Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və bu çərçivədə Naxçıvan Muxtar Respublikasının enerji potensialının artırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Yeni Günəş elektrik stansiyalarının və 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması Naxçıvanın həm daxili enerji tələbatının etibarlı təminatını, həm də gələcəkdə elektrik enerjisinin ixracına imkanlarını genişləndirəcək.
AZƏRTAC-ın bölgə müxbiri Naxçıvan şəhərində inşası davam etdirilən “Şəms 1” və “Qərbi Üfüq” Günəş elektrik stansiyalarının tikinti ərazisində olub, layihə çərçivəsində görülən işləri yerində izləyib.
İnşası davam etdirilən iki Günəş elektrik stansiyasından biri - 25 meqavat gücündə olan “Şəms 1”-də işlər sürətlə aparılır. Stansiyada 10 meqavatlıq Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Stansiya tam gücü ilə fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 57 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Bu həcm isə 19 minə yaxın ev təsərrüfatının enerji təminatına imkan verəcək.
25 meqavatlıq “Qərbi Üfüq” Günəş elektrik stansiyasında isə topoqrafik işlər başa çatdırılıb. Hazırda ərazidə geoloji tədqiqatlar aparılır. Tikinti işlərinə ilin sonunadək başlanılması nəzərdə tutulur. Layihənin 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.
Ümumilikdə, Naxçıvanda Günəş elektrik stansiyalarının tikintisi üçün 688 hektar ərazi ayrılıb. Layihələrin reallaşdırılması nəticəsində muxtar respublikada bərpaolunan enerji üzrə qoyuluş gücü 158 meqavata çatacaq. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması perspektivində bu layihələr Naxçıvanın enerji təminatında yeni mərhələnin əsasını qoymaqla yanaşı, muxtar respublikanın enerji istehsalçısı kimi mövqeyini də gücləndirir. Xüsusilə 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının yaradılması Naxçıvanın ümumi generasiya gücünün əhəmiyyətli dərəcədə artmasına töhfə verəcək.
Naxçıvan Dövlət Universitetinin müəllimi Əziz Qasımov AZƏRTAC-a müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi enerji strategiyasının mühüm istiqamətlərindən biri də Naxçıvanın yaşıl enerji zonasına çevrilməsidir.
Muxtar respublikanın əlverişli coğrafi mövqeyi, günəşli günlərin çoxluğu, eləcə də külək və hidroenerji ehtiyatları muxtar respublikanı ciddi bərpaolunan enerji potensialına malik bölgələrdən birinə çevirir. Bu gün Naxçıvanda həyata keçirilən yaşıl enerji layihələri yalnız muxtar respublikanın daxili tələbatının bərpaolunan enerji hesabına təmin edilməsinə deyil, eyni zamanda, yaşıl enerjinin istehsalına və ixracına hesablanıb. Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə həyata keçirilən layihələrin davamı olaraq Naxçıvanda da yaşıl enerji potensialından səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.
"Zəngəzur dəhlizi açıldıqdan sonra isə Naxçıvan Azərbaycan-Türkiyə enerji əməkdaşlığında körpü rolunu oynaya bilər. Beləliklə, Naxçıvan təkcə mühüm nəqliyyat qovşağı deyil, həm də gələcəkdə enerji qovşağı kimi əhəmiyyətli mövqeyə malik olacaq. Naxçıvanda istehsal olunan yaşıl enerjinin Türkiyəyə, oradan isə Avropa bazarlarına çıxarılması imkanları muxtar respublikanın iqtisadi potensialının artırılmasına ciddi töhfə verəcək. Bu baxımdan Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi həm enerji təhlükəsizliyi, həm də regionun gələcək iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır"- deyə Əziz Qasımov əlavə edib.
Qeyd edək ki, avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.