akademik Akif Əlizadə deyir: “Arif müəllim hər bir əməkdaşa fərdi yanaşmağı bacarır. Onun başqalarının uğurlarına sevinmə qabiliyyəti, qayğılarına şərik olma xüsusiyyəti göz qabağındadır. Arif Paşayevin çoxillik həyat təcrübəsi və cəmiyyətdə baş verən proseslərə məsuliyyətli münasibəti ziyalılıq üçün bir nümunədir”.

Böyük ziyalı, daim axtarışda olan alimin elmi fəaliyyətinin, rəhbərlik etdiyi sahələrdə qazanılan uğurların fəlsəfəsindən danışarkən texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun bu sözləri yada düşür: “O, daim həqiqət axtarışında olan narahat insan idrakının nüvəsi kimi ideya və fikirlərin generatorudur. Məhz onun ötürdüyü impulslar insanı ona məlum olmayan və ya az məlum olan aləmə ehtirasla baş vurmağa təhrik edir. O aləmin dərinliklərinə irəlilədikcə, insan durmadan onu yaradıcılığa təhrik edən fəlsəfi fikrin istiqamətlərini müəyyənləşdirməyə çalışır, tədqiqatlar nəticəsində əldə etdiyi məlumatların bazasında əvvəlcə düşüncələrini ehtiva edən “həqiqət necə olmalıdır” nəzəriyyəsini yaradır, sonra isə saysız-hesabsız eksperimentlər vasitəsilə riyazi, fiziki və digər hesablamalar apararaq düsturlarla zənginləşdirir, nəhayət, bir qədər əvvəl ona dərkedilməz, mümkünsüz görünən həqiqəti tapır”.

Azərbaycan elmini dünya səviyyəsində layiqincə təmsil edən akademik Arif Paşayev vətənpərvər, xeyirxah, mehriban, təvazökar insandır. Onun vətənpərvərliyi elmi, pedaqoji və təşkilatçılıq fəaliyyətində hər zaman özünü göstərib və göstərir.

Arif Paşayev həm də gözəl ailə başçısıdır. Atası Mir Cəlal Paşayevin “Mənim ən böyük əsərim ailəmdir” - fikri Arif müəllimin ailəsinin timsalında da öz təcəssümünü tapıb. O, Vətəni və xalqı üçün dəyərli övladlar yetişdirib. Bu ailədə doğulub boya-başa çatan Mehriban Əliyeva Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidentidir. Ailənin digər övladı Nərgiz Paşayeva isə həyatını elmə həsr edib: M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video