Müstəqilliyin təməlini yaradan Lider
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində, xalqın təkidli tələbi ilə Ali Sovetin sədri seçildikdən sonra Parlament zalında ilk çıxışında prioritetləri bəyan edərkən bildirmişdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Öncəki səbatsız iqtidarlardan fərqli olaraq dahi Heydər Əliyev müstəqillik anlayışını çox yaxşı dərk edirdi. Daha dəqiq desək, 90-cı illərin ağır periodunda, müstəqillik anlayışını Heydər Əliyevdən daha yaxşı dərk edə biləcək kimsə ola bilməzdi. Çünki bu müstəqilliyin təməlini hələ sovet dövründə, 1969-1985-ci illərdə atdığı ardıcıl, məqsədyönlü addımlarla elə Ulu Öndər özü qoymuşdu. Sadəcə meydan şouları, müstəqillik mübarizəsi imitasiyaları müttəfiq dövlətlərdən fərqli olaraq Azərbaycanın suverenlik yolunu xeyli çətinə saldı. Çünki həm Vəzirov-Mütəllibov, həm də AXC-Müsavat cütlükləri üçün daha vacib olanı Heydər Əliyev ideyaları, o cümlədən onun suveren Azərbaycan ideyası ilə mübarizə və dahi liderin fiziki məhvinə nail olmaq idi. Təbii ki, xalqın iradəsi qarşısında fiaskoya məhkum belə cılız cəhdlər müasir dövlətçiliyimizin banisinin iradəsinə təsir edə bilməzdi. Ümumiyyətlə, ötən dövrün təcrübəsi göstərir ki, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada güclü olmaq və müstəqil yaşamaq üçün ilk növbədə Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev kimi müstəqil dövlətçilik təfəkkürü ilə düşünmək lazımdır. Amma təəssüf ki, müstəqillik tariximizdə nə 1918-20-ci illlərdə bu təfəkkür hakim olub, nə də 1991-ci ildən 1993-cü ilin iyununa qədər.
Bu mənada bu ölkə və bu xalq üçün var olan, dövlətçiliyin və müstəqilliyin təməlində dayanan həqiqət Heydər Əliyevdir. Heydər Əliyev özünün azərbaycançılıq ideologiyası ilə elə müstəqil Azərbaycan deməkdir.
Məlumdur ki, 1969-cu ildə Ümummilli Lider Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycan geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən, demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından isə çox daha müstəqil idi.
Biz illər ərzində yanlış təbliğatın, yarıtmaz tarix dərsliklərinin ucbatından Sovet Azərbaycanına ancaq təqiblər dönəmi kimi baxmışıq. Amma Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilirdi. Heydər Əliyev dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar sualına cavab verməyi bacaran ilk və son lideri oldu.
Tarixdən bəllidir ki, Sovet hakimiyyətinin ilk dövrlərində bolşeviklər kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkirdilər. Bolşeviklərin muzdurlar şurasından fərqli olmayan AXC-Müsavat cütlüyü Sovetlərə bağlı nə varsa hər şeyə nifrət aşılamağa, hətta İkinci Dünya müharibəsi iştirakçılarını belə xainlikdə suçlamağa başladılar. Bunun bir səbəbi var idi, Heydər Əliyevə olan kin və düşmənçilik. Bilirdilər ki, Azərbaycan xalqı Əliyev kimi bir dahini qoyub bunlara üz tutmayacaq. Ona görə də Heydər Əliyevi SSRİ və KQB ilə assosiasiya edərək gözdən salmaq istəyirdilər. Amma xalq bilirdi ki, Heydər Əliyev şərəfli general kimi KQB sədri olanda da, Azərbaycana rəhbərlik edəndə də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda da həmişə milli olub. Əks halda 1988-1989-cu ildə meydan hərəkatında olanlardan çox Heydər Əliyev məhrumiyyətlərə məruz qalmazdı. Lakin heç bir amil xalqın iradəsindən daha təsirli ola bilməz və xalqın israrlı tələbi ilə Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya böyük qayıdışı ölkənin və ümumilikdə bölgənin həyatında yeni bir başlanğıc oldu, dövlətimiz müstəqilliyini itirərək parçalanmaqdan, xalq isə vətəndaş müharibəsindən qurtuldu. İnkişaf və tərəqqi üçün zəmin yarandı. Heç şübhəsiz ki, böyük Zəfərə gedən yol da məhz o gündən başladı.
Ümumiyyətlə, ötən bir əsrlik dövr göstərir ki, Qafqazda müstəqilliyi qoruyub saxlamaq əldə etməkdən qat-qat çətindir. Cənubi Qafqazın bütün dövlətləri kimi biz də ilk müstəqilliyimizi tarixi proseslərin təbii gedişatında əldə etmişik. Yəni Çar İmperiyası dağılıb və digər dövlətlər kimi bizi də ilk cümhuriyyətimizi elan etmişik. Lakin o zaman birinci müstəqilliyimizi nəinki qoruya bilmədik, üstəlik, həmin dövrdə istiqlaliyyəti qorumaq cəhdləri böyük ərazi itkiləri ilə nəticələndi. Qərbi Zəngəzur və Göyçəni itirdik. Xüsusən İrəvanın Ermənistana verilməsi kimi böyük tarixi cinayət yaşandı. İkinci müstəqillik dövründə isə “demokratiya” görüntüsü altında hakimiyyəti zəbt etmiş səbatsız qüvvələr Qarabağı və Şərqi Zəngəzuru itirdilər. Həmçinin tarixin təkərrürü təhlükəsi ortaya çıxdı. Daha dəqiq desək, 1993-cü ildə də 1920-ci ildə olduğu kimi müstəqillik də əldən getməkdə üzrə idi ki, məhz Heydər Əliyev şəxsiyyəti həmin dövrdə istiqlalımızın qarantına çevrildi.
Təsadüfi deyil ki, Naxçıvanda dahi Liderə müraciətlərin hamısının məzmununda “xalqı bu bəladan qurtarmaq” xahişlər, hətta təkidli tələbləri əks olunurdu. İnsanlar Heydər Əliyevə ilk və son ümid yeri kimi baxırdılar. Bunun da çox sadə səbəbləri var idi.
Birincisi, Heydər Əliyevin bundan öncə Azərbaycana 13 illik rəhbərlik təcrübəsi var idi. Sovet sistemində Azərbaycan ən ali inkişaf dövrünü məhz bu 13 illik periodda yaşamış, əvvəldə də qeyd etdiyimiz kimi, elə ikinci müstəqilliyinin təməlini də o zaman qoymuşdu. Eyni zamanda Qarabağda erməni separatizmi baş qaldıranda və 20 yanvar hadisələrində birbaşa Moskvadan həyatını riskə atıb sovet sisteminə ilk etiraz edən rəsmi şəxs, o cümlədən də Azərbaycana qayıdıb Naxçıvana rəhbərlik etdiyi dövrdə ilk dəfə üçrəngli bayrağımızı dövlət müəssisələrində dalğalandıran məhz Ulu Öndər olmuşdu. 1991-ci ildə Heydər Əliyev Naxçıvanda üçrəngli bayrağı dalğalandırdığı halda xalq görürdü ki, Bakıda hakimiyyət də, meydandakılar da konkret addım niyyəti göstərmir. Hətta İttifaq ölkələri bir-birinin ardınca müstəqilliyini elan etsə də, Bakıdakı “demokratlar” SSRİ-dən çıxıb-çıxmamaq barədə qərarsız qalmışdılar. Bakıda müstəqillik məsələsini referenduma çıxarmaq kimi utancverici bir qərar alındığı halda Heydər Əliyev tarixi cəsarət göstərib bu ideyanı ümumiyyətlə, rədd etdi və Naxçıvanda ümumxalq səsverməsi keçirilməsinə imkan vermədi. Məhz bu qətiyyət xalqa kimin kim olduğunu bir daha göstərdi. Ölkənin üzərini almış vətəndaş müharibəsindən, dövləti parçalanmaqdan xilas edə biləcək yeganə gücün məhz Heydər Əliyev olması heç kimdə, hətta ilk gündən Heydər Əliyevə düşmən mövqe sərgiləyən AXC-Müsavat cütlüyündə, o cümlədən ozamankı prezident də şübhə doğurmurdu. Reallıqda da aydın idi ki, Bakıda ozamankı rəhbərliyin nəinki, dövləti idarə etməyə, ümumiyyətlə, heç özlərini idarə etməyə səriştələri yox idi. Dövlətdə cəzasızlıq şəraitində cəngəllik qaydaları hökm sürürdü. Belə bir şəraitdə, uşaqdan böyüyə hər kəsə aydın idi ki, bütün bəlaların, o cümlədən işğalın, vətəndaş müharibəsinin, daxili parçalanmanın kökündə məhz bu səbatsızlıq və bu yarıtmazlıq dayanırdı. Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya gəlişi bizi ilk növbədə məhz bu zehniyyətdən qurtardı. Xalqı vahid amal uğrunda birləşdirdi, xaricdən maliyyə və silah dəstəyi alıb parçalanmaya rəvac verən ünsürləri zərərsizləşdirdi. Vahid, güclü mərkəzləşdirilmiş dövlət yaratdı, siyasi və iqtisadi müstəqillik üçün zəmin olan beynəlxalq müqavilələr imzaladı. Bu, dövlətin parçalanmadan, dövlətçiliyin süqutdan, xalqın isə məhvdən qurtuluşu demək idi.
Böyük Heydər Əliyevin suverenlik formulu kifayət qədər korrekt idi - ərazi bütövlüyü təmin olunmalı, daxildə sabitlik bərqərar edilməli və bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaradılmalıdır.1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilərkən də dahi lider bazisi məhz bu tezislər üzərində qurdu və qətiyyətli bir yol başlatdı. O, Konstitusiyanın qəbulundan dərhal sonra 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı. “Konstitusiya Məhkəməsi”, “Məhkəmələr və hakimlər”, “Prokurorluq”, “Polis”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar və əsas maddi və prosessual məcəllələr qəbul edildi, yeni üçpilləli müstəqil məhkəmə sistemi yaratdı, ədalət mühakiməsinin beynəlxalq təcrübəyə əsaslanan səmərəli formulunun tətbiqinə xüsusi diqqət yetirilirdi, ölkəmiz MDB məkanında “Habeas Corpus” prinsipini tətbiq edən ilk dövlətlərdən biri oldu. Qısa müddətdə ölüm hökmünü çiçəkləndirən AXC-Müsavat funksionerlərindən fərqli olaraq məhz dahi liderin hakimiyyətə gəlməsi ilə Azərbaycanda bu cəza növü tarixə qovuşdu.
Uzun əsrlərdən sonra real suverenlik yoluna qədəm qoyan Azərbaycan xalqının bəxti onda gətirdi ki, ali konstitusion niyyətlərin realizəsində Ulu Öndər ideyalarını Azərbaycan xalqının vahidliyini təcəssüm və Azərbaycan dövlətçiliyinin varisliyini təmin etməyə qadir bir lider cənab İlham Əliyev davam etdirdi. Daha dəqiq desək, Heydər Əliyev ideyaları özündən sonra daha müasir və mütərəqqi formada, cənab İlham Əliyevin timsalında davam etdi.
Möhtərəm Prezidentin ali siyasi hakimiyyətə gəlişi, əslində, həm də konstitusion niyyətlərimizin təntənəsidir. Birmənalı və əminliklə deyə bilərik ki, son 22 il ərzində cənab İlham Əliyev Cənubi Qafqaz kimi mürəkkəb bir bölgədə müstəqil Azərbaycanın ilk Konstitusiyasında təsbit edilmiş ali niyyətləri öz gücünə və öz qətiyyəti hesabına reallığa çevirə bilib.
Cənab İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir, həm də layiq! Sadəcə idarəçilik milli düşüncədə, doğru əldə olmalıdır. Ulu Öndərin layiqli varisi və Heydər Əliyev siyasi kursunu keyfiyyətcə yeni mərhələyə daşıyan cənab İlham Əliyev prosesə konseptual yanaşmağı bacardı. Güclü iqtisadiyyat qurub, iqtisadi suverenliyimizi təmin etdi. Məcburi köçkün çadır şəhərciklərini ləğv edərək vətəndaşın layiqli rifahı, rəngli inqilablar simgəsi olan narıncı çadırlara meydan verməyərək müstəqilliyimizin davamlılığını təmin etdi, düşüncələri “paladka” təfəkküründən xilas edib 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi. Böyük Zəfərlərimizə qədər cənab İlham Əliyev həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, vətənpərvər gənclik yetişdirdi. 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı. Zəfərdən cəmi 8 gün sonra özünün ən sadiq silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş bölgələrə səfər edən cənab İlham Əliyev tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi. Strateji əhəmiyyətinə görə tarix boyu maraqların toqquşma nöqtəsi olan və faydasından çox zərərini gördüyümüz coğrafiyanı ilk dəfə məhz cənab İlham Əliyev Ulu Öndər siyasi kursuna sadiq qalaraq milli kapitala çevirdi və nə qədər ki Heydər Əliyev siyasi kursunun davamlılığı təmin ediləcək, coğrafiyamız bizim üçün divident gətirməkdə davam edəcək. Heydər Əliyev ideologiyasının, İlham Əliyev şəxsiyyətinin simasında realizəsi nəticəsində bu gün Azərbaycan torpaq itirən dövlətdən işğala, təcavüzə son qoyan və bölgədə diktə edən müzəffər gücə çevrilib, milli həmrəyliyimiz möhkəmlənib. Xüsusən 44 günlük müharibə və antiterror tədbirlərindən sonra yaranan yeni reallıqda cənab İlham Əliyevin rəhbərliyi altında vahid azərbaycançılıq ideyası və milli maraqlar rəhbər tutularaq ölkənin tərəqqisi naminə həlledici addımlar atılmaqda eyni zamanda, Türk dünyasının birliyi yolunda ciddi və təsirli nəticələrə nail olunmaqdadır.
Bütün yaşananlar, əldə olunan müstəsna nəticələr göstərir ki, Azərbaycan üçün ən doğrusu məhz Heydər Əliyev siyasi kursunun davamlılığıdır. Bunun üçün isə Ulu Öndərin irsini dərindən öyrənmək zərurətdir. 21 il əvvəl Ulu Öndər irsini yaşadan, öyrənən və öyrədən Heydər Əliyev Fondunu da məhz bu zərurətlər meydana çıxardı. Əminliklə deyə bilərik ki, Fond Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin arzuladığı dövlət quruculuğunda nəinki aktiv rol almağı bacardı, hətta bir sıra istiqamətlərdə, o cümlədən sosial-mədəni və humanitar sahələrin inkişafında, azərbaycançılıq ideologiyasının və milli həmrəyliyin güclənməsində aparıcı mövqe tutdu. Vətən müharibəsində arxa cəbhənin mənəvi və bir çox hallarda maddi yükü Mehriban xanımın və rəhbərlik etdiyi Fondun üzərinə düşdü. Bu mənada yaradılmasının 21-ci ildönümüdə Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım bu irsi ləyaqətli yaşatdığı üçün ən səmimi minnətdarlığı haqq edir.
Anadan olmasının 102-ci ilində artıq əminliklə deyə bilirik ki, Ümummilli Liderin hər bir sağlam təfəkkürlü azərbaycanlının qəlbində yaşayan irsi bizim taleyimizdir. Çox xoşbəxt xalqıq ki, Ulu Öndər siyasi kursu cənab İlham Əliyevlə özünün tam yeni mərhələsinə qədəm qoyub və bu siyasi irsin davamlılığını heç kim əngəlləyə bilməz.
Bu gün artıq yeni hədəfləri, yeni qızıl alması olan bir Azərbaycan var, müzəffər liderin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamında da ifadə olunduğu kimi, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
,
Milli Məclisin deputatı