Neft qiymətlərindəki bahalaşma uzun müddət davam etməsə, cari il qlobal iqtisadiyyatda 2,6 faiz sabit artım gözlənilir. Lakin, neftin qiymətinin 100 dollar/barel səviyyəsində qalacağı ssenaridə isə qlobal təchizatda ciddi fasilə riski yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu proqnozla “Fitch Ratings” beynəlxalq reytinq agentliyi çıxış edib.
Bildirilir ki, neft qiymətlərinin artması və tədarük məhdudiyyətləri uzun müddət davam edərsə, inflyasiya kəskin şəkildə arta və iqtisadi artım əhəmiyyətli dərəcədə azala bilər. Neft qiymətlərinin bu artımı baza ssenarilərinə görə nisbətən qısamüddətli ola bilər. Lakin, neft qiymətləri bir il ərzində 100 dollar səviyyəsində qalarsa, dörd rübün sonunda qlobal ÜDM yarım bənd daha aşağı ola bilər. Bu da 500 milyard dollarlıq şok deməkdir.
Analitiklər hazırda Yaxın Şərqdəki münaqişənin qlobal iqtisadiyyata təsirlərinin çox güman ki, müvəqqəti olacağına inanırlar. Münaqişədən əvvəl də bazarda artıq neft tədarükü olduğu və Hörmüz boğazının yenidən açılmasından sonra qiymətlərin olduqca tez düşə biləcəyi bildirilib.
Qlobal neft tələbatının 20 faizini təşkil edən gündəlik təxminən 20 milyon barel neftin daşındığı Hörmüz boğazının bağlanması xam neft və neft məhsulları ticarətinin demək olar ki, dayandırılmasına səbəb olub. Bu da neft bazarlarında tədarüklə bağlı narahatlıqlarını dərinləşdirir və kəskin qiymət artımlarına səbəb olur.
Beynəlxalq Enerji Agentliyi isə Körfəzdən tədarükün azalması səbəbindən bu ay ərzində gündəlik təxminən 10 milyon barel neftin istismardan çıxarılacağını proqnozlaşdırır. Bu, qlobal bazarı tarixində ən böyük tədarük çatışmazlığı ola bilər.