Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri mühüm siyasi, iqtisadi və sosial əhəmiyyət daşıyan tədbirlərlə yadda qaldı. Eyni zamanda, dövlətimizin başçısının Naxçıvana 17-ci səfəri muxtar respublikanın inkişafında yeni mərhələnin başlanmasından xəbər verən mühüm mesajlarla zəngin oldu. Səfər çərçivəsində keçirilən tədbirlər və səsləndirilən fikirlər göstərdi ki, Naxçıvanın inkişafı yalnız ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmır, burada təhlükəsizliyin möhkəmləndirilməsi, enerji təminatının dayanıqlılığının artırılması, sənayeləşmənin sürətləndirilməsi, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı, sosial xidmətlərin müasirləşdirilməsi, zəngin tarixi-mədəni irsin qorunması və nəqliyyat imkanlarının genişləndirilməsi vahid və uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir.
AZƏRTAC Naxçıvanın kompleks inkişaf modelininin və regional geoiqtisadi transformasiyasınının təhlili ilə bağlı redaksiya məqaləsini təqdim edir.
Dövlətimizin başçısının səfərinin ən mühüm məqamlarından biri Naxçıvanın təhlükəsizlik məsələsinin xüsusi diqqət mərkəzində saxlanılmasıdır. Coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı yerləşən muxtar respublikanın təhlükəsizliyi ölkənin milli təhlükəsizlik arxitekturasında xüsusi əhəmiyyət daşıyır. Prezidentin vurğuladığı kimi, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi uzun illərdir prioritet istiqamətlərdən biridir. Əlahiddə Ordunun yaradılması, hərbi hissələrin müasir texnika ilə təchiz olunması və komando qüvvələrinin formalaşdırılması bu strategiyanın praktiki nəticələridir.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Naxçıvanın təhlükəsizliyi yalnız hərbi potensialla ölçülmür. Müasir dövlətçilik anlayışında təhlükəsizlik iqtisadi və enerji dayanıqlığı ilə də birbaşa bağlıdır. Bu mənada səfər çərçivəsində enerji layihələrinin ön plana çıxması təsadüfi deyil. Naxçıvanın elektrik enerjisi ilə etibarlı təmin olunması, mövcud generasiya gücünün artırılması və gələcəkdə elektrik enerjisi ixrac edən mərkəzə çevrilməsi muxtar respublikanın iqtisadi potensialını da əhəmiyyətli dərəcədə artıra bilər.
Xüsusilə 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması strateji xarakter daşıyır. Naxçıvanın hazırkı generasiya gücünün təqribən 200 meqavat olduğu nəzərə alınarsa, yeni stansiya mövcud imkanların əhəmiyyətli dərəcədə artırılmasına şərait yaradacaq. Burada məqsəd yalnız daxili tələbatı qarşılamaq deyil. Gələcəkdə Naxçıvanın sürətli iqtisadi inkişafı nəticəsində enerji tələbatının artacağı da nəzərə alınır və paralel olaraq ixrac imkanlarının formalaşdırılması hədəflənir.
Bu yanaşma Naxçıvanın enerji siyasətində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. Əgər əvvəlki dövrdə əsas məqsəd enerji çatışmazlığının qarşısını almaq və fasiləsizliyin təmin olunması idisə, hazırkı mərhələdə söhbət enerjinin istehsalından, ixrac potensialının formalaşdırılmasından və Naxçıvanın enerji istehsalçısı kimi mövqeyinin gücləndirilməsindən gedir.
Bərpaolunan enerji mənbələrinin inkişafı isə bu strategiyanın daha mühüm hissəsidir. Naxçıvanın yüksək Günəş potensialı bu ərazini Günəş elektrik stansiyalarının yaradılması üçün Azərbaycanın ən əlverişli məkanlarından birinə çevirir. 600 hektardan artıq ərazinin müəyyənləşdirilməsi və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşasının planlaşdırılması qarşıdakı illərdə enerji sektorunda ciddi dəyişikliklərin baş verəcəyindən xəbər verir.
Burada başqa bir mühüm tendensiya da özünü göstərir - bərpaolunan enerji layihələrində özəl sektorun fəal iştirakı. Bu, dövlətin yalnız investisiya qoyan tərəf kimi deyil, həm də əlverişli biznes mühiti yaradan və strateji istiqamətləri müəyyənləşdirən institut kimi çıxış etdiyini göstərir. İnvestorların bu layihələrə marağı həm Naxçıvanın enerji potensialının kommersiya baxımından cəlbediciliyini, həm də Azərbaycanda bərpaolunan enerjiyə keçid siyasətinin iqtisadi əsaslarının möhkəmliyini nümayiş etdirir.
Enerji ilə yanaşı, Naxçıvanın sənayeləşməsi də səfərin əsas istiqamətlərindən biri oldu. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi strukturunda yeni istehsal sahələrinin yaranması baxımından mühüm addımdır. Sənaye parklarının əsas üstünlüyü ondan ibarətdir ki, onlar yalnız istehsal müəssisələrinin yaradılmasına deyil, eyni zamanda, yeni iş yerlərinin açılmasına, yerli xammalın emalına, investisiyaların cəlbinə və əlavə dəyərin artırılmasına imkan verir. Bu baxımdan Naxçıvan Sənaye Parkı iqtisadi inkişafın daha çox şaxələndirilməsi üçün platforma rolunu oynaya bilər. Muxtar respublikanın iqtisadiyyatının yalnız ənənəvi sahələrdən asılılığının azaldılması, emal sənayesinin genişləndirilməsi və yeni istehsal zəncirlərinin formalaşdırılması gələcəkdə Naxçıvanın iqtisadi dayanıqlılığını daha da gücləndirəcək.
Naxçıvanın inkişaf strategiyasında kənd təsərrüfatının da xüsusi yer tutması diqqətçəkəndir. Muxtar respublikaya xüsusi diqqətin ayrılması, suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin quraşdırılması aqrar sektorun potensialının genişləndirilməsi üçün mühüm zəmin yaradır. Suvarma imkanlarının artırılması xüsusilə əkin dövriyyəsinə yeni torpaqların cəlb olunması və məhsuldarlığın yüksəldilməsi baxımından əhəmiyyətlidir.
Naxçıvanın iqtisadi inkişafı yalnız istehsal və enerji ilə məhdudlaşmır. Sosial xidmətlərin müasirləşdirilməsi də dövlət siyasətinin mühüm istiqamətidir. DOST Mərkəzinin istifadəyə verilməsi və “ASAN xidmət” modelinin tətbiqi vətəndaşların dövlət xidmətlərinə çıxışının asanlaşdırılmasına xidmət göstərir. Bu layihələr iqtisadi inkişafın nəticələrinin insanların gündəlik həyatında hiss olunmasını təmin edən sosial mexanizmlər kimi qiymətləndirilə bilər.
Səfərin digər mühüm istiqaməti Naxçıvanın tarixi-mədəni irsinin qorunması ilə bağlıdır. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin konservasiyası və Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi göstərir ki, muxtar respublikanın inkişafı yalnız yeni binaların, yolların və istehsal müəssisələrinin inşası kimi başa düşülmür. Burada tarixi yaddaşın qorunması da inkişaf strategiyasının mühüm elementi kimi nəzərdən keçirilir. Əslində, Naxçıvanın tarixi-mədəni irsi onun iqtisadi və turizm potensialının da mühüm resursudur. Qədim dövlətçilik ənənələri, memarlıq nümunələri, tarixi şəxsiyyətləri və zəngin mədəniyyəti muxtar respublikanın Azərbaycanın milli-mədəni xəritəsində xüsusi mövqeyini müəyyən edir. Bu irsin qorunması gələcəkdə onun turizm imkanlarının daha geniş şəkildə təqdim olunmasına da şərait yarada bilər.
Bütün bunlarla yanaşı, Naxçıvanın nəqliyyat potensialı məsələsi xüsusi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin səfər zamanı “yeni nəqliyyat damarları” barədə fikirləri Naxçıvanın yalnız Azərbaycanın digər bölgələri ilə əlaqələrinin gücləndirilməsi deyil, daha geniş regional nəqliyyat sisteminə inteqrasiyası baxımından mühüm mesajdır. Naxçıvanın coğrafi mövqeyi onu Azərbaycan, Türkiyə, İran və daha geniş region arasında nəqliyyat əlaqələri baxımından mühüm həlqəyə çevirə bilər.
Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın gələcək inkişafı baxımından yalnız Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında nəqliyyat əlaqəsinin bərpası demək deyil, həm də regionun iqtisadi və geosiyasi xəritəsində mühüm dəyişiklik yarada biləcək strateji layihədir. Prezident İlham Əliyevin açıqlamalarında dəhlizin yaradılması istiqamətində görülən işlər, Naxçıvan dəmir yolunun bərpası və yükdaşıma qabiliyyətinin artırılması ilə bağlı hədəflər bu layihənin uzunmüddətli perspektivdə necə böyük əhəmiyyət daşıdığını göstərir. Xüsusilə Naxçıvan dəmir yolunun 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılması muxtar respublikanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Beləliklə, Naxçıvan yalnız Azərbaycanla Naxçıvan arasında bağlantı yaradan ərazi deyil, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişdiyi mühüm logistika mərkəzinə çevriləcək. Bu mənada Naxçıvanın inkişafına ayrı-ayrı layihələr prizmasından deyil, bütöv regional strategiyanın tərkib hissəsi kimi yanaşmaq daha doğrudur. Enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və sosial infrastrukturun paralel inkişafı muxtar respublikanın iqtisadi və geosiyasi əhəmiyyətini artırır.
Prezidentin səfər zamanı səsləndirdiyi fikirlərdən çıxan əsas nəticə budur ki, Naxçıvan üçün yeni inkişaf mərhələsi artıq yalnız mövcud problemlərin həlli ilə xarakterizə olunmur. İndi qarşıda daha böyük hədəflər dayanır: Naxçıvanın güclü müdafiə potensialına, dayanıqlı enerji sisteminə, inkişaf etmiş sənayesinə, modern kənd təsərrüfatına, müasir sosial xidmət infrastrukturuna və regional nəqliyyat imkanlarına malik iqtisadi mərkəzə çevrilməsi. Bu prosesin ən mühüm xüsusiyyəti isə müxtəlif sahələrin bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqədə inkişaf etdirilməsidir. Enerji sənayenin inkişafını, sənaye məşğulluğu, nəqliyyat ticarəti, kənd təsərrüfatı isə həm ərzaq təhlükəsizliyini, həm də regionun iqtisadi fəallığını gücləndirir. Tarixi-mədəni irsin qorunması isə bütün bu inkişafın milli-mənəvi əsaslarını tamamlayır.
Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfərinin nəticələri yalnız səfər çərçivəsində açılışı və təməli qoyulan obyektlərin siyahısı ilə ölçülmür. Bu səfər daha geniş prosesin – Naxçıvanın təhlükəsiz, enerji baxımından dayanıqlı, iqtisadi cəhətdən güclü, sosial baxımdan rahat və regional baxımdan daha sıx əlaqələndirilmiş məkana çevrilməsi strategiyasının növbəti mərhələsini nümayiş etdirdi. Görülən işlər və qarşıya qoyulan yeni hədəflər onu deməyə əsas verir ki, Naxçıvanın inkişafı artıq yalnız muxtar respublikanın daxili ehtiyacları çərçivəsində deyil, Azərbaycanın ümumi iqtisadi, enerji və nəqliyyat strategiyasının mühüm istiqamətlərindən biri kimi formalaşır.