24 Oktyabr 2023 10:30
14097
CƏMİYYƏT
A- A+
Ölümüzün acısını yaşayaq, yoxsa ehsan dərdi çəkək?

Ölümüzün acısını yaşayaq, yoxsa ehsan dərdi çəkək?

 

Lüzumsuz yas adətlərindən qurtulmaq üçün Azərbaycan cəmiyyəti bu vacib suala cavab tapmalıdır

 

"Atam rəhmətə getmişdi, amma itkinin ağrısını ancaq "yeddi" mərasimindən sonra yaşaya bildim. Çünki bu müddət ərzində rəhmətə gedən atamı ağlamaq əvəzinə dəfnin, "üç", "yeddi" mərasimləri zamanı verəcəyim ehsanların xərclərini necə ödəyəcəyimi düşünürdüm. İmkanım yaxşı olmasa da, borc-xərc pul tapıb ehsanları verdim. İndidən də il mərasiminə hazırlaşıram. Xeyli borca girmişəm. Bilirsiniz, istəsək də, istəməsək də, hamımız yasa gələn insanlara ehsan süfrələri açırıq, yemək veririk, axı eldən ayıbdır..."
Bu, doğması rəhmətə gedən və ona el adətincə yas vermək üçün borca girən, dəbdəbəli süfrə açmağa məcbur olan sadə bir azərbaycanlının fikirləridir. Əminik ki, ölkəmizdə eyni vəziyyətlə üzləşən minlərlə, on minlərlə insan var.
Və o da reallıqdır ki, cəmiyyətimizin tam əksəriyyəti böyük xərclər çəkilərək ehsan süfrələrinin açılmasının əleyhinədir. Amma illərdir oturuşmuş tabuları yıxmağı, cəmiyyətin təpkisinə qarşı gəlməyi də çox az adam gözə alır. Tək-tük adam olur ki, ya ehsana xərcləyəcəyi pulu xeyriyyəçilik qurumlarına bəxş edir, ya da ümumiyyətlə, yas mərasimində yemək süfrəsi açmır.  

 

Yas mərasimlərinin də öz biznesi var

 

Xeyli müddətdir ölkədə yas mərasimlərinin biznesi də formalaşıb, yəni bu sahə əməlli-başlı qazanc yerinə çevrilib. Bu işlə məşğul olan şəxslər mərasimlərin  dəbdəbəli keçirilməsi üçün yas sahiblərinə yüksəksəviyyəli xidmətlər təklif edirlər. 
Məsələn, kirayə yas çadırlarının elanlarına nəzər saldıqda görürük ki, burada VIp və sadə çadırların qurulması, sifarişə uyğun ehsan süfrəsinin açılması, ofisiant, çayçı, qabyuyan, aşpaz, qab-qacaq, stol-stul, samovar və dəfn maşını təklif olunur. 
Bu günlərdə Binə qəsəbəsində yası düşən Sevil xanım deyir ki, "yeddi" mərasimində qab-qacaq, stol-stulla birlikdə kirayələdikləri çadıra 450 manat ödəyiblər. Yeməyi özləri veriblər, lakin aşpaza 150, qabyuyana 30, məclisi idarə edən qadın mollaya isə 50 manat ödəyiblər.  
Bakıda xeyli sayda mərasim evi də fəaliyyət göstərir. Hətta son illərdə bəzi şadlıq sarayları mərasim evi kimi fəaliyyət göstərməyə başlayıb. 
Mərasim evlərində ehsan verməyin yas sahiblərinə neçəyə başa gəldiyini öyrənmək üçün kiçik araşdırma apardıq. Məlum oldu ki, göstərdiyi xidmətə görə hər mərasim evinin öz qiyməti var. 
Məsələn, "Zəm-zəm" mərasim evində 100-150 nəfərlik məclis üçün yas sahibi 16 manatdan xidmət haqqı ödəməli olur. İstəyə görə, ya aş, ya da buğlama verilir. Məclisi idarə edən mollaya əlavə 50 manat ödənilir. 
Əgər yas sahibi 500-600 nəfərlik ehsan verirsə, bu zaman mərasim evi qiymətdə müəyyən endirimlər edir.  
"Hicaz" mərasim evində 150 nəfərlik məclis üçün, əgər yas sahibi qaralı aş verəcəksə, 13 manat, bozbaş verəcəksə 14 manat ödəməli olur. Molla üçün də ayrıca 60 manat verilir.   
Təzə pir məscidində isə saydan asılı olmayaraq, qiymət standart - 15 manatdır. Bu məbləğə bir növ yemək - qaralı aş daxildir. Amma ehsana əlavə yeməklər daxil edildikdə, bu zaman qiymət hər yemək üçün 3 manat artırılır. Mollaya isə əlavə olaraq 50 manat ödənilir. 
Bu yaxınlarda Təzə pir məscidində qaynanasına "üç" mərasimi verən Gülnaz xanımın sözlərinə görə, menyuya qaralı aşdan başqa, "fisincan" plov da əlavə etdikləri üçün 18 manat ödəyiblər: "Menyuda yarpaq dolması, "səbzi" plov da təklif olunurdu.  Bizə saat 10-dan təxminən 13-30-a qədər müddət verildi ki məclisimizi keçirək. Çünki 14.00-dan etibarən yas verdiyimiz zalda başqa ehsan mərasimi olacaqdı. Sadəcə "üç" mərasimi üçün xeyli xərc çəkdik, hələ qarşıda "cümə axşamları", "qırx", "il" kimi məclislərimiz də var. Onları da "qaydasında" verməyə məcburuq, çünki bu, adətimizdir..."   

 

Məhəmməd Peyğəmbərin ehsanı necə verilib?

 

Bəs demək olar ki, hər kəsin gileyləndiyi, amma heç kəsin boyun qaçıra bilmədiyi bu dəbdəbəli yas mərasimlərindən necə qurtulaq?
Dini baxımdan da əhəmiyyətli olan bu məsələnin, əslində, islam qaydalarına uyğun olub-olmaması suallar yaradır. 
Görəsən bugünkü yas məclislərindəki israfçılıq dinimizin buyruqlarına, islamın hökmlərinə uyğundurmu? Ümumiyyətlə, Məhəmməd Peyğəmbərin dövründə ehsan verilmə qaydası necə olub və peyğəmbərin özünün, əshabələrinin ehsanı necə verilib?
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyir ki, insanların cəmiyyətin xeyri naminə etdikləri bütün yaxşılıqlar "ehsan" adlandırılır. 
Konkret olaraq yaslarda ehsan verilməsi adətinə gəlincə, Aqil Şirinov söyləyir ki, Məhəmməd Peyğəmbərin dövründəki yas adətlərinə diqqət etdikdə  görünür ki, həmin zaman bu gün yaslarda mövcud olan bir çox adət, məsələn, yemək verilməsi mövcud  olmamışdır: "O dövrdə yas sahibi özü yemək verməz, əksinə, yası düşən ailəyə qohum-əqraba, qonşular  yemək apararmışlar. Bir misal çəkim, Həzrət Əlinin qardaşı Cəfər Təyyarın, - o həm də Peyğəmbərimizin əmisi oğlu olub, Mütə döyüşündə şəhid olmuşdu, -  nəşi dəfn  olunduqdan sonra Məhəmməd Peyğəmbər öz yaxınlarına "Cəfərin ailəsinə yemək hazırlayıb aparın, çünki onların başına müsibət gəlib" demişdir. Və üç gün ərzində həmin ailəyə yaxınları yemək aparıb vermişdilər, yəni yaslı ailə özü yemək bişirməmişdi". 

 

Hətta imkansız insanlar kredit götürərək yaxınlarına ehsan verirlər

 

Aqil Şirinovun sözlərinə görə, tədqiqatlardan da məlum olur ki, yası düşən ailələrə yaxınları tərəfindən yemək aparılması Peyğəmbərimiz dövründən etibarən bir qayda halına gəlmiş və şəriət kitablarında da üç gün müddətində ölən şəxsin ailəsinə yemək göndərmək "müstəhəb", yəni bəyənilən əməl sayılıb: "Amma yası düşənin evində nəsə yemək "məkruh", yəni bəyənilməyən əməl hesab edilib. Bu da onu göstərir ki, Peyğəmbərimiz dövründəki yaslarda bu gün ev sahibləri tərəfindən verilən təmtəraqlı ehsan olmayıb". 
Tarixi mənbələrdə Məhəmməd Peyğəmbərin, həmçinin onun əhli-beyti və səhabələrinin vəfatı zamanı ehsan verildiyinə dair hansısa  məlumata rast gəlinmədiyini qeyd edən Aqil Şirinov bildirir ki, bununla bağlı nə "Qurani-Kərim"də, nə də Peyğəmbərimizin hədislərində hansısa əmrə rast gəlinir: "Bu gün yas mərasimlərində mövcud olan israfçılığın dinimizlə heç bir əlaqəsi yoxdur və bu, bəyənilməmişdir. İslam dininin israfçılığa qarşı çıxması ilə bağlı "Qurani-Kərim"də xeyli ayələr mövcuddur, bu məsələ Peyğəmbərimizin hədislərində də öz əksini tapıb". 
Rektor vurğulayır ki, əslində, insanlar ehsan adı altında əziyyət çəkirlər: "Hətta mətbuatda çıxan xəbərlərdən oxuyuruq ki, imkansız insanlar kredit götürərək yaxınlarına ehsan verməyə çalışırlar. Onların bu cür əziyyət çəkməyi doğru deyil və dinimiz tərəfindən də xoş qarşılanmır". 
Aqil Şirinov son dövrlər ölkəmizin bəzi bölgələrində artıq bu ənənənin yığışdırıldığını və bunu müsbət hal kimi dəyərləndirdiyini söyləyir: "Yəni insanların "üç", "yeddi", "qırx", "il" mərasimlərində böyük məsrəflər çəkərək ehsan vermələri adəti bəzi bölgələrdə yığışdırılıb. Gələn insanlara yalnız çay verirlər və onlar da yas sahiblərinə hüznlərini bildirib gedirlər. Düşünürəm ki, bu müsbət ənənəni ölkənin hər tərəfində yaymaq və insanları buna təşviq etmək lazımdır". 

 

Şöhrətpərəstlik buna imkan vermir 

 

Yaslarda təmtəraqlı ehsan verilməsinin kökündən həll edilə bilinəsi məsələ olmadığını deyən deputat Fazil Mustafanın fikrincə isə, insanlarımızın özü bu adətləri dəyişməkdə maraqlı deyillər.
COVID-19 pandemiyası zamanı israfçı toy və yas adətlərindən qurtulmaq üçün yaxşı fürsət yarandığını vurğulayan Fazil Mustafa bildirir ki, həmin dövrdə insanlar bu lazımsız adətlərdən uzaq oldular, lakin təəssüf ki, bu hal uzun sürmədi: "Yenidən insanlarımız əvvəlki israfçı toy və yas adətlərinə qayıtdılar. Bu, olduqca narahatedici məsələlərdən biridir. Çünki bizdə israfçılığın ən böyük sahəsi toy və yas məclisləridir. Bu həm də insanların özlərini sıxıntıya salmaları, əziyyətdir. Buna baxmayaraq, şöhrətpərəstlik imkan vermir ki, insanlar bu halı yüngülləşdirsinlər". 
Deputat söyləyir ki, digər tərəfdən toy və yas mərasimləri üçün infrastrukturlar da elə qurulub ki, o yerlərdə mütləq müəyyən vəsait xərcləməli olursan. Yəni yeməksiz məclislərin verilməsinə bir çox mərasim evi maraq göstərmir. Buna maraq göstərən mərasim evlərində də vətəndaşlar məclis  keçirmirlər: "Ona görə də belə bir təzadın içindəyik. Bu məsələlər mütləq gündəmə gətirilməlidir".
Fazil Mustafanın sözlərinə görə, islam dinində olmayan "üç", "yeddi", "qırx" və sair kimi mərasimləri yalnız Azərbaycanda qeyd edirlər: "Ümumiyyətlə, belə mərasimlər islam dünyası deyilən mənbə ölkələrin heç birində yoxdur, amma onların hamısı Azərbaycanda qeyd edilir, istinad da edirlər ki, bu, adətimizdir". 
"Əgər bu adətlər lüzumsuzdursa, onları niyə yaşatmalıyıq?!" deyə ritorik sual edən  deputat deyir ki, insanların işini yüngülləşdirmək lazımdır: "Qoy insanlar öz ölüsünün hüznünü yaşasın, müəyyən problemlərini həll etsin. Əslində, cəmiyyətimizdə hər kəs bu prosesin iştirakçısına çevrilir, hamı bu problemi öz-özlüyündə yaşayır". 
Fazil Mustafa eyni zamanda toylarda da bu tədbirlərin yüngülləşdirilməməsinin insanların özünə ziyan vurduğunu qeyd edir: "İnsan birgünlük özünü heç nə olmayıbmış kimi aparır ki, güya hər şey əladır, bir gün sevinir. Amma ondan sonra bir, iki il onun yükündən qurtula bilmir. Bu baxımdan həmin adətləri dəyişmək mümkün deyil". 
Deputat vurğulayır ki, sadəcə ayrı-ayrı nümunələr təqdir olunmalıdır ki, insanlar da baxıb öz mərasimlərini yüngül formada, sıxıntısız keçirsinlər: "Yaxşı nümunələr artdıqca əvvəl-axır digər insanlar da ona doğru meyillənəcəklər. Budur çıxış yolu. Başqa hansısa bir çıxış yolu axtarmağın özü də əbəsdir". 

 

"İnsanları inzibati yollarla nəyəsə məcbur etmək olmaz"

 

Bəs  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimlərinin hazırkı formada keçirilməsi ilə bağlı hansı mövqeyə malikdir? 
"Azərbaycan" qəzetinin ünvanladığı sualları cavablandıran komitənin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova məlumat verir ki, yas mərasimlərinin keçirilməsi qaydalarının sadələşdirilməsi, mərasim zamanı israfçılığa yol verilməməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə gündəmə gətirilib, bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsi ayrıca fətva ilə çıxış edərək, mərasimlərin israfdan uzaq, islam dininə uyğun keçirilməsini tövsiyə etmişdir: "Mövqeyimiz ondan ibarətdir ki, insanları hansısa inzibati yollarla nəyəsə məcbur etmək olmaz. Bizim çağırışımız tövsiyə xarakterlidir. Tövsiyə edirik ki, israfdan yayınsınlar, dinimiz də israfı birmənalı olaraq pisləyir. Müqəddəs kitabımız Quranda da israf Allahın sevmədiyi əməl kimi qeyd olunur. İnsanlarımız da bu tövsiyənin mahiyyətinə varıb, islama zidd davranışlardan çəkinməlidirlər". 
Elnarə Kərimova bildirir ki, yas mərasimləri insan övladının özü qədər qədim tarixə malikdir. Bu mərasim dünyada bilinən bütün mədəniyyətlərin ümumi rituallarından biridir. Böyük fəlakətlər, məğlubiyyətlər, ölümlər nəticəsində insanlar davranışlarıyla, sözləriylə öz kədərlərini bu mərasimlərdə ifadə etməyə çalışmışlar: "Həmin ayinlər zaman keçdikcə cəmiyyətdə riayət edilməsi vacib olan qayda halına gəlmişdir. Beləliklə də, bəşər sivilizasiyasının inkişaf tarixi boyunca dünyanın müxtəlif xalqlarının həyatında yas mərasimləri adət-ənənəyə çevrilmişdir. Adət-ənənəyə çevrilmiş mərasimlərdə hansısa bir qadağadan söhbət gedə bilməz, yalnız təbliğat, tövsiyələr yolu ilə bu məsələlər həll edilə bilər. Vətəndaşlarımız da özləri bu işdə nümunə olmaqla mərasimlərdəki israfçılıq hallarını aradan qaldıra bilərlər".

 

Bütün dini icmalara, xüsusilə din xadimlərinə təbliğat işi aparmaları tövsiyə edilib

 

Dini təhsil şöbəsinin müdiri qeyd edir ki, təmsil etdiyi qurum tərəfindən bütün dini icmalara, xüsusilə din xadimlərinə istər məsciddə, istərsə yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün çağırış etmələri, həmçinin bunun dinimizdə yeri haqqında geniş təbliğat işi aparmaları tövsiyə edilib. Onlar da öz növbələrində məsciddə ikən xütbə və moizələrində, həmçinin dəvət olunduqları mərasimlərdə bu mövzuya geniş yer ayırırlar və insanlara israfçılıqdan yayınmaları üçün tövsiyələr verirlər. 
Elnarə Kərimova məlumat verir ki, komitə Bakıda, eləcə də bölgələrdə keçirdiyi maarifləndirmə tədbirlərində qeyd olunan məsələyə xüsusi yer verir. Bütün bölgələrdə bu istiqamətdə maarifləndirici görüşlər keçirilir, bu sahənin mütəxəssisləri, xüsusilə ilahiyyatçıların iştirakı ilə cəmiyyətimizin maariflənməsi istiqamətində işlər görülür. Eyni zamanda televiziya kanallarında yayımlanan dini verilişlərdə bu mövzuya toxunulur və insanlara yas mərasimlərində israfçılıqdan uzaq olmaları məsləhət görülür: "Dövlət Komitəsi məsələ ilə bağlı dəfələrlə çağırışlar edib, tövsiyələr verib, mətbuatda geniş açıqlamalar yayımlayıb və maarifləndirici tədbirlərində bu mövzuya daim yer verib. Təbii ki, bundan sonra da yas mərasimləri ilə bağlı məsələ bizim üçün aktual olaraq qalır".
Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə ünvanladığımız suallara adıçəkilən qurumdan heç bir cavab verilmədi... 

 

Bəlkə, hər kəs öz ailəsindən, kəndindən başlasın... Mahmudkəndlilər kimi...

 

Sözsüz ki, yas mərasimlərində yol verilən israfçılıqla bağlı mövzu Azərbaycanda ilk dəfə gündəmə gətirilmir. Bununla bağlı jurnalist həmkarlarımız dönə-dönə tənqidi materiallar hazırlayıblar. Hətta əlaqədar qurumlar tərəfindən bu məsələlərin gündəmə gətirilməsinə baxmayaraq, problemin həlli üçün ortada heç bir konkret səy, təşəbbüs yoxdur. Problem qaldırılır və dərhal unudulur... 
Bəs nə etmək lazımdır? Bəlkə də elə yas mərasimlərindəki lüzumsuz adətlərdən qurtulmaq üçün öz ailəmizdən, kəndimizdən başlamalıyıq?
Elə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Mahmudkənd kəndinin əhalisi kimi. Belə ki, Mahmudkənd sakinləri birgə qərarları sayəsində 2023-cü il sentyabrın 10-dan etibarən yas mərasimlərində "üç", "yeddi", "qırx" və "il" ehsanlarının verilməsini ləğv ediblər. Kənd camaatı onu da elan edib ki, hər hansı şəxs bu qərarı pozarsa, həmin mərasimdə heç kim iştirak etməyəcək...

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub  

22:25
01 Dekabr

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib  

22:22
01 Dekabr

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər  

22:20
01 Dekabr

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  

19:41
01 Dekabr

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

16:19
01 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

16:07
01 Dekabr

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

16:03
01 Dekabr

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

15:52
01 Dekabr

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

15:29
01 Dekabr

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib  

14:47
01 Dekabr

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq  

14:09
01 Dekabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:59
01 Dekabr

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb  

13:37
01 Dekabr

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə  

11:47
01 Dekabr

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO  

11:39
01 Dekabr

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

10:49
01 Dekabr

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

10:08
01 Dekabr

Dünyanı bürüyən mərəz 

08:50
01 Dekabr

Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

08:45
01 Dekabr

SES ən sərfəli alternativ enerji mənbəyidir

08:40
01 Dekabr

Gəncədə keçirilən əmək yarmarkasında 300-ə yaxın vakansiya təqdim olunub

08:35
01 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!