Samuxda “2026–2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı”nın hazırlanmasına həsr olunmuş müşavirə keçirilmişdir.
Tədbirdə Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı mayın 25-də keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrası, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr ətrafında geniş müzakirələr aparılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək bildirmişdir ki, ölkədə aqrar sahənin davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər kənd təsərrüfatının müasir tələblər əsasında inkişafına, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, istehsalın və emal sənayesinin genişlənməsinə mühüm töhfələr verir: “Qəbul olunmuş Dövlət Proqramı isə kənd təsərrüfatının bütün istiqamətləri üzrə yeni inkişaf mərhələsinin formalaşmasına xidmət edir. Bu baxımdan Samux rayonunda hazırlanacaq 2026–2030-cu illəri əhatə edən iş planı Dövlət Proqramında müəyyən edilmiş prioritetlərə uyğun formalaşdırılmalıdır. Odur ki, qəbul ediləcək iş planında rayonun mövcud aqrar potensialı, təbii-iqlim şəraiti, torpaq və su ehtiyatları, istehsal imkanları və statistik göstəricilər əsasında konkret hədəfləri özündə əks etdirməlidir. Bunun üçün hər bir istiqamət üzrə görüləcək tədbirlər təsərrüfat subyektlərinin real imkanları nəzərə alınmaqla planlaşdırılmalı, istehsalın səmərəliliyinin yüksəldilməsi, emal müəssisələrinin inkişafı, innovativ texnologiyaların tətbiqi, aqrar sahədə rəqabətqabiliyyətliliyin və ixrac potensialının artırılması, həmçinin kənd yerlərində məşğulluğun genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilməlidir”.
Müşavirədə qeyd edilmişdir ki, Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin olunması, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, yerli icra strukturlarının məsuliyyətinin artırılması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, fermerlər və sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Odur ki, rayon üzrə hazırlanacaq iş planında kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, eləcə də heyvandarlıq, bağçılıq, taxılçılıq, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair konkret tədbirlər öz əksini tapmalıdır.
Sonda müzakirə olunan mövzu ətrafında fikir mübadiləsi aparılmiş, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, iş planının hazırlanması və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.
Sabir ƏLİYEV,
“Azərbaycan”