“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın rayon üzrə icrasının gedişini müzakirə etmək üçün Qaçaqkənd kəndində fermerlərin, Sudan İstifadəedənlər birliklərinin, Xol Qaraqaşlı bələdiyyəsinin iştirakı ilə görüş keçirilib.
Əsas məqsədi xırda və pərakəndə torpaq sahələrinin konsolidasiyasının həyata keçirilməsi, kənd təsərrüfatı kooperativlərinin yaradılması, onun üstünlükləri barədə fermerləri məlumatlandırmaq, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımların, müasir suvarma sistemlərindən istifadə imkanlarının və innovativ yanaşmaların fermerlər arasında geniş yayılmasına dəstək göstərilməsi olan tədbirdə iştirakçılara dövlət proqramının icrası çərçivəsində Qaçaqkənd, Xanməmmədli, Qazaxbərəsi kəndi ərazisində xırda və pərakəndə torpaq sahələrinin konsolidasiyasının həyata keçirilməsi, kənd təsərrüfatı kooperativlərinin yaradılması, onun üstünlükləri, torpaq mübadiləsi və sahələrin birləşdirilməsi prosesində fermerlərin könüllü iştirakının təşviq edilməsi, mövcud suvarma və təsərrüfatdaxili suvarma şəbəkələrinin istismar vəziyyətinin qiymətləndirilməsi, su bölgüsünün optimallaşdırılması və su itkilərinin azaldılması ilə bağlı ətraflı məlumat verilib. Həmçinin kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması istiqamətində Aqrar Subsidiya Şurasının qərarı ilə təsdiq edilmiş yeni subsidiya mexanizmləri və subsidiya şərtləri ilə bağlı bir sıra məqamlar diqqətə çatdırılıb.
Görüşdə rayonun Qaçaqkənd, Xanməmmədli, Qazaxbərəsi kəndlərində fermerlərin xüsusi mülkiyyətində olan 229,95 hektar pay torpaq sahələrinin, Qaçaqkənd kəndində Xol Qaraqaşlı bələdiyyəsinin mülkiyyətində olan 82 hektar kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin olunması, suvarma kanallarının bərpası, çəkilməsi, həmçinin fermerlərin xüsusi mülkiyyətində olan xırda torpaq sahələrinin birləşməsi, kənd təsərrüfatı kooperativlərinin yaradılması da geniş müzakirə edilib. Kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahələrinin suvarılması, suvarma şəbəkəsinin yenidən qurulması istiqamətində su təchizatının təmin edilməsi diqqətdə saxlanılıb, aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasının vacibliyi bildirilib.
Tədbir zamanı fermerlərə rayonda iki kənd təsərrüfatı kooperativinin yaradılması barədə ətraflı məlumat verilib, Neftçalanın bu istiqamətdə ilk təşəbbüs göstərən rayonlardan biri olması vurğulanıb. Xırda və pərakəndə torpaq sahələrinin birləşdirilməsi ilə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının aqrar sahədə mühüm əhəmiyyət kəsb etməsi, torpaq mülkiyyətçilərinin mülkiyyət hüququ saxlanılmaqla kooperativ üzvlərinin əlavə aqrar subsidiya mexanizmlərindən yararlanmaları barədə fermerlərə müvafiq tövsiyələr verilib, onlar təşviq materialları ilə tanış edilib.
Sonda fermerlərin müraciət və təklifləri dinlənilib, onların səsləndirdikləri təkliflər qeydə alınıb, aqrar sahənin inkişafında mülkiyyətçilərin fəaliyyətlərinə hərtərəfli dəstəyin davam etdiriləcəyi diqqətə çatdırılıb.
Seyran CAVADOV,
“Azərbaycan”