01 Mart 2022 00:44
1320
CƏMİYYƏT
A- A+
Ölümün üzərinə yeriyən qorxusuz komandir

Ölümün üzərinə yeriyən qorxusuz komandir

 

Daxili Qoşunların “Qarabağ” ordenli baş leytenantı Kamran Kazımov 30 yaşında 30 illik həsrətə son qoyan qəhrəmanlardan birinə çevrildi 

 

Neçə vaxtdır, qucağı körpəli bir yaşlı qadın hər gün pəncərə önündə durub həsrət dolu baxışlarını həyətdəki doqqaza dikir...

Saatlarla beləcə məlul-məhzun dayanıb kiminsə yolunu gözləyir...

Hərdən öz-özünə danışır, kiminsə adını çağırır, hərdən də süzülür gözlərinin yaşı...

Dağ çəkilmiş ürəyindən qaynayaraq kipriklərindən axan qaynar yaş damlaları, dərddən, kədərdən iz düşmüş sifəti aşağı düşərək sinəsini yandırır...

Qəlbini məngənə kimi sıxan ağrı-acıdan nəfəsi daralır, az qalır bağrı çatlasın...

Amma onun çarəsizliyini duymuş kimi, qucağındakı körpə pambıq kimi balaca barmaqlarını nənəsinin başına düydüyü qara yaylığın altından çıxan ağ saçlarına çəkərək gözlərinin içinə baxıb gülümsəyəndə elə bilir ki, sanki üzərindən dağ götürülür. Körpənin hərəkətləri onu illər əvvəlki xoşbəxt günlərinə aparır. Və o nəvəsini bağrına basaraq, “nənən qurban, ölüm qabağında, atan Kamran da belə edərdi...” deyir...

 

Balamın  qoxusunu balasından alıram...

 

O, şəhid anasıdır. Vətən yolunda şücaət göstərib canını qurban verən “Qarabağ” ordenli şəhid baş leytenant Kamran Kazımovun anası Elmira xanım. Ağrı-acısını içində çəkir, kədərinin yükünü dağ çəkilən ürəyində daşıyır. Danışdıqca yarası təzələnir, ağladıqca göz yaşı qurumur. Tək təsəllisi isə oğlunun Vətən uğrunda şəhid olması, bir də ona əmanət qoyub getdiyi övlad yadigarlarıdır...

- Ay bala, elə bilirsiz yaşayıram?! Yaşamıram...

Mən elə bilirdim ki, Kamrana bir şey olsa, yaşaya bilmərəm. Amma yaşayıram, əgər buna yaşamaq deyirlərsə...

Özümə ancaq ölüm arzulayıram. Kamranın qayıtmağını necə istəyirəmsə, ölümümü də o qədər arzulayıram.

Hər günüm belədi. Evdən bayıra çıxa bilmirəm. Elə bilirəm ki, qapıdan çıxsam, balam evə gələcək, onu görməyəcəm. Amma onu da bilirəm ki, gəlməyəcək. Şəhid tabutu həyətə gətiriləndə inanmadım. Dedim balamı görməsəm buraxmayacam. Hamı ayağıma düşüb yalvardı ki, şəhidin tabutu açılmaz. İndi anlayıram ki, bunu nədən deyirlər. Bəzi şəhid anaları danışarkən hələ də balalarının yolunu gözlədiklərini söyləyəndə bilirəm ki, oğullarının nəşini gözləri ilə görmədikləri üçün o ümidlə yaşayırlar. Amma mən dözmədim, tabutu açdırdım. Balamın gül üzünü gördüm və son dəfə qoxulayıb bağrıma basdım, əllərimlə dəfn etdim. Bunu bilə-bilə yenə də yolunu gözləyirəm, özümdən asılı deyil...

Ay oğul, övlad itirmək böyük dərddir. Özümə yer tapa bilmirəm. Mən Kamranı çox çətin dövrdə, çətin zamanda böyütdüm. Talonla çörək aldığımız zamanlar onu da özümlə növbələrə aparırdım. Saatlarla növbələrdə qalırdıq. Əzilirdik, qorxurduq, amma o boyda həyəcanın qarşısında 5-6 yaşlı uşaq mənə təskinlik verirdi: “Ana, qorxma, qorxma, mən burdayam”. Səhərlər məktəbə, sonra idmana, idmandan çıxıb məşğələyə gedirdi, hətta oynamağa belə vaxtı qalmırdı. Mən onu necə böyütdüm, Allah şahidimdir...

Bircə təsəllim Kamrandan bizə yadigar qalan nəvələrimdir. Heyif, bu körpəni qucağına ala bilmədi. Tanrı ona qız övladı verdi. Adını öz adına uyğunlaşdırıb Kamrana qoyduq. Üzünü görmədiyi, amma hər bir cizgisi, hərəkəti ilə onu xatırladan bu kiçik balası eynən özüdür. Gecələr yatağıma qor dolanda, yuxum ərşə çəkiləndə, gündüzlər bağrım alışıb-yananda bax, bu körpəni bağrıma basıb balamın  qoxusunu balasından alıram...

 

3 övladı qaldı

 

Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqdo vilayətinin Vaşhi rayonunda anadan olub. 1992-ci ilin iyul ayından ailəsi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. 1997-2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başlayıb, xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsində davam etdirib. 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək “leytenant” hərbi rütbəsi alan Kamran yenidən “N” saylı hərbi hissədə xidmətini davam etdirib. 2017-ci ilin noyabrınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib. Nümunəvi komandir və bir zabit kimi bilik və bacarığı sayəsində rəislərinin etimadını və tabeliyində olan şəxsi heyətin hörmətini qazanmağa müvəffəq olub. Hər zaman yüksək döyüş hazırlığı və qüsursuz xidməti ilə fərqlənən hərbi qulluqçu kimi 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Kamran Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib. Sonra Cəbrayılın azadlığı ugrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Kamran Kazımov oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

2020-ci il oktyabrın 6-da Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub. Evli idi. Xalqımıza Aydan, Kamrana (şəhadətindən 7 ay sonra dünyaya gəlib) adlı 2 qız və Ərtoğrul adlı oğul əmanəti qalıb.

Azərbaycan Prezidentinin sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xətai rayonunda qəhrəmanın adına küçə verilib...

 

Hərbçi ailəsi, idmançı, musiqiçi və əsl vətənpərvər

 

Kazımovlar ailəsi 1992-ci ilədək Rusiya Federasiyasında yaşayıblar. Ailənin başçısı Qurbanəli Kazımov Rusiyada hərbçi kimi çalışıb. Kamran 1990-cı ildə bu ölkədə anadan olub. Amma uşaqlıq illəri ölkəmizdə keçib. Hərbçi ailəsində böyüyüb. Atası Daxili Qoşunlarda polkovnik-leytenant rütbəsində xidmət edib. Elə hərbiyə marağı da uşaq vaxtlarından yaranıb. Atası Qurbanəli Kazımovun  yolunu davam etdirib. Amma nə anası, nə də atası onun hərbçi olmağını istəməyib, lakin oğullarının arzusuna qarşı da çıxmayıblar. Bunun necə baş verdiyini isə atası belə izah etdi:

- Hərbçi həyatı çox qəribə və maraqlı olur. Rusiyada hərbçi kimi çalışırdım. Vətənə qayıdıb ailə qurdum və yenə də Rusiyaya döndüm. 1990-cı ilin dekabrında Kamran dünyaya gəldi. Ölkəmizdə baş verən hadisələrdən sonra Azərbaycana qayıtmaq qərarı verdim. 1992-ci ildə Vətənə qayıdıb Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etməyə başladım. Kamrandan sonra iki övladımız Xəyalə və Orxan da dünyaya gəldi.

Onların tərbiyəsi, vətənpərvər böyümələri üçün anaları çox əziyyət çəkdi. Kamran evin böyük uşağı idi. O nə istəyirdisə, yerinə yetirirdik. İdmana marağı yarandı, karateyə yazdırdıq. Orta məktəbdə oxuduğu illərdə karate ilə məşğul oldu, 1-ci dan “Qara kəmər” ustası dərəcəsinədək yüksəldi. Bununla yanaşı, musiqi ilə həvəskar səviyyədə məşğul oldu və sintezatorda ifa etməyi bacardı. Fəal şagird kimi orta məktəbdə keçirilən tədbirlərdə, eləcə də ictimai işlərdə iştirak etdi və hər zaman da fərqləndi. Bütün bunların hamısını anasının köməyi ilə edirdi. Yəni dərs hazırlığı, idmana, musiqiyə getmək prosesini anası tənzimləyirdi.

Mən isə tez-tez onu hərbi hissəyə aparırdım. Əsgərlərlə görüşürdü. Kazarmalarına, yeməkxanalarına baxırdı. 3 yaşında “Azərbaycan əsgəri” mahnısını oxudu. Böyüdükcə hiss edirdim ki, hərbiyə marağı artır. Daxili Qoşunların hərbi hissələrində olarkən əsgərlərin xüsusi hazırlığı, idmana olan maraqları, səliqə-səhmanları, əsl hərbçi kimi yetişmələri Kamranın diqqətindən yayınmırdı.

2010-cu ildə həqiqi hərbi xidmətə yollandı. Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində xidmət keçdi. Mən həmin zaman Gəncədəki “N” saylı hərbi hissədə çalışırdım. Bir gün yanına getdim. Hərbi hissə komandiri dedi ki, Kamran xüsusi təyinatlı qüvvələrdə xidmət keçib və əsgərlikdən sonra da bu sahədə qalmaq istəyir. Etiraz etmədim və beləliklə də oğlum mənim yolumu davam etdirdi. Bir müddət “MAXE” kimi çalışdı. 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) daxil olub 2014-cü ildə bu təhsil ocağını bitirərək “leytenant” hərbi rütbəsi aldı. Çox sevinirdi, zabit olmuşdu axı... Vətən müharibəsinədək müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət etdi. “N” saylı hərbi hissədə “Kobra” şərti adını daşıyan xüsusi təyinatlı dəstə ilə təlimlərdə hər zaman fərqlənirdi. Oğlumla qürur duyurdum, fəxr edirdim. Nə biləydim ki, müharibə olacaq və oğlum Vətən uğrunda şəhadətə ucalacaq (kövrəlir, əlləri titrəyir, başını qaldırıb Kamranın divardakı şəklinə baxıb bir anlıq susur).

Anası Elmira xanım dərindən ah çəkib titrək səsi ilə danışmağa başlayır:

- Dünyaya oğul gətirdim. Ürəyimin oduyla, gözümün nuruyla, min əzab-əziyyətlə böyütdüm. Nə istədi onu da etdim. Tək hərbçi olmağını istəmirdim. Qorxurdum sanki. Ali təhsil alıb yaxşı bir işdə çalışmağını arzulayırdım...

Digər uşaqlarım hərdən deyirdilər ki, sənin bir uşağın var. Bizə ondan az qayğı göstərirsən. Bu da bir qismət imiş. Yəqin ki, bunu da Allah edirdi. Göstərirdi ki, bu balan dünyadan tez gedəcək, ona çox nəvaziş göstər. Onu çox incitməyin, xətrinə dəyməyin.

Müharibə başlayanda mənim heç bir narahatçılığım yox idi. Elə bilirdim ki, Kamran əvvəlki kimi təlimdədi, tezliklə qayıdıb gələcək. Nəinki şəhid olmasını, heç yaralanmasını belə təsəvvürümə gətirə bilmirdim.

İndi bir şeyə təəccüblənirəm. Şəhid anaları hərdən “zoom” proqramında bir-biri ilə danışırlar. Hamı şəhid övladının şəklini qoyub səhifəsinə. Baxıram o şəkillərə, deyirəm, ay Allah, bu nə möcüzədi, onların hamısı bir-birinə necə oxşayır, elə bilirsən ki, hamısını sən böyütmüsən. Sən öz balan haqqında ürəyində nə fikirləşirsənsə, digər analar da ondan danışırlar. Elə bilirsən ki, hamısı bir yerdə böyüyüb. Mənim balam da qəhrəman, vətənpərvər idi. Torpağa, Vətənə çox bağlı bir övlad kimi böyümüşdü.

 

Qol saatından gələn ətir iyi, atanın ürəyinə daman şəhidlik

 

Kamran Vətən müharibəsinə yollanmasını belə ailəsinə bildirməmişdi. Evə gəlib əşyalarını toplayaraq təlimə yollandığını deyərək gedib. Səhəri gün telefonla atasına zəng edib ailəsindən, uşaqlarından muğayat olmasını istəyib. Atası isə nə baş verdiyini soruşanda heç nə deməyib. Sabah tezdən Qurbanəli kişi televizoru açanda hər şey məlum olub:

- Sentyabrın 27-də səhər oyandıq ki, internet kəsilib. Bir xəbər almaq üçün televizoru yandırdım. Məlum oldu ki, düşmənin ərazilərimizə qəfil hücumu ilə Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı başlayıb. Başa düşdüm ki, Kamran da bizi qorxutmamaq üçün müharibənin başlandığını deməyib.

Tez-tez əlaqə saxlayırdı. Vəziyyətinin yaxşı olduğunu deyirdi. Gündə bir neçə dəqiqə danışırdıq. Heç gərginlikdən, qorxu hissindən söz açmırdı. Ancaq deyirdi ki, düşmən qabağımızda dayana bilmir, iti qovan kimi qovuruq.  

Elmira xanım söhbətə müdaxilə edərək deyir ki, Kamran ona tez-tez zəng edilməsini istəmirdi. Dediyinə görə, telefona zəng gələndə düşmən yerlərini müəyyən edə bilirmiş: “Biz də qorxumuzdan az-az zəng edirdik. İndi heyifsilənirəm. Bilsəydim ki, şəhid olacaq, tez-tez zəng edərdim, səsini eşidərdim. Bir gün zəng edəndə dedi ki, ana döyüş yoldaşım Tofiq Həsənov gözümün önündə vuruldu, şəhid oldu. Çox pis oldum, həm də küsdüm Kamrandan. Axı nədən mənə belə ağır xəbərlər verirdi? Sən demə, oğlum məni də belə vəziyyətə alışmağa hazırlayırmış...” 

Sonuncu dəfə oktyabrın 3-də əlaqə saxlayıb və atasına bir daha ailəsindən muğayat olmasını xahiş edib.

Kamranın şəhidlik zirvəsinə ucalması isə atası Qurbanəli kişinin ürəyinə sanki damıbmış: “Kamran anadan olandan bir-iki gün əvvəl çox günəşli hava vardı. Amma o, dünyaya gəldiyi gün çox soyuq, küləkli, qorxulu hava yarandı. Ailə qurduğu gündə də tufan qopdu, leysan yağdı. Şəhid olduğu günün səhəri tezdən çox pis hava vardı, yağış yağırdı. Süfrə başında oturub çay içirdim. Qızı Aydan gəlib pəncərədən baxmağa başladı. Birdən qayıdıb mənə dedi ki, baba, yağış yağır, yəqin atamgil indi yağışın altında qalıblar, üşüyürlər. Uşağın sözü məni yaman “tutdu”, qeyri-ixtiyari ağlamaq tutdu məni. Ürəyim yerindən çıxırdı. Anadan olduğu gün, toy günü və şəhid olduğu günlər bir-birinə bənzəyirdi...”

Polkovnik-leytenant oğlunun nəşini gətirmək üçün Füzuliyə yollanır. Kamranın telefonunu və qol saatını atasına verirlər. Elmira ana əlini atıb şkafdan sellofana bükülmüş Kamranın “komandir saatı”nı bizə göstərir: “Baxın, balamdan qalan bir də bu saatdır. Həmişə qolunda olardı. Vurduğu ətrin iyi hələ də saatda qalır. Palçıqlı-palçıqlı saxlayıram. Elə bilirəm ki, yuyub təmizləsəm balamın qoxusu gedər. Axı hərdən Kamranın ətrini, qoxusunu ondan alıram...”

 

Kod adı “Kobra”, düşmənə dağ çəkən xüsusi təyinatlı

 

İndi də DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı baş leytenantının döyüş yolundan bəhs edək. Yeri gəlmişkən, xüsusi olaraq vurğulamaq lazımdır ki, 44 gün davam edən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də əzmlə vuruşaraq düşmənə sarsıdıcı zərbələr endirib və əsl qəhrəmanlıq nümunələri göstərib. Vətən müharibəsi zamanı qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb və xəsarət alıb.

Daxili Qoşunların xüsusi təyinatlıları döyüş meydanlarında “dəmir yumruq”la erməni işğalçılarının başını əzərək, düşməni diz çökdürüb, şərəfli döyüş yolu keçiblər.

Valideynləri deyirlər ki, Kamranın döyüş yoldaşları, xilas etdiyi hərbçilər tez-tez onlara baş çəkirlər və oğullarının qəhrəmanlığından, şücaətindən danışırlar. Kamran haqqında eşitdikləri fikirlər ürəklərini dağa döndərir.

Baş leytenant Kamran Kazımovun döyüş yolu elə Vətən müharibəsinin ilk günündən - 2020-ci il sentyabrın 27-dən başlayıb. Bu tarixdən etibarən onunla birgə döyüşlərə qatılmış “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət edən qazi silahdaşları - çavuşlar Fərid Bağırlı və Ramiz Həsənov deyirlər ki, Kamran komandir olmaqla yanaşı, həm də əsl döyüşçü kimi cəsurluğunu və qorxmazlığını Murovdağ istiqamətində bir sıra strateji yüksəkliklərin azad olunması uğrunda başlayan ilk hərbi əməliyyatlarda göstərib. Gözündə heç bir qorxu hissi olmayan və hər zaman şəhid zirvəsinə ucalmağı arzulayan komandir vuruşmaqla yanaşı, şiddətli döyüşlərin gedişində irəli atılaraq neçə-neçə yaralı hərbi qulluqçumuzu ölümün çəngindən xilas edib və yenidən düşmənin başına od-alov yağdırıb.

Murovdağ istiqamətində döyüşlər başlayarkən Kamran savaş yoldaşı İbarət Qasımovla yanaşı irəliləyirmiş. Birdən mərmi gəlib onların arasına düşür və qismətdən partlamır. Kamran qayıdıb deyir ki, qardaş, bizə şəhidlik burda qismət deyilmiş. Deməli, hələ çox qabağa getməliyik.

Çavuş Fərid Bağırlı isə ölümdən qurtulduğu anı belə izah edib: “Düşmən dayanmadan atəş açırdı. Yaxınlığımıza düşən mərminin zərbə dalğası məni və yanımdakı əsgəri qayaya çırpdı. İkimiz də huşumuzu itirdik. Əvvəlcədən təxmin edirdik ki, bir neçə saniyəyə yenə də bu yerə mərmi düşəcək. Amma tərpənə bilmirdik. Birdən məni də, digər yoldaşı da kimsə boynumuzun arxasından tutub geri çəkdi və həmin anda oraya mərmi düşdü. Bizi xilas edən baş leytenant Kamran Kazımov idi”. 

Oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüş Kamranın sonuncu döyüşü olur. İştirakçısı olduğu bu hərbi əməliyyatlar barədə xatirələrini bölüşən qazi çavuş Ramiz Həsənov məhz cəsur komandirin rəhbərliyi altında qarşıya qoyulan bir çox döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirdiklərini deyir: “Bu döyüşdə baş leytenant Kazımov qrupun şəxsi heyəti ilə birgə düşmənin şəhər ətrafındakı yüksəkliklərdə yerləşən bir neçə strateji postunu ələ keçirərək, ermənilərin 38 nəfər canlı qüvvəsini, o cümlədən iki tankını, dörd topunu və biri sursat daşıyan iki avtomobilini məhv edib. Bundan qorxaraq “UAZ” markalı avtomobillə döyüş meydanını tərk edərək qaçan düşmənin yüksəkrütbəli komandirini və sürücüsünü baş leytenant Kamran Kazımov “Muxa” tipli qumbaraatanla cəhənnəmə vasil etdi. Təbii ki, bu məğlubiyyətlə barışmaq istəməyən və xeyli əlavə qüvvə toplayaraq yenidən hücuma keçən ermənilərin niyyətini yaxşı anlayan komandirimiz şəxsi heyət mühasirəyə düşməsin deyə, onlara geri çəkilməyi əmr etdi. Özü isə iki silahdaşımızla birgə atəş dəstəyi ilə düşmənin irəliləməsinin qarşısını aldı. Lakin şiddətli döyüşün gedişində ağır yaralanan cəsur komandirimiz, eləcə də onunla birgə vuruşan Daxili Qoşunların digər hərbi qulluqçusu - baş çavuş Vüqar Cəfərov və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Orxan Əlimuradov qəhrəmancasına şəhid oldular”.

 

Şəhid valideyni olmaq başucalığıdır

 

Qurbanəli Kazımov deyir ki, şəhid atası olmaq başucalığıdır. Kamran indi təkcə onun yox, həm də Vətənin övladıdır.

Doğrudan da, Vətən müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirərək düşmənə gözdağı verən, son damla qanınadək döyüşüb şəhidlik zirvəsinə ucalmış cəsur qəhrəmanlarımız hər birimizin başucalığıdır.

Bu gün Kazımovlar ailəsinin “Zabrat-1” qəsəbəsində yaşadığı mənzilin ən böyük otağı Kamrana məxsus xüsusi guşəyə çevrilib. Maraqlı kompozisiyanı hazırlayan atası Qurbanəli Kazımov oğlunun hər bir əşyasını bu guşəyə toplayıb.

Burada Kamrana aid nə istəsən görə bilərsən. Uşaqlıq illərinin şəkillərindən tutmuş, hərbi mundirləri, çəkmələri, medalları, istifadə etdiyi musiqi alətinədək var burada. Diqqətlə tamaşa etdikdə bir igidin ömür yolu canlanır göz önündə.

30 yaşında adını cəsur igidlər, ölməz qəhrəmanlar sırasına yazdıran Kamranın valideynləri ilə görüşüb dərdlərini bölüşdük. Dərd bölüşəndə azalır deyirlər. Bacardığımız qədər təskinlik verməyə çalışdıq. Amma anası Elmira xanımın gözü darvazadan çəkilmirdi yenə də...

Başınızı dik tutun, şəhid valideynləri... Sizin qəhrəman övladlarınız hər birimizin qürurumuzdur. Oğlunuz  savaş meydanından özü ilə sizlərə dünya boyda qürur gətirib. Ömrünüz boyu alnıaçıq, başıuca gəzib fəxr edəcəyiniz müqəddəs ad bağışlayıb - şəhid anası, şəhid atası!

Onların bu zirvəyə yüksəlməsini özünüz istəmədən etmisiniz. Vətənə, bayrağa sevgi şeirlərini söyləyəndə sevinə-sevinə fəxr etmisiniz. Onlar da sizi qürurlandırmaq üçün qəhrəmana çevriliblər. Əsgər olub Vətəni təkcə qorumayıblar, həm də uğrunda canlarını fəda ediblər. Xalqın 30 illik həsrətinə son qoyub şəhadət şərbətini içiblər. İndi bütün şəhidlərimizin ruhları şaddır. Çünki qanları yerdə qalmayıb və xalq şəhidlərini unutmur və Azərbaycan var olduqca şəhidlərimiz başucalığımız olacaq. 

 

Rəşad BAXŞƏLİYEV,

İlham BABAYEV (foto),

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!