Sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsinin genişləndirilməsi təhsilə əlaçatanlığı daha da artıracaq. 2021-ci il noyabrın 25-dən təhsil tələbə kreditləri verilməyə başlayıb. Bu günədək Təhsil Tələbə Krediti Fonduna 45 mindən çox elektron müraciət daxil olub. Onların arasından 34 min 839 nəfərin müraciəti rəsmiləşdirilib. Ümumilikdə 12 min 131 nəfər (35 faiz) sosial növ təhsil tələbə krediti, 22 min 708 nəfər (65 faiz) isə standart növ təhsil tələbə kreditindən yararlanıb. Ümumilikdə, rəsmiləşmiş təhsil tələbə kreditiləri üzrə tələbələr üçün 31,9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib. O bildirib ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb. Rəsmiləşən kreditlərdən 452 ailədən olan 908 nəfər tələbə sosial növ təhsil kreditindən, 395 ailədən olan 795 nəfər isə standart təhsil tələbə kreditindən faydalanıb.
“Təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına, şübhəsiz ki, müsbət təsir göstərən amildir. Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı ilkin mərhələdə vətəndaş sorğuları aparanda ən çox qərəzli mövqeni qız övladları olan valideynlər göstərmişdilər. Onlar qız övladlarının ödənişli təhsilə qəbul olduqda, təhsil kreditləri hesabına oxumalarına mənfi rəy bildirirdilər. Lakin sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başlandığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların (59 faiz) üstünlük təşkil etdiyini görürük. Bu hal valideynlərin streotiplərinin qırıldığının və qız övladlarını ödənişli qəbul olduğu halda təhsilə yönəltmələrinin göstəricisidir”, - deyə nazir müavini qeyd edib.
Xatırladaq ki, Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda bir sıra əlavə və dəyişikliklər edilib.
2023-2024-cü tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən elektron müraciət edə bilərlər.