Bu, Mingəçevirdə keçirilən konfransın ana xətti idi
Energetiklər şəhəri Mingəçevirdə şəhər icra hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunan konfrans keçirilmişdir. Konfrans iştirakçıları öncə müstəqilliyə aid sərgi ilə tanış olmuş, "Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir" filminə tamaşa etmişlər.
Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov konfransda giriş nitqi söyləmişdir. Qeyd etmişdir ki, çoxəsrlik tariximizin dövlətçilik salnaməsində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində dünyada gedən ictimai-siyasi proseslərin bir hissəsi idi: "Bu dövrdə Azərbaycan xalqı Şərqlə Qərbin svilizasiyasına yeni bir dövlət modeli vermiş, ilk qərarı ilə milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verən Xalq Cümhuriyyətinin yaranmasını elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək olan müddətdə, cəmi 23 ay mövcud olmuşdur. Amma bu az zamanda çox işlər həyata keçirmişdir. Təəssüf ki, bolşeviklərin beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində müstəqil Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etmişdir".
Natiq sonra bildirmişdir ki, 18 oktyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini dünyaya bəyan etdi: "Bununla da Azərbaycan xalqı cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. Ulu Öndər Heydər Əliyev demişdir: "Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları Dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir". Amma müstəqilliyimizin bərpası heç də bizə asan başa gəlmədi.
Hakimiyyət uğrunda çəkişmələr, Ermənistanın torpaqlarımıza təcavüzü, cəbhədəki uğursuzluqlar, daxildə separatçılıq meyillərinin güclənməsi, dövlətçiliyin məhvinə doğru gedən prosesi daha da sürətləndirirdi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdi. Bu isə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması demək idi. Ulu Öndərin apardığı ardıcıl, dönməz siyasət nəticəsində dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi".
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il keçdiyini deyən İ.İsmayılov vurğulamışdır ki, Ümummilli Lider 2003-cü ildə Prezident seçkiləri ərəfəsində İlham Əliyevin xeyrinə öz namizədliyini geri götürərək xalqa xitabən demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Böyük dövlət adamı, siyasət dahisinin tamamilə haqlı olduğunu deyən natiq müasir Azərbaycanın bu günü və işıqlı gələcəyə doğru inamlı addımlarının, gerçəkləşən böyük Qarabağ zəfərinin bu deyilənləri tamamilə sübuta yetirdiyini söyləmişdir.
Konfransda YAP şəhər təşkilatnın sədri Bəxtiyar Mustafayev "Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqımıza müstəqil Azərbaycanı bəxş etmişdir", Mingəçevir Dövlət Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vüqar Məmmədli "Müasir Azərbaycanın inkişaf modeli Heydər Əliyev dühasının bəhrəsidir", Mingəçevir Tibb Kollecinin ictimai fənlər müəllimi Kəmalə Hüseynova "Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi müasir ideologiyamızın əsasıdır", Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov "Heydər Əliyev İdeyalarına əsaslanan Prezident - Xalq - Ordu birliyi zəfərlərimizin təminatçısıdır" mövzuları ilə məruzələr etmişlər. Məruzələrdə dönə-dönə vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün onun xəttinin qətiyyətli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Bu gün ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin əsasını məhz müstəqil Azərbaycanın özü qədər əbədi olan Ulu Öndərin müəyyən etdiyi siyasi kurs təşkil edir.
Lazım QULİYEV,
"Azərbaycan"