17 Aprel 2024 09:30
142
CƏMİYYƏT
A- A+

Ömrün əbədiyyət anı

 

Qəhrəmanlıq məfhumu əsrləri yola salmış qos-qoca tarix üçün yenilik deyil. Qəhrəmanlar və qəhrəmanlıq zaman-zaman insanların maraq dairəsində olmuş, daim onları heyrətləndirib özünə cəlb etmişdi. Döyüşlərdə qəhrəmanlıq göstərmək, igidliyi və cəsarəti ilə tarixə iz salmaq hamının arzusu olmuşdur. Çünki qəhrəmanlıq ömrün əbədiyyət anıdır. Daim qalandır, daim yaşayandır. Bəlkə də elə buna görə də tarixin səhifələri qanlı döyüş meydanlarında hünər və cəsarət göstərərək böyük şöhrət qazanmış igid cəngavərlərin adları ilə doludur. 
Zaman-zaman saysız-hesabsız müharibələrin yazıldığı tarix günümüzə qədər qəhrəmanlıqlara, qəhrəmanlara çox şahidlik edib və yəqin ki, bundan sonra da belə olacaq. Ataların, babaların qəhrəmanlıq yolunu övladları, nəvələri həmişə uğurla davam etdirəcəklər.
Qəhrəmanlıq və müharibə sözlərini dilimizə gətirəndə özümüzdən asılı olmadan gözlərimiz önünə daim insanların ölüb-öldürdükləri hərb meydanları, qanlı döyüş səhnələri gəlir. Sanki həmin vaxtlar möcüzə baş verir, bir anlıq canlı-canlı tarixə bağlanırıq, uzaq keçmişlərə dönürük. Həmin anlarda bir-birini üstələməyə can atan cəngavərlərin hənirtisini duyur, odlu nəfəsini hiss edir, şir kimi düşmən üstünə şığıyan igidlərin qulaq batıran nərəsini, atəş səslərini, top gurultusunu eşidirik. Tarixin dərinliyindən gələn və bir-birinə həmahəng olan, bir-birini tamamlayan bu səslər daim bizi qəhrəmanlığa, igidliyə çağırır. Kəsilmək bilməyən hayqırtılar, gurlayan səslər gücümüzü, qüvvətimizi daha da artırır. Bütün bunlar təkcə damarlarımızdan axan qanı coşdurmur, o həm də ovqatımıza ovqat qatır, bizi qələbələrə ruhlandırır.
Qəhrəmanlar hələ sağ vaxtlarında ətraflarındakı insanlar tərəfindən hörmətlə qarşılanıb, qayğı ilə əhatə olunublar. Dünyadan köçəndən sonra isə ehtiramla anılıb, hörmətlə yad ediliblər. İgidlərimiz torpaqlarımızın azadlığı uğrunda gedən savaşlarda da qəhrəmanlıq göstəriblər, qələbələrə, zəfərlərə can atıblar. Torpaq və Vətən uğrunda gedən qanlı döyüşlərdə şücaət göstərərək ad çıxarıblar, şöhrət qazanıblar. Hünərləri ilə düşmən üzərində zəfər çalaraq şərəf dolu tarix yazıblar. Elə bir tarix ki, zaman-zaman onlara başucalığı gətirib. Elə bir tarix ki, onunla yalnız fəxr etmək və qürur duymaq olar. Elə bir tarix ki, daim onları səhifələrində saxlayaraq vəsf edəcəklər... 
Ədəbiyyatın şah əsərləri sayılan və daim oxucu sevgisi qazanan qəhrəmanlıq dastanları həmişə sirli-sehirli cazibəsi ilə bizi özünə çəkib. Dastanları mütaliə etdikcə özümüzü qəhrəmanların sırasında, qəhrəmanlığın zirvəsində hiss edir, həyatımız boyu cəsarətdə, hünərdə oxuduğumuz əsərlərdə təsvir olunan igidlərə oxşamağa çalışırıq. 
Oxuduğumuz bu dastanlardan doğan ülvi duyğular daim bizi igidliyə, cəsarətə səsləyir, böyük qələbələrə həvəsləndirir.
 İnsan təbiəti belədir, o, yaranışından qəhrəmanlıq göstərməyə, xarüqələr yaratmağa köklənib. Bu da təbiidir. Çünki insan dünyaya pis əməllər üçün deyil, qürurla yaşamaq, qurub-yaratmaq, xeyirxah işlər görmək və qəhrəmanlıq göstərmək üçün doğulub. Yaşananlar göstərir ki, insan üzərinə düşən tarixi missiyanı bu gün də uğurla davam etdirir.
Təkcə insanlar deyil, elə əsrlərin arxasını yerə vurmuş qoca tarix özü də qəhrəmanları sevərək onlara qoynunun ən mübhəm qatlarında yer verib. Ötən çağların tarixini özündə yaşadan qalın-qalın kitabları üzü geriyə vərəqlədikcə igidlik və şücaət göstərmiş qəhrəmanların qürur duyulan döyüş yolları ilə daha da yaxından tanış oluruq. Bu tanışlıq təsirsiz və izsiz ötüşmür. Yaddaşımıza hopan bu tanışlıq ruhumuza nur çiləyir, ovqatımıza rəng qatır, qürur və iftixarımızı artırdıqca artırır. 
Qəhrəmanların həyat və döyüş yolları ilə yaxından tanış olduqca onların qarşılarında ehtiramla baş əyir, xatirələrini hörmətlə yad edirik. Yaşadığımız ömrün bütün pillələrində, bütün illərində və dönəmlərində bu qəhrəmanlardan nümunə götürməyə çalışırıq. Ürəklərimiz onların döyüş yollarını şərəf və ləyaqətlə davam etdirmək istəyi və amalı ilə döyünür. Bunu bizə yaşanmış və tarixin qanla yazılmış şərəf və şan dolu səhifələri diktə edir. Bunu bizə əcdadlarımızın məğlubedilməz qəhrəmanlıq ruhu deyir. Bunu bizə gözəl anlarını yaşadığımız zaman pıçıldayır.   
Xalqımız  "Vətən" deyib döyüşlərə atılan oğullarının qəhrəmanlığını və şücaətini heç vaxt yaddan çıxarmır. Daim onları xatırlayır, adlarını hörmətlə anır. İgidlərin şərəfinə mahnılar qoşur, dastanlar yazır, abidələr ucaldır. Böyüməkdə olan nəsillər isə zaman-zaman igidliyi, cəsarəti onlardan öyrənirlər. Qəhrəmanların adları da əbədiləşdirilir. Bu gün bir çox orta məktəb, küçə və prospekt onların adlarını daşıyır. İllər, əsrlər keçsə də, qəhrəmanlar heç vaxt unudulmur və heç vaxt da unudulmayacaq.  Dünya durduqca qəhrəmanlar da, qəhrəmanlıq da yaşayacaq. Ömrün əbədiyyət anı kimi əbədi qalacaq!

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video