Günəşdən ən uzaqda yerləşən və Yerdən çılpaq gözlə görünməyən Neptun planeti, riyazi proqnozlar sayəsində 23 sentyabr 1846-cı ildə kəşf edilib. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Planetar Fizika şöbəsinin elmi işçisi Dmitri Qorinovun sözlərinə görə, bir insanın Neptuna düşdüyünü əks etdirən elmi-fantastik bir film təsəvvür etsək, kosmik səyahətçi orada olduqca dəhşətli və tutqun bir mənzərə ilə qarşılaşar.
"Sonsuz buludlar, qaranlıq, duman, çox güclü küləklər və hər hansı bir əlamətdar yerin tamamilə yoxluğu... Aşağı və yuxarının hara olduğu bilinməyən tam bir qeyri-müəyyənlik hökm sürərdi, çünki ayaq basmağa heç bir bərk səth yoxdur. Qaz nəhəngləri insanlar üçün sanki 'qeyri-mümkün dünyalar'dır", - deyə astronom izah edir.
Qorinov bildirir ki, Neptun riyazi hesablamalar nəticəsində kəşf edilən ilk planetdir. Hərçənd, Qalileo Qaliley hələ 1612-ci ilin dekabrında bu səma cismini teleskopla müşahidə etsə də, onu ulduzla səhv salmışdı. 1846-cı ildə fransız astronomu Urben Le Verye (Urbain Le Verrier), o dövrdə Günəş sisteminin məlum olan sonuncu planetinin - Uranın hərəkətini təhlil etdi. O, Urana vaxtaşırı təsir edən naməlum bir nəhəng cismin onun anomal orbital hərəkətinə səbəb olduğunu anladı.
Le Verye planetin orbitini hesablayaraq koordinatları alman astronomu Yohan Qotfrid Qalleyə göndərdi. Çox keçmədən, Berlin Rəsədxanasında verilən proqnoza tam uyğun gələn həmin göy cismi qeydə alındı.Qeyd etmək lazımdır ki, Le Veryedən əvvəl britaniyalı riyaziyyatçı və astronom Con Adams da bu naməlum planetin mövcudluğunu hesablamışdı. O, öz qeydlərini Kembric Rəsədxanasının direktoru Corc Eyrə ötürsə də, Eyr gənc alimin mülahizələrini qulaqardına vurmuşdu.Daha uzaqda yerləşən Pluton cırtdan planet statusuna endirildikdən sonra, Neptun rəsmən Günəş sisteminin səkkizinci və ən uzaq planeti hesab olunur.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”