Uzun illərdən bəri dünya ölkələri arasında əlaqələr inkişaf etdikcə qəbul edilmiş konvensiya və digər sənədlərlə hüququn universal prinsiplərinin tətbiqi qlobal sabitliyə xidmət etməklə yanaşı, ümumbəşəri humanist dəyərləri əhəmiyyətli dərəcədə qoruma altına almışdır.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt, Müharibə qurbanlarının müdafiəsi haqqında konvensiyalar və digər bu kimi sazişlər yalnız beynəlxalq əlaqələr sistemini nizama salmamış, müxtəlif ölkələr tərəfindən tətbiq edilən hüquq üçün vahid mümkünlük meyarları formalaşdırmışdır.
Dünya birliyinin bu mütərəqqi təşəbbüslərinə daim xüsusi etina ilə yanaşan Azərbaycan Respublikası beynəlxalq hüququn etibarlı subyekti kimi üzərinə götürdüyü öhdəliklərin yüksəksəviyyəli icrasını təmin etmiş, milli qanunvericilik çərçivəsini bu standartlarla ahəngdar məzmunda müəyyənləşdirmişdir.
Ümummilli Lider Heydər Əliyevin diqqət yetirdiyi ən ümdə məsələlərdən biri kimi əsası qoyulmuş beynəlxalq aləmə inteqrasiya prosesində təşəbbüskarlıq və intensivlik meyilləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi hazırkı dövrdə daha da artmışdır.
2011-ci ildə müxtəlif ölkələrin 110-dan artıq ictimai xadiminin üzvü olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsi və həmin təşkilat tərəfindən mütəmadi keçirilən Qlobal Bakı Forumunun səmərəli fəaliyyəti, cari ildə sosial bərabərsizlik və iqlim dəyişmələri kimi problemlərə qarşı 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis edilməsi və digər bu kimi aparıcı təşəbbüslərlə ölkəmiz bu sahədə mühüm plasdarm kimi tanınmaqdadır.
Çağdaş Azərbaycan tarixi boyunca əldə edilən çoxsaylı nailiyyətlərin davamı olaraq təkcə ötən 2024-cü il ərzində Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 3-cü komitəsi tərəfindən 15 noyabr 2024-cü il tarixli "İtkin düşmüş şəxslər" adlı qətnamənin qəbul edilməsi, dənizaşırı ərazilərdə müstəmləkəçilik fəaliyyətinə qarşı mübarizə və fundamental insan haqları sırasına daxil olan qayıdış hüququnun təşviqi üzrə beynəlxalq təsisatlarla işin uğurla davam etdirilməsi kimi təşəbbüskarlıq nümunələri ölkəmizin hamılıqla tanınan ali dəyərlərə sadiqliyi ilə yanaşı, bu prinsiplərin fəal təəssübkeşi olmasının aydın təzahürüdür.
Bu sistemli fəaliyyətin məntiqi nəticəsi kimi 2024-cü ildə daha bir mötəbər tədbir - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Tərəf Dövlətlərin yekdil qərarı ilə (COP29) məhz ölkəmizdə keçirilmiş, paytaxt Bakı iqlim dəyişmələri üzrə qlobal problemlərin müzakirəsi üçün inklüziv mühit rolunu oynamaqla yanaşı, bəşəriyyətin işıqlı gələcəyi naminə rasional həllərin təqdim edildiyi tarixi anlara şahidlik etmişdir.
Qayəsində tərəqqi yönümlü məqsədlər duran bu beynəlxalq kursun arealı dövlət başçısının xüsusi diqqəti və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ardıcıl təşəbbüslərindən qaynaqlanan müntəzəm fəaliyyət sayəsində yalnız ictimai-siyasi sahəni deyil, sosial, iqtisadi, mədəni və digər mühüm istiqamətləri də əhatə etmişdir.
Beynəlxalq sferada mühüm əməkdaşlıq istiqamətlərindən biri də cinayətkarlığın transmilli təzahürlərinin artmaqda olduğu müasir dövrdə məhz bu sahədə xarici tərəfdaşlarla effektiv və səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasından ibarətdir.
Transmilli cinayətkarlığa qarşı mübarizədə Azərbaycan Respublikası Prokurorluğunun beynəlxalq təşəbbüsləri
Qeyd edilən mütərəqqi dövlət kursunun məntiqi davamı kimi Azərbaycan Respublikasının Prokurorluğu da cinayətkarlığın ölkə hüdudlarından kənar təhdidlərinə qarşı qanunvericilik çərçivəsində effektiv strategiya formalaşdırmışdır ki, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi onun ən önəmli komponentlərindəndir.
Belə ki, qanunla müəyyən edilmiş hallarda cinayət işinin başlanması və ibtidai istintaqın aparılmasından başlayaraq, ibtidai istintaq prosesual rəhbərlik, əməliyyat-axtarış və təhqiqat fəaliyyətinin qanuniliyinə nəzarət, məhkəmələrdə mülki və kommersiya iddialarının qaldırılması, dövlət ittihamının müdafiəsi, məhkəmə qərarlarından protestlərin verilməsi, eləcə də məhkəmə cəzalarının icrasında iştirak edilməsinədək bir sıra funksiyalar prokurorluğun fəaliyyət istiqamətləri sırasındadır.
Transmilli xarakterə malik cinayətkarlığa qarşı mübarizə, bu funksiyaların işləkliyi məhz beynəlxalq əməkdaşlığın effektivliyindən asılıdır. Təsadüfi deyildir ki, prokurorluq orqanlarının xarici ölkələrin hüquq-mühafizə orqanları və beynəlxalq təşkilatlarla yaratmış olduğu səmərəli əməkdaşlıq əlaqələri qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərinin müsbət həllinə də öz töhfəsini verməkdədir.
Hazırda qurum tərəfindən 30-dan artıq ölkə, habelə bir çox beynəlxalq və regional təşkilatlarla imzalanmış ikitərəfli və çoxtərəfli saziş, əməkdaşlıq proqramı və anlaşma memorandumlarının icrası çərçivəsində cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sorğularının daha operativ həllinə nail olunmuş, eləcə də xarici tərəfdaşlarla birgə keçirilmiş çoxsaylı təlim və seminarlarla müsbət təcrübə mübadiləsi həyata keçirilmişdir.
Formalaşmış səmərəli əməkdaşlıq əlaqələrinin məntiqi nəticəsi kimi göstərmək olar ki, təkcə 2024-cü ildə xarici dövlətlərə hüquqi yardım haqqında göndərilmiş 100-dən artıq sorğu, 50-yə yaxın ekstradisiya sorğusu icra edilmişdir.
Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər müsbət dəyərləndirilmişdir.
Aparılan müdrik siyasətin verdiyi töhfələrdən biri kimi, Azərbaycan bir çox siyasi və iqtisadi xarakterli tədbirlərlə yanaşı, cinayətkarlığa qarşı mübarizə sahəsində də qlobal səyləri birləşdirməklə beynəlxalq hüquq ictimaiyyətinin bir araya gəldiyi konsensus məkanı olaraq qalmaqda davam etmişdir.
Bu xüsusda ötən ilin 15 noyabr tarixində Azərbaycan Respublikası Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) həmsədrliyi ilə COP29 sədrliyinin təşəbbüslərindən biri olan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda 200-dən artıq xarici və ölkədaxili qonaqların iştirakı ilə keçirilmiş yüksəksəviyyəli sessiyada korrupsiya təzahürləri də daxil olmaqla ekoloji cinayətlərə qarşı mübarizənin müxtəlif aspektləri müzakirə edilmişdir.
Bundan başqa, ötən ilin 27 sentyabr - 2 oktyabr tarixlərində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 58-ci iclası, 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda yüksək peşəkarlıqla keçirilmişdir.
Bu mötəbər tədbirdə 41-i ayrı-ayrı ölkələrin baş prokurorları olmaqla ümumilikdə 500-dən artıq şəxsin iştirakı ilə kibercinayətkarlıq, rəqəmsal dövrdə qanunun aliliyinin təmin edilməsi, cinayət prosesində şahidlərin müdafiəsi və digər məsələlər üzrə ümumi problemlər və yeni yanaşmalar müzakirə edilmişdir.
Müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları, işçi qrup və şəbəkə iclasları, ikitərəfli və çoxtərəfli görüşlər, habelə cinayətkarlığa qarşı mübarizəyə dair əməkdaşlıq sazişlərinin imzalandığı bu konfrans iştirakçılar tərəfindən təşkilatın tarixində ən mötəbər və səmərəli tədbirlərdən biri kimi qiymətləndirilmişdir.
Bundan əlavə, beynəlxalq fəaliyyətimizin əsas istiqamətlərindən olan və ölkəmizin D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması ilə daha yüksək müstəviyə qədəm qoymuş ortaq mədəni-mənəvi dəyərləri paylaşdığımız islam ölkələrinin aidiyyəti qurumları ilə də əməkdaşlıq əlaqələri yüksələn templə davam etdirilmişdir.
Belə ki, ötən ilin 26-27 noyabr tarixlərində baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksəksəviyyəli görüşündə ölkəmiz İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin bürosunun sədr müavini seçilmiş, 2026-cı ildə keçiriləcək növbəti sessiya və yüksəksəviyyəli görüşə evsahibliyi Azərbaycana həvalə edilmişdir.
Korrupsiyaya qarşı mübarizədə yeni qlobal platforma: Hüquq- Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsi (GlobE)
Son onilliklərdə korrupsiyanın transmilli xarakter alması, bu cinayət növünün yalnız bir ölkənin milli hüquq-mühafizə orqanlarının imkanları çərçivəsində effektiv araşdırılmasını getdikcə çətinləşdirmişdir. Məhz bu kontekstdə, dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsi və hüquq-mühafizə orqanları arasında real vaxtda informasiya və təcrübə mübadiləsi zərurəti yaranmışdır.
Bu ehtiyaclara cavab olaraq 3 iyun 2021-ci ildə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi (GlobE Network) yaradılmışdır.
GlobE Şəbəkəsi BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası çərçivəsində üzv dövlətlərin öhdəliklərini icra etmələrinə və effektiv beynəlxalq əməkdaşlıq mexanizmlərinin qurulmasına xidmət edən praktik vasitə rolunu oynamaqdadır. Şəbəkə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış milli qurumların birbaşa ünsiyyət və əməkdaşlıq mühitində fəaliyyət göstərmələrini təmin edir.
GlobE Şəbəkəsinin əsas məqsədi müxtəlif dövlətlərin müvafiq orqanları arasında əlaqələri sürətləndirmək, informasiya və sübutların mübadiləsini asanlaşdırmaq, çətin keçən hüquqi yardım prosedurlarına alternativlər təqdim etmək və transsərhəd cinayətlərin effektiv istintaqını dəstəkləməkdir.
Qısa müddətdə 126 ölkənin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış 235 hüquq-mühafizə qurumunu və müşahidəçi statusa malik 16 beynəlxalq təsisatı bir araya gətirən GlobE öz missiyasını yalnız hüquqi mexanizmlərlə məhdudlaşdırmır. Şəbəkə eyni zamanda müsbət təcrübə mübadiləsi, təlim proqramları və regional əməkdaşlıq təşəbbüslərinin gücləndirilməsi vasitəsilə üzv dövlətlərin institusional dayanıqlılığını da artırır.
Şəbəkənin mənzil-qərargahı BMT-nin Avstriya Respublikasıının Vyana şəhərində yerləşən regional ofisində yerləşir.
GlobE-nin ümumi prinsiplərini, hüquq və vəzifələrini müəyyən edən Əsasnaməsi bu təşkilatın 2021-ci ilin 15-17 noyabr tarixlərində Vyana şəhərində keçirilmiş birinci iclasında qəbul edilmişdir.
Şəbəkənin təşkilati strukturu üç qurum və regional bölmələrdən ibarətdir:
a) Plenar; b) İdarəetmə Komitəsi;
c) Daimi Katiblik.
Hazırda GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin üzvləri olan ölkələr sırasına Azərbaycanla yanaşı Səudiyyə Ərəbistanı, Braziliya, Çin, Efiopiya, Qrenada, Hindistan, İtaliya, Nigeriya, Koreya, Rumıniya, Rusiya, Cənubi Afrika, İspaniya və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
Şəbəkəyə üzv dövlətlərin hüquq- mühafizə orqanları 2021-ci ildən bəri hər il plenarlarda toplaşaraq təşkilatın fəaliyyətini istiqamətləndirən qərarlar qəbul edirlər.
Belə ki, şəbəkənin 15-17 noyabr 2021-ci il tarixlərində Avstriya Respublikasının Vyana şəhərində keçirilmiş ilk plenar iclasında GlobE-nin idarəetmə strukturu yaradılmış, nizamnaməsi qəbul edilmişdir.
28-30 iyun 2022-ci il tarixlərində həmin ölkədə keçirilmiş ikinci plenar iclasda təhlükəsiz informasiya mübadiləsi üçün həllər müəyyən edilmiş, şəbəkənin iş planı təsdiqlənmiş, habelə bir sıra beynəlxalq təsisatlar GlobE-yə müşahidəçi qismində qəbul olunmuşdur.
Eyni ildə 15-17 noyabr tarixlərində İspaniya Krallığının Madrid şəhərində təşkil edilmiş üçüncü plenar iclasda antikorrupsiya orqanları arasında məlumat mübadiləsi üzrə qaydalar təsdiqlənmiş, transmilli korrupsiya ilə mübarizədə digər dövlət orqanlarının prosesə cəlb olunması mexanizmi və Qərbi Balkan regionu üzrə GlobE Şəbəkəsinin regional komponentinin yaradılması məsələsi müzakirə olunmaqla qəbul edilmişdir.
Növbəti ilin 11-13 iyul 2023-cü il tarixlərində Avstriya Respublikasının Vyana şəhərində keçirilmiş dördüncü plenar iclasda şəbəkənin institusional inkişafı üçün İdarəetmə Komitəsinə üzvlərin, sədr və sədr müavininin seçimi üzrə qaydalar qəbul edilmiş, yeni beynəlxalq təşkilatların müşahidəçi statusu təsdiq edilmişdir.
Ötən ilin 24-27 sentyabr tarixlərində isə Çin Xalq Respublikasının Pekin şəhərində beşinci plenar iclas keçirilmişdir. Həmin tədbirdə 2025-2027-ci illər üçün Strateji Plan müzakirə olunaraq qəbul edilmiş, İdarəetmə Komitəsinə yeni üzvlər seçilmişdir. Sözügedən plenar iclasda korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə "Pekin Konsensusu" qəbul olunmuşdur ki, həmin sənədin məqsədi korrupsiya cinayətləri törətmiş şəxslərə digər ölkələrdə siyasi sığınacaq verilməsinin qarşısının alınmasına və transmilli cinayətkarlıqla mübarizədə ölkələrarası əməkdaşlığın artırılmasına yönəlmişdir.
Bundan başqa, şəbəkə korrupsiya cinayətlərinin araşdırılmasında effektivliyin təmin edilməsi və qarşılıqlı məlumat mübadiləsinin operativ şəkildə həyata keçirilməsi üçün üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında işi aşağıdakı alət və mexanizmlər vasitəsilə qurur:
Təhlükəsiz Əlaqə Platforması (SCP)
Platforma üzvlərə transsərhəd korrupsiya hallarına dair məlumat mübadiləsini təhlükəsiz və sürətli şəkildə həyata keçirməyə imkan verir. Bu mexanizm məlumatların məxfiliyini və bütövlüyünü təmin edən şifrələmə texnologiyası ilə təchiz olunmuşdur.
Açıq Mənbəli Reyestrlər Kataloqu
Bu alət müstəntiq və prokurorlara müxtəlif ölkələrin açıq mənbəli qeydiyyat məlumatlarına bir mərkəzdən çıxış imkanı verir. Beləliklə, qarşılıqlı hüquqi yardım tələblərinə ehtiyac olmadan, ictimai məlumatlara əlavə vaxt itirmədən sürətli və effektiv şəkildə çatmaq mümkün olur.
İşçi Qrupları
GlobE Şəbəkəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı tematik işçi qrupları fəaliyyət göstərməkdədir:
* Əməliyyat İşçi Qrupu: Transsərhəd korrupsiya hallarında əməliyyat əməkdaşlığını gücləndirmək üçün strategiyalar hazırlayır.
* "Bir Pəncərə" Mərkəzi İşçi Qrupu: Üzvlərə lazım olan resurslara və dəstəyə asan çıxış təmin etmək üçün vahid platforma üzərində işləyir.
* Bilik və Potensialın Artırılması İşçi Qrupu: Üzvlərin bilik və bacarıqlarını artırmaq üçün təlim proqramları və resurslar hazırlayır.
Azərbaycan Respublikası ilə GlobE şəbəkəsi arasında əməkdaşlıq
Ölkəmiz təsis edildiyi dövrdən etibarən GlobE Şəbəkəsi ilə sıx əməkdaşlıq etməklə, təşkilatın iclaslarında təmsil olunmuşdur.
Belə ki, şəbəkənin 15-17 noyabr 2021-ci il, 28-30 iyun 2022-ci il, 15-17 noyabr 2022-ci il və 11-13 iyul 2023-cü il tarixlərində baş tutmuş plenar iclaslarında ölkəmiz prokurorluq əməkdaşları tərəfindən fiziki və onlayn formatda təmsil olunmuşdur.
Habelə, prokurorluq əməkdaşları Şəbəkənin İşçi Qruplarına üzv olmaqla sahəvi fəaliyyətlərə töhfə verir, təşkilat tərəfindən təşkil edilən təlim və sessiyalarda yaxından iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dair vermiş olduğu tapşırıq və tövsiyələrə uyğun olaraq baş prokuror Kamran Əliyev tərəfindən BMT-nin yüksəkvəzifəli şəxsləri ilə keçirilmiş görüş və digər təmaslarda şəbəkənin 2025-ci ildə keçiriləcək plenar iclasının Bakı şəhərində keçirilməsi təklif edilmiş, bunun üçün ölkəmizin bütün zəruri imkanlara malik olduğu ifadə edilmişdir.
Ötən ilin sentyabr ayında BMT-nin GlobE Şəbəkəsinin Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilmiş beşinci plenar iclasında növbəti analoji tədbirin 2025-ci ildə Bakıda keçirilməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin təşəbbüsü yekdilliklə dəstəklənərək qəbul edilmiş, habelə ölkəmiz 3 il müddətinə İdarəetmə Komitəsində təmsil olunacaq 15 ölkədən biri olaraq seçilmişdir.
Şəbəkənin cari ilin 19-23 may 2025-ci il tarixlərində Bakıda keçiriləcək altıncı plenar iclası və İdarəetmə Komitəsinin onuncu görüşü
GlobE Şəbəkəsinin cari ilin 19-23 may 2025-ci il tarixlərində Bakıda keçiriləcək altıncı plenar iclası və İdarəetmə Komitəsinin onuncu görüşünə hazırlıq çərçivəsində Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev tərəfindən mənim rəhbərliyimlə prokurorluğun rəhbər vəzifəli şəxslərindən ibarət Yerli Təşkilat Komitəsi yaradılmışdır.
Ötən il Bakıda 200-dən çox xarici nümayəndənin qatıldığı COP29 çərçivəsində "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda olan yüksəksəviyyəli sessiyanın, habelə 500-dən artıq şəxsin iştirakı ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasının, 29-cu illik konfransının və ümumi yığıncağının Azərbaycan Respublikası Prokurorluğunun yerli təşkilat komitəsi tərəfindən xüsusi peşəkarlıqla təşkil edilməsi nəzərə alınaraq qeyd edilən müsbət təcrübələr hazırkı tədbirin təşkilində də uğurla tətbiq olunmaqdadır.
Baş prokurorun müəyyən etdiyi istiqamətlər üzrə yerli təşkilat komitəsi tərəfindən görülmüş hazırlıq tədbirləri nəticəsində Bakı tədbiri beynəlxalq arealda geniş şəkildə təbliğ edilmiş, plenar iclasın peşəkar proqramına bir sıra aktual mövzular və çıxışçılar təklif edilməklə töhfələr verilmiş, habelə ikitərəfli və çoxtərəfli görüşlər və paralel tədbirlərin proqramı hazırlanmışdır. Həmçinin xarici qonaqların ölkəmiz haqqında daha çox məlumat əldə edə bilməsi məqsədilə Azərbaycan Respublikasının hüquq sistemi, korrupsiyaya qarşı mübarizə strategiyası, rəqəmsallaşma təşəbbüsləri və digər maraq kəsb edən mövzular üzrə informativ materiallar hazırlanmışdır. Qeyd edilənlərlə yanaşı, görülən hazırlıq işləri sırasına milli tarix və mədəniyyətimizin təbliğinə həsr edilmiş geniş sosial proqram da artıq formalaşdırılmışdır.
Bundan başqa, yerli təşkilat komitəsi tədbir öncəsi Azərbaycana səfər edən GlobE Şəbəkəsinin nümayəndələri ilə hazırlıq prosesinin ayrı-ayrı detallarını müzakirə etmiş, onları plenar iclasın və idarəetmə komitəsinin görüşünün keçiriləcəyi Bakı Konqres Mərkəzi, dövlətimiz adından rəsmi qəbulun keçiriləcəyi Gülüstan sarayı və digər resurslarla yerində tanış etmişlər. Beynəlxalq təşkilatın nümayəndələri səfərlə bağlı yüksək təəssüratlarını bölüşərək qarşıdan gələn tədbirlə bağlı Azərbaycan Prokurorluğu tərəfindən bu vaxtadək görülmüş təşkilati və hazırlıq işlərinə görə minnətdarlığını ifadə etmişlər.
Hazırda təşkilat komitəsi tərəfindən tədbirin müfəssəl iş planına uyğun olaraq GlobE şəbəkəsinin katibliyi və digər aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq şəraitində nəqliyyat, kommunikasiya, təhlükəsizlik, qeydiyyat və digər hazırlıq işləri intensiv şəkildə davam etdirilir.
Bakıda keçiriləcək altıncı plenar iclas və idarəetmə komitəsinin onuncu görüşünün rəsmi internet səhifəsi ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://globenetwork.unodc.org/globenetwork/en/network/sixth-plenary-meeting-of-the-globe-network-may-2025.html
Qeyd edək ki, Bakıda keçiriləcək tədbirdə 92 ölkədən 120-dən artıq dövlət qurumu (21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumları və digər orqanlar) və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300 nəfərdən artıq nümayəndənin fiziki, 60-dan artıq xarici nümayəndə isə onlayn qaydada iştirak edəcəkdir.
Tədbirdə müxtəlif ölkələrin hüquq- mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər iştirak edəcəklər.
Əsas mövzusu "Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları" olan plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövzular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur.
Eyni zamanda plenar iclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar, habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcəkdir.
Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır.
Əminliklə qeyd etmək olar ki, hazırkı mötəbər qlobal antikorrupsiya təşəbbüsünə evsahibliyi edən ölkəmiz bu məramı ilə həm cinayətkarlıqla mübarizədə yeni əməkdaşlıq imkanlarına öz dəstəyini çatdırır, həm də beynəlxalq hüquq ailəsinin sadiq üzvü olmasını bir daha təsdiqləyir.
Heydər MƏMMƏDOV,
Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri