Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda ən güclü və mühüm geosiyasi mövqeyə malik dövlətə çevrilib. Qarabağ münaqişəsinin başa çatması, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionda yeni siyasi reallıqlar formalaşdırıb. Ermənistan rəhbərliyinin də bu reallığı qəbul etməsi, Azərbaycanla münasibətlərin normallaşdırılması, sülhün və dövlətlərarası münasibətlərin qurulması istiqamətində siyasi iradə nümayiş etdirməsi Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma mərhələsinin geridə qalması baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin deputatı, ŞKTC-nin Milli Birlik Partiyasının üzvü Zorlu Töre deyib.
Onun sözlərinə görə, bu baxımdan 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş görüş xüsusi əhəmiyyət kəsb edir: “Görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin razılaşdırılmış mətni paraflanıb, Birgə Bəyannamə imzalanıb və davamlı sülhün təmin olunmasına dair mühüm siyasi iradə ortaya qoyulub. Eyni zamanda, regional nəqliyyat və kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı əldə olunan razılaşmalar Cənubi Qafqazın yeni əməkdaşlıq məkanına çevrilməsi baxımından geniş perspektivlər açır. Vaşinqton görüşü göstərdi ki, uzun illər münaqişə və qarşıdurma ilə xarakterizə olunan regionda artıq sülh, sabitlik, iqtisadi əməkdaşlıq, nəqliyyat və kommunikasiyaların inkişafı əsas gündəmə çevrilməkdədir. ABŞ-nin bu prosesə verdiyi siyasi və diplomatik dəstək də yeni regional reallıqların beynəlxalq səviyyədə qəbul edildiyini göstərən mühüm amillərdəndir”.
Zorlu Töre vurğulayıb ki, bu gün Azərbaycan Cənubi Qafqazda baş verən proseslərin formalaşmasında və regionun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əsas tərəflərdən biridir. “Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, iki ölkə arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə yüksəksəviyyəli əməkdaşlıq regionda sabitliyin və təhlükəsizliyin mühüm dayaqlarından birini təşkil edir. Azərbaycanın öz milli maraqlarını və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməsi nəticəsində regionda mövcud reallıqlar dəyişib. Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində ölkə nəinki öz suverenliyini və ərazi bütövlüyünü təmin edib, eyni zamanda, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanların yaranmasına mühüm töhfə verib. Bu baxımdan Prezident İlham Əliyevi ölkənin milli maraqlarının qətiyyətlə müdafiəsinə və regionda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş siyasətinə görə təbrik edirəm”, - deyə o diqqətə çatdırıb.
ŞKTC parlamentinin deputatı bildirib ki, formalaşan yeni siyasi reallıq Türk dünyası üçün də mühüm perspektivlər yaradır:” Azərbaycan Türkiyə ilə Mərkəzi Asiyanın türk dövlətləri arasında mühüm strateji bağlantı rolunu oynamaqla yanaşı, Türk dünyasının Avropa və Asiya arasında əlaqələrinin genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın nəqliyyat və kommunikasiya layihələrində fəal iştirakı, Türkiyə ilə strateji tərəfdaşlığının daha da möhkəmlənməsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi Türk Dövlətləri Təşkilatının imkanlarının və nüfuzunun artırılmasına mühüm töhfə verə bilər. Bir il əvvəl 8 avqust Vaşinqton görüşündə ortaya qoyulan sülh gündəliyi də bu baxımdan yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir. Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması region xalqlarının rifahına, iqtisadi inkişafına və qarşılıqlı əməkdaşlığın genişlənməsinə şərait yaratmaqla yanaşı, Türk dünyasında inteqrasiya proseslərinin daha da sürətlənməsinə mühüm töhfə verəcək. İnanırıq ki, qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatının rolu artacaq və Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa əsaslanan yeni mərhələ davamlı xarakter alacaq”.