Hörmüz boğazının bağlanması ilə dünya bazarında neftin qiymətinin artması milli iqtisadiyyatlar üçün yaranan problemi tam formada əks etdirmir. Neftin qiymətinin artması problemin bir hissəsidir. Əsaslı problem hasilatın dayanması, neftlə dolu tankerlərin açıq dənizdə gözləməsi və kəmər vasitəsilə nəql olunan xam neftin kəmərdə qalmasındadır.
AZƏRTAC xəbər verir ki, 2025-ci ilin birinci yarısında Hörmüz boğazından dünya bazarına 20,9 milyon barel neft və 11,4 milyard kubmetr sıxılmış qaz (LNG) ixrac olunub ki, bu da qiymətlərin sabit qalmasını təmin edib.
Hazırda Körfəzdə 200 tanker qalıb ki, bunlar da Hörmüz boğazından keçib açıq okeana çıxmağı gözləyirlər. Bu tankerlərin 60-ı super tankerdir. Onlar da dünya bazarının xam neftə olan tələbatının 8 faizini nəql edirlər.
Bəs tankerlər vaxtında yükünü boşaldıb terminala qayıtmayanda nə olur? Mütəxəssislər bu suala cavab verərək bildirirlər ki, quyular daimi işləyir və hasil olunan neft saxlanclara yığılır və dolur. Tanker vaxtında qayıtmayanda xam nefti saxlamağa yer tapılmır. Kəmərdə axmadan qalan xam neft bərkiyir və nasosların neftin axmasını təmin edə bilmir.
Bunlardan başqa, neftayırma zavodu kifayət qədər neft ilə təmin olmadığı üçün benzin, dizel, mazut və digər məhsulların istehsalını azaltmaq məcburiyyətində qalır və istehlakda çatışmazlıq yaranır. Həmçinin zavodun borularında qalan xam neft də bərkiyir ki, sonradan onların təmizlənməsi həm vaxt, həm də vəsait aparır.
Hazırda körfəzdə açıq dənizə çıxmaq üçün 133 konteyner daşıyan gəmi qalıb. Hamı müharibənin bitməsini gözləyir.