Müasir dövrün ən ciddi qlobal çağırışlarından biri olan narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq problemi artıq milli sərhədləri aşaraq bəşəriyyətin bu günü və gələcəyi üçün real təhlükə mənbəyinə çevrilmişdir. Bu mənfi tendensiyanın doğura biləcəyi sosial, iqtisadi və mənəvi fəsadların qarşısının alınması məqsədilə dünya dövlətləri narkomanlığa qarşı mübarizə mexanizmlərini və müalicə metodlarını daim təkmilləşdirir, beynəlxalq əməkdaşlıq çərçivəsində birgə fəaliyyət imkanlarını genişləndirirlər.
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri insan sağlamlığının qorunması və əhalinin rifahının yüksəldilməsidir. Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti, sistemli və ardıcıl yanaşmaya əsaslanan məqsədyönlü qərarları, sosial-iqtisadi və hüquqi sahələrdə həyata keçirdiyi islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin etmiş, Azərbaycanı regionun aparıcı və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Dövlətimizin çoxşaxəli siyasətində insan amili, xüsusilə sağlam həyat tərzinin təşviqi və sosial təhlükəsizliyin təmin olunması mühüm yer tutur.
Bu gün milli maraqların qorunması əsas götürülməklə dövrün çağırışlarına adekvat cavab verən ölkəmiz narkotiklərlə mübarizə sahəsində beynəlxalq təşəbbüslərdə iştirakını daha intensiv və səmərəli şəkildə davam etdirir, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə istiqamətində institusional və əməli-praktiki tədbirlərin həyata keçirilməsini təmin edir. Görülmüş tədbirlərin davamlığının və sistemliyinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq olunub. Dövlət proqramının Tədbirlər Planında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlərin gücləndirilməsi, narkomaniya xəstəliyi ilə əlaqədar tibb müəssisəsinin fəaliyyətinin təmin edilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, həkim-narkoloq və klinik (tibbi) psixoloqların sayının artırılması, narkotik asılılıqdan əziyyət çəkən şəxslərin müalicə prosesində tətbiqi üçün psixoloji dəstək proqramlarının hazırlanması, beynəlxalq təcrübədən istifadə etməklə, əməkdaşların peşəkarlığının yüksəldilməsi və təcrübə mübadiləsi məqsədilə seminar və interaktiv təlimlərin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət proqramında narkotiklərlə mübarizə sahəsində müşahidə olunan qlobal trendlər və onların ölkənin mövcud potensialına mümkün təsirləri qiymətləndirilmiş, mövcud vəziyyət hərtərəfli təhlil edilmiş və uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılmışdır. Eyni zamanda hədəf göstəriciləri və prioritet istiqamətlər müəyyən edilmiş, icra müddətləri göstərilməklə tədbirlər planı, əsas və digər icraçı qurumlar, gözlənilən nəticələr və icra mexanizmləri təsbit olunmuşdur. Sənəddə nəzərdə tutulan vəzifələrin icrası Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz daşınmasının qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlərin gücləndirilməsinə, narkomanlığın maarifləndirmə yolu ilə qarşısının alınmasına, narkoloji xidmətin keyfiyyətinin yüksəldilməsinə, habelə beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər çərçivəsində effektiv əməkdaşlığın təmin olunmasına və qaçaqmalçılıq risklərinin azaldılmasına töhfəsini verməkdədir.
Qanunvericiliyin təkmilləşdirilməsi vacib şərtdir
Normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi prosesinin səmərəli təşkili məqsədilə külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə müvafiq komissiyalar yaradılmış, az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv olunması ilə bağlı rayon (şəhər) komissiyaları yenidən formalaşdırılmışdır.
Bununla yanaşı, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutularaq peşə və vəzifələr üzrə əmək münasibətlərinin tənzimlənməsi üçün əmək müqaviləsi bağlanılarkən narkoloji mərkəzlərdə və ya dispanserlərdə qeydiyyatda olma vəziyyətini təsdiq edən arayışın tələb edilməsi, habelə bu tələblərin pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi barədə qanun və fərman layihələri hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.
Həmçinin vətəndaşların narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə bu xidmətin "ASAN xidmət" mərkəzləri tərəfindən həyata keçirilməsinin təmin edilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi, habelə bu xəstəliyə düçar olan şəxslərin müalicəsi və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Hüquq-mühafizə orqanları tərəfindən görülən işlər konkret nəticələr verir
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz yollarla respublikaya gətirilməsinin qarşısının alınması üçün gömrük-sərhəd keçid məntəqələrinə nəzarət, aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqələr və əməliyyat-axtarış fəaliyyəti gücləndirilmiş, sərhəd keçid məntəqələrindən kənar marşrutların müəyyən edilməsi, göstərilən sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, bu növ cinayətlərlə məşğul olan şəxslərin və mütəşəkkil cinayətkar dəstələrin müəyyən olunaraq istintaqa cəlb edilmələri istiqamətində təşkilat və praktik tədbirlərin səmərəliliyi daha da artırılıb.
2025-ci ilin yanvar-noyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7441 cinayət faktı aşkar olunub. Onlardan 2403-ü narkotik vasitələrin qanunsuz satışı, 4850-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 186-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. 8 ton 334 kq 712 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 037 kq 413 qramını marixuana, 745 kq 500 qramını heroin, 144 kq 728 qramını tiryək, 75 kq 384 qramını həşiş, 153,551 qramını kokain, 181 kq 871 qramını digər narkotik vasitələr və 149 kq 660 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 15 516 ədəd metadon, 18 938 ədəd çətənə bitkisi, eləcə də 1 kq 111 qram, 108 həb və 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb. Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 600 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib. Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kq 712 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumi dəyəri isə 219 milyon 573 min manat olub.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4961-i kişi, 156-sı qadın olmaqla 5117 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Məsuliyyətə cəlb edilmiş 85 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 501 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 271 qram çətənə bitkisi götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 231 fakt aşkar edilib. Fakt üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 847 kq 095 qram və 15 516 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 194 ədəd həb və 5,7 qram güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə aşkar edilən cinayətlərin 274-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 658 kq 377 qram narkotik vasitə, psixotrop maddə və 309 kq 436 qram güclü təsir edən maddə müsadirə edilib. 2439 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 2 ton 044 kq 413 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə olunub.
Aparılan təhlil göstərir ki, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1108, qanunsuz satışla bağlı faktların sayı 434, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 628, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 42, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 4, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında törədilmiş cinayətlərin sayı 39 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı isə 1576 nəfər azalıb. Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin çəkisi 1 ton 931 kq 065 qram artıb.
Qeyd edək ki, müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 7 ton 037 kq 413 qramını (84,4 faiz) marixuana təşkil edib. Onun 6 ton 204 kq 757 qramı (88,1 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 832 kq 655 qramı (11,8 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisindəki istixanalarda, zirzəmilərdə, həyətyanı sahələrdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmiş vasitələrdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29 may tarixlərində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya tərəfindən ümumilikdə 2358 məhkəmə qərarına əsasən, barəsində məhvetmə qərarı qəbul edilərək 10 ton 121 kq 801 qram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, 8644 ədəd çətənə bitkisi məhv edilib.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 64 rayon və şəhərdə 2317 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş və ümumi çəkisi 57 kq 812 qram və 21 həb müxtəlif narkotik vasitənin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 562 ədəd çətənə bitkisinin yox edilməsi təmin olunub. Narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlara gəlincə qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 87765 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 5179 nəfərdən 2719 nəfərinin istifadəçi olması müəyyən edilərək zəruri tədbirlər görülüb.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 282, QİÇS-lə Mübarizə Mərkəzində 315, Sumqayıt Narkoloji Mərkəzində 124 nəfər) ümumilikdə 721 xəstə müalicə alır. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanlar arasında İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hallarının sayında azalma müşahidə edilir. 2025-ci ilin noyabr ayının sonunadək aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 54 nəfər (4,9 faiz) infeksion narkotik istifadəçiləri olub.
Narkomanlığa qarşı mübarizədə təbliğat, profilaktika və monitorinq işinin təşkili
Azərbaycan Respublikası Audiovizual Şurası Dövlət Komissiyasının müvafiq iclaslarında qəbul edilmiş qərarlara əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun ümumölkə televiziya kanallarında işıqlandırılmasının monitorinqini həyata keçirib. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə 2025-ci il ərzində televiziya və radio kanallarında 20 min dəfəyə yaxın yayımın həyata keçirilməsi, televiziya kanallarında ekspertlərin iştirakı ilə 100-dən artıq xüsusi verilişin təşkil edilməsi, habelə narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərinin hazırlanması təmin olunub.
Ötən ilin iyun ayından etibarən "802-Qaynar xətt" xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial çarx ümumölkə və regional yerüstü radio yayımçılarının efirində yayımlanıb. Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə ölkə üzrə fəaliyyət göstərən 17 çap və 46 onlayn media subyektinə müvafiq tövsiyələr verərək, ümumilikdə 13000 maarifləndirici materialın dərci təmin edilib.
Qeyd edək ki, ötən il "802-Qaynar xətt" telefon xidmətinə, "055 600-08-02" mobil telefon nömrəsi vasitəsilə "Vatsap", "070-400-08-02" mobil telefon nömrəsi vasitəsilə isə "Teleqram" hesablarına ümumilikdə 1225 müraciət daxil olub. Müraciətlərdən 138-i narkotik vasitələrin qanunsuz satışı (32 müraciət əsasında cinayət işləri başlanılıb, 37 müraciət nəzarətə götürülüb), 57-si narkomaniyadan müalicə (24 nəfər stasionar müalicəyə cəlb olunub), 1030-u isə digər məsələlərlə (təkrar müraciətlər, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı idi. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 195 məktub ünvanlanıb və zəruri tədbirlər də görülüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilən SMS maarifləndirmə layihəsi çərçivəsində sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı "Azərfon", "Bakcell" MMC və "Azercell Telekom" MMC vasitəsilə ümumilikdə 9,1 milyon aktiv abunəçiyə SMS bildirişlərinin göndərilməsi təmin edilib.
Gənclər Fondu ilə antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə imzalanmış birgə Tədbirlər Planına əsasən, "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində 14 rayonda 130 kənd üzrə yeniyetmə və gənclər "Gənclər siyasəti və dövlətçilik", "Zərərli vərdişlərə yox deyək", "Peşə seçimi və karyera" və "Sağlam və təhlükəsiz həyat" mövzularında təlimlərə cəlb olunublar. Layihə çərçivəsində ümumilikdə keçirilmiş 53 tədbirdə 9600 yeniyetmə iştirak edib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin, Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Mərkəzinin və digər aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında narkomanlıqla bağlı hüquqazidd hərəkətlərin qarşısının alınması, onların gələcəkdə təkrarlanmaması və zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə, habelə narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti nəzərə alınmaqla valideynlərin iştirakı təmin edilməklə qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilib.
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi, penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Dövlət Komissiyasının İşçi Qrupu ilə imzaladığı tədbirlər planına uyğun olaraq aidiyyəti dövlət orqanlarının iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilib.
İnternat tipli ümumi təhsil müəssisələrində təhsil alan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində "Sağlam gələcək naminə" mövzusunda söhbətlər aparılıb. Narkotik və psixotrop maddələr haqqında məlumatlığın artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu rayon və şəhər icra hakimiyyətləri ilə birgə ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimləri, psixoloqları, valideynlər şuralarının üzvləri və şagirdlər üçün maarifləndirici tədbirlər keçirib. Bunadan başqa, qeyri-hökumət təşkilatları nümayəndələrinin narkotik vasitələrə və psixotrop maddələrə dair təyin edilmiş ekspertizalar, həmçinin narkotik asılılığından müalicə və reabilitasiya prosesi barədə məlumatlandırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələri üçün məlumatlandırıcı görüşlər təşkil edilib. 2025-ci il ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının iştirakı təmin edilməklə ümumilikdə 200 tədbir (122 maarifləndirici və təşkilati tədbir, 63 təlim, 13 sosial layihə, 2 televiziya proqramında iştirak) keçirilib.
Narkomanlığa qarşı mübarizə üzrə təlimlərin təşkili, yeniyetmə və gənclər, o cümlədən gənc idmançılar, tələbələr və könüllülər arasında narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə maarifləndirmə işlərinin aparılması, gənclər təşkilatları üçün təlim və seminarların, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirələrin keçirilməsi, ənənəvi "Yay Fest" çərçivəsində və internat məktəblərinin yuxarı sinif şagirdləri üçün düşərgələrin təşkili və infoturların keçirilməsi, habelə cəzaçəkmə müəssisələrində antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Gənclər Fondu, Azərbaycan Milli Antidopinq Agentliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında bu günlər 2026-cı il üçün Tədbirlər Planının imzalanması planlaşdırılır.
Fəqan ŞAHVERDİYEV,
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri