Kartof çipslərinin yaranmasının, sadəcə, bir istəklə meydana çıxdığı qeyd edilir. Belə ki, XIX əsrdə Nyu-Yorkda yerləşən restoranlardan birində yemək yeyən gəmiçilik maqnatı Kornelius Vanderbilt süfrəyə gətirilən qızardılmış kartofların çox qalın olduğundan narazılıq edərək aşpazdan yenisini bişirməyi tələb edib.
Bundan qəzəblənən aşpaz Corc Krom kartofları olduqca nazik dilimləyib xırtıldayana qədər qızardaraq Vanderbiltə göndərib. Əslində, aşpaz bunu Vanderbiltə dərs vermək üçün edib, amma gözlənilmədən maqnat yeməkdən məmnunluğunu bildirib.
Qısa bir vaxtda Kromun "Saratoqa Çipsləri" Nyu York ştatından kənarda da məşhurlaşıb. 1860-cı ildə Krom Saratoqa şəhəri yaxınlığında "Crum's House" adı ilə tanınan restoranını açıb.
Əslində, bu əhvalatla bağlı bir neçə hekayətlər də var. Hətta bəzi mənbələrdə Kromun kartof çipslərinin yeganə ixtiraçısı olmadığı da bildirilir. Çipsin məlum olan ən qədim resepti 1817-ci ilə aid edilir. Bu, Uilyam Kitçinerin "qızardılmış kartof" reseptinin də olduğu yemək kitabında qeyd edilib.
Kartof çipsləri uzun müddət yalnız restoranlarda mövcud olan delikates idi. Lakin 1895-ci ildə Uilyam Tappenden adlı sahibkar kartof çipslərini hazırladıqdan sonra rəflərdə saxlamağın yolunu da tapır. Daha sonra həyətindəki anbarı fabrikə çevirir. O, çipsləri hazırlayıb çəlləklərdə bazarlara çatdırır.
1926-cı ildə isə kaliforniyalı qadın sahibkar Laura Skadder çipsləri mum və kağızdan hazırlanmış torbalarda qablaşdırmağa başlayıb. Bununla da çipslərin köhnəlməsinin qarşısı alınıb. Çipslərin ən məşhur markası olan "Lay's" isə Herman Leyin 1932-ci ildə müxtəlif qəlyanaltılar hazırlayan bir şirkət açması ilə ortaya çıxıb.
Hazırda çipslərin onlarca çeşidlərini, müxtəlif dadlı növlərini əldə etmək mümkündür. Çipslər piylənmə və hipertoniya kimi problemlərin yaranmasında rol oynadığı üçün uzun müddət tənqid olunsa da, qəlyanaltı sənayesində olduqca populyardır. Onların qatqısız təbii inqrediyentlərlə hazırlanan növləri də var.