30 Aprel 2024 08:40
252
SİYASƏT
A- A+

Ölkəmizin sülhə mühüm xidmətləri

 

Tarixi ədalət yerini tutur. Azərbaycan xalqı zəfər illərini yaşayır. 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğalçılardan azad edən Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı ilə Xankəndi, Xocalı və ətraf ərazilərdə təxribatlar törədən Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini və separatçıları məhv edərək ölkəmizin suverenliyini tam bərpa etdi.
Bu ilin aprelində ümumixalq sevincinə səbəb olan daha bir tarixi hadisə baş verdi. 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın işğalı altında qalmış Qazax rayonunun dörd kəndinin - Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının geri qaytarılması barədə razılığa gəlindi. Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ilə bağlı danışıqlar gedir.
Azərbaycanın suverenliyi bütün ölkə ərazisində bərpa olunduqdan sonra bölgədə Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə də ehtiyac qalmadı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılması müasir tariximizin daha bir unudulmaz səhifəsi oldu.
Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin də fəaliyyətinin dayanıdırılmasına qərar verildi. Aprelin 18-də Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılacağı barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yaydı. Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün prosesin Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirildiyi bildirildi.
Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin  bağlanış mərasimi aprelin 26-da keçirildi. Mərasimdə Azərbaycan Ordusunun, Türkiyə və Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti, həmçinin hər iki ölkənin respublikamızdakı səfirləri, hərbi qulluqçular və media nümayəndələri iştirak etdilər. Mərasimdə çıxış edən Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırdı.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-həmlə əməliyyatı keçirdiyini xatırlatdı: "Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən, atəşkəs rejiminə nail olundu və 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu. Türkiyə Respublikası və Rusiya Federasiyası arasında 2020-ci il noyabrın 11-də imzalanmış Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzi üç ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Birgə fəaliyyət nəticəsində Mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi".
Birgə Monitorinq Mərkəzinin Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəmədiyini vurğulayan general-polkovnik Kərim Vəliyev qeyd etdi ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu üzərində tam nəzarətinin bərqərar olunması məqsədilə ötən il sentyabrda keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı birləşmələri ölkə ərazisindən tamamilə çıxarıldı: "Bu səbəbdən Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir. Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin də ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb".
Baş verənlər yalnız Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın tarixində əlamətdar hadisələrdir. Ölkəmizin sülh yolunda atdığı qətiyyətli addımlar təqdir olunur. Aprelin 28-də dövlətimizin başçısı İlham Əliyevə zəng edən ABŞ Dövlət katibi Entoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırdı, bunun ABŞ tərəfindən təqdir edildiyini bildirdi. Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu dedi.
Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd etdi.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video