"Əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm".
Bu fikirlər qayəsi xeyirxahlıq, insanlıq dünyanın xoşbəxt məkana çevrilməsi olan incə ruhlu, şair təbiətli, qayğıkeş, humanist, sülhsevər Leyla xanım Əliyevaya məxsusdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanı biz lap kiçik yaşlarından ekranlardan tanıyırdıq. Gözəl üzlü, şirin təbəssümlü bu qızcığaz babası - Ulu Öndər Heydər Əliyevlə birgə valideyn himayəsindən məhrum və digər qayğıya ehtiyacı olan uşaqların şənliklərində iştirak edir, onlarla birgə əylənir, göstərdikləri səhnəciklərə tamaşa edir, bu uşaqların əldə etdikləri nailiyyətləri heyranlıqla alqışlayırdı...
Beləcə lap kiçik yaşlarından Leyla xanım ona nəcib ailəsindən genetik ötürülən xeyirxahlıq missiyasının layiqli daşıyıcılarından biri, vətənpərvər şəxsiyyət kimi yetişirdi...
Dünyaya, insanlığa, təbiətə, yurdumuza əvəzolunmaz töhfələr bəxş etmək, bəzən sadəcə körpələri sevindirmək, bəzən sakinlərin xoş istirahətinin təşkili, bəzən yaşlıların, fiziki məhdudiyyətli insanların rahatlıq tapmaları, bəzən də haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq, ölkəmizi dünyada təbliğ etmək üçün...
Çoxşaxəli fəaliyyət
Ulu Öndər Heydər Əliyevin milli ideyalarının gerçəkləşdirilməsi, mənəvi irsinin layiqincə yaşadılması istiqamətində mühüm işlər həyata keçirən Heydər Əliyev Fondu yarandığı 2004-cü ildən etibarən təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif böyük layihələr həyata keçirərək ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında fondun uğurlu fəaliyyəti hətta ölkə sərhədlərimizi aşıb. Bütün bu işlərin həyata keçirilməsində, əldə olunan nailiyyətlərdə fondun vitse-prezidenti Leyla Əliyevanın hərtərəfli fəaliyyətinin də müstəsna rolu var.
2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri olan Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti kimi fəaliyyət göstərir, fond çərçivəsində mühüm layihələr gerçəkləşdirir.
Çoxşaxəli fəaliyyəti ilə diqqət çəkən Leyla Əliyeva 2007-ci ildə Moskvada "Baku" jurnalını təsis edib. 2009-cu ildən isə Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri vəzifəsini həyata keçirir.
2015-ci ildə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin "RAGB: gənclərin layiqli gələcəyi naminə" mövzusunda VI Forumunda çıxışında Leyla Əliyeva vurğulayıb ki, təşkilat Rusiyada yaranıb və fəaliyyətinin ilk günlərindən mədəniyyətlərarası dialoq və əməkdaşlıq ideyalarını həyata keçirir: "RAGB Rusiyada oxuyan və işləyən azərbaycanlı gəncləri birləşdirir, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına və öz ölkələrini ləyaqətlə təmsil etmələrinə kömək edir".
Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə "Xocalıya ədalət!" kampaniyası təsis edilib. Kampaniyanın keçirilməsində məqsəd Xocalı soyqırımı ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması, ona obyektiv, mənəvi-siyasi qiymət verilməsinə və bu qətliamın qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Xocalı faciəsinin siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın əksər ölkəsində uğurla reallaşdırılır, Xocalı faciəsinin ildönümü ölkəmizin xaricində də geniş şəkildə qeyd olunur.
"...Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış "Xocalıya ədalət!" kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır", - deyə ötən il Xocalıda Soyqırımı Memorialının təməlini qoyan zaman Prezident İlham Əliyev də fondun bu istiqamətdə gördüyü mühüm işləri diqqətə çatdırmışdı.
IDEA-nın töhfələri
2011-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb. Missiyasının gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərin yaradılması, ətraf mühitin qorunması ilə bağlı məlumatlar verən və praktik çağırışlar edən açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etmək olduğunu bəyan edən IDEA qarşısına qoyduğu bu hədəflərə uğurla çatır.
Ötən ilin noyabrında COP29 çərçivəsində keçirilən müxtəlif panel müzakirələrindəki çıxışlarında Leyla Əliyeva IDEA İB tərəfindən həyata keçirilən işlərlə bağlı məlumat verib. 2011-ci ildən etibarən icra olunmuş fəaliyyətlərə toxunan Leyla Əliyeva bildirib ki, nadir canlıların qorunması, ölkəmizə xas olan unikal heyvan və bitki növlərinin mühafizəsi, eləcə də onların populyasiyasının bərpası təşkilatın əsas fəaliyyət istiqamətləri sırasında xüsusi yer tutur. BTMİ ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə geniş ictimaiyyətə təqdim olunmuş Qafqazın "Böyük Beşliyi" layihəsi çərçivəsində Qafqaz bəbiri, ceyran, qonur ayı, boz canavar və imperator qartalının populyasiyasının qorunması və artırılması məqsədilə bir sıra addımlar atılıb. Məlumat verilib ki, nəsli kəsilmiş zubrların populyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə 2017-ci ildən etibarən 46 zubr Avropanın müxtəlif ölkələrindən Şahdağ Milli Parkına gətirilib və 2028-ci ilədək zubrların sayının 100-ə çatdırılması nəzərdə tutulub. Eyni zamanda ceyranların reintroduksiyası layihəsi və digər müvafiq tədbirlər nəticəsində ölkə ərazisində ceyran populyasiyasının 8 minə çatdırıldığı, eləcə də yüz minlərlə nərə balığı körpələrinin Xəzər dənizi və Azərbaycanın digər su hövzələrinə buraxıldığı bildirilib.
Ötən 13 il ərzində təşkilatın təşəbbüsü ilə 5 milyondan çox ağac əkilib. Bununla bərabər, "Məktəb bağları" layihəsi çərçivəsində Bakı şəhəri və bölgələrdə yerləşən 300 məktəbin həyətində 20 mindən çox ağac əkilib.
Bakının müasir abad şəhərə çevrilməsi istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirdiyi işlər də böyük əhəmiyyət daşıyır. Bu mənada IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təmirsiz həyətlərin abadlaşdırılmasına yönələn "Bizim həyət" layihəsi uğurla həyata keçirilir. İndiyə qədər Bakının rayonlarında istifadəyə verilən yüzlərlə nümunəvi məhəllə minlərlə sakinin sevincinə səbəb olub.
Uşaqlar gülsün, dünya gülsün
Leyla Əliyevanın həyat fəlsəfəsində humanizm, xeyirxahlıq, qayğıkeşlik başlıca yer tutur. Valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlar Leyla xanımın diqqət və qayğısı ilə əhatə olunub. O, daim xüsusi qayğıya ehtiyacı olan daun, autizmli, fiziki və əqli məhdudiyyətli, eyni zamanda müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara maddi və mənəvi qayğı göstərir.
Körpələr, uşaq evlərinin balaca sakinlərinin yaşam şəraitinin yaxşılaşdırılması, heç bir maddi-mənəvi sıxıntılarının olmaması üçün Leyla xanım əlindən gələni edir ki, onların ürəyindəki valideyn nisgili bir anlıq da olsa silinsin, ana intizarlı uşaqların üzlərinə bir anlıq da olsa gülüş qonsun... Bu uşaqlarla tez-tez görüşə gələn, onların hər birini adbaad tanıyan, hər biri ilə yaxından maraqlanan, söhbət edən, istək və arzularını dinləyən və böyük səylə onların yerinə yetirilməsinə çalışan Leyla xanımın həssas ürəyi bu balaları valideynsiz, öz isti yuvalarından ayrı görməyə dözə bilmir... Uşaq evindəki bir körpənin dilindən yazdığı bu ürəkparçalayan şeir də elə Leyla xanımın saf, incə, zərif, mərhəmətli qəlbinin hayqırışı, insanlığa çağırışıdır desək, yanılmarıq...
Ana, nə olar, getmə!
Məni atıb, tərk etmə!
Təlatümlü həyata
Əbədiyyən qərq etmə.
Al isti qucağına,
Öp məni... Məni oxşa.
Göydə ulduzlar yansın
Bir ani baxışınla...
...Anacan, inan ki, mən,
Danışmağı bilsəydim,
bu fani dünyamızda
Necə yaşamaq lazım. -
Öyrənərdin sən həmən
Öz körpənin dilindən...
Ana, məni tərk etmə,
Sənə üz tuturam mən.
Eşit, inan və anla,
Səninlə nəfəs alır
Bu məsum, gözəl körpən...
Yasəmən MUSAYEVA,
"Azərbaycan"