10 İyun 2023 10:00
1209
Mədəniyyət
A- A+
Müşfiq XX əsr Azərbaycan poeziyasının təməl daşını qoyanlardan olmuşdur

Müşfiq XX əsr Azərbaycan poeziyasının təməl daşını qoyanlardan olmuşdur

 

Azərbaycan ədəbiyyatının klassikləri və müasirləri birmənalı şəkildə etiraf etmişlər ki, Mikayıl Müşfiq şeir-sənət aləminə ötəri həvəslə yox, yenilikçi və əsl şair kimi gəlmiş, XX əsr Azərbaycan poeziyasının təməl daşını qoyanlardan olmuşdur. O, hər yeni əsəri ilə oxucuları sevindirmiş, istedadlı şair kimi tanınmışdır. 
Bütün yaradıcılığını, həyatını şeirə-sənətə, doğma vətəninin tərəqqisinə və inkişafına həsr etmiş Müşfiqin ibtidai təhsil aldığı illər milli münasibətlərin kəskinləşdiyi, erməni-müsəlman qarşıdurmalarının və münaqişələrin gücləndiyi, ingilis, rus və erməni silahlarının Azərbaycanın müstəqilliyinə  tuşlandığı vaxtlara, millətin azadlıq və müstəqillik arzusu ilə canından-qanından keçdiyi ağrılı-acılı günlərə, təhsilinin son iki ili isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və süqutuna təsadüf edir.
Sovetləşmə dövründə Mikayıl İsmayılzadə (Mikayıl Müşfiq) Bakı Darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. O, ilk şeirlərini məktəbli ikən yazmış, divar qəzetində çap etdirmişdir. Şeirləri təmiz Azərbaycan  türkcəsinin  axarı-buxarı ilə  seçilirdi. Mikayıl Müşfiq imzası ilə böyük ədəbiyyata, dövri mətbuata 1926-cı ildə "Gənc işçi" qəzetinin 28 aprel nömrəsində dərc olunan "Bir gün" adlı şeiri ilə qədəm qoymuşdur. 
Fitri istedada malik gənc şeir yazmaqla yanaşı, mütaliə edir, təhsilini və savadını artırmağa səy göstərirdi. Ona görə də 1927-1928-ci tədris ilində Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsinə daxil olmuş, bu elm məbədini uğurla bitirmişdir. Əmək fəaliyyətinə pedaqoq kimi başlayan şair Bakının orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri hazırda onun adını daşıyan Yasamal rayonundakı 18 saylı orta məktəb olmuşdur.
Müşfiq 1931-ci ildə Bakı Pedaqoji Texnikumunun tələbəsi Dilbərlə tanış olmuş, 1933-cü ildə ailə qurmuşdur.         

 

Onun şeirlərində işıqlı gələcəyə inam motivləri daha çox idi

 

Mikayıl Müşfiq 1918-ci  ildə qurulan müstəqilliyimizin şahidi  olub. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti XI rus ordusu tərəfindən süquta uğradılanda - ölkəmiz yenidən müstəmləkə boyunduruğuna sürüklənəndə Müşfiqin 12 yaşı  var  idi. Dəhşətli çaxnaşmalar onun şair qəlbini narahat edirdi.

Vətən getdi əldən, dil getdi əldən,
Hər yetən dəm vurur beynəlmiləldən.

- deyə bütün dünyanı işğalçı "beynəlmiləlçilik"lə tanış edən şair məslək etibarilə milli duyğulu Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Əhməd Cavad, Almas İldırım, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Salman Mümtaz, Vəli  Xuluflu, Əhməd Ağaoğlu, Firudin bəy Köçərli və dövrün bu kimi ziyalılarının istək və ideyalarına dəstək olurdu. 
Müşfiq Azərbaycan poeziyasında xalq ruhunun qaynaqlarından, şifahi ədəbiyyatın ölməz ənənələrindən, eləcə də Şərq, xüsusən türk poeziyasının zəngin xəzinəsindən öyrənə-öyrənə boy atmışdı. 

Mən gəncəm, bilirəm istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır, qara yel, əsmə, 
Mənim bu dünyada bir sandalım var.

Gənclik ehtirası ilə yazıb-yaradan Müşfiq bu ruhlu şeirləri ilə sabaha, işıqlı gələcəyə inam motivlərinin ilk qaranquşuna çevrilirdi. Təsadüfi deyil ki, sonralar onun güllələnməsinə "səbəb" olan "əsas amillər"dən biri də guya Türkiyənin bayrağına işarə kimi bu "bədr olmamış hilal" oldu. Bu gün ziyalılarımızın - alim, şair, tarixçi, ən çox da incəsənət və iş adamlarının qarşılıqlı surətdə bir-birinin evinin, süfrəsinin, məclisinin yuxarı başında əyləşdikləri, "Bir millət, iki dövlət" olaraq qol-boyun olduğumuz bir vaxtda Müşfiqin "o bədr olmamış hilal"ı on dörd gecəlik aya dönüb qaranlıq gecəmizi işıqlandırır. On şeir kitabının müəllifi olan Mikayıl  Müşfiq nəinki istedadlı şair, xeyirxah insan və istedadlı tərcüməçi idi. Onun poetik istedadı Ömər Xəyyam, Puşkin, Lermontov, Şevçenko yaradıcılığının bütün gözəlliyini Azərbaycan oxucusuna çatdırmışdır. 
Şairin dillər əzbəri olan "Yenə o bağ olaydı", "Oxu,  tar", "Maralım", "Yaşa, könül", "Sənə  qurban", "Küləklər" kimi sevgi dolu lirik şeirləri  ilə yanaşı, bolşevik  ab-havasını tərənnüm edən "28 aprel", "Zəfər səsləri", "Əmək", "İrəli" kimi şeirləri də olub. Müşfiq Oktyabr inqilabının qələbəsindən başlayaraq yarımçıq ömrünün axırına kimi həmin quruluşa inanıb, həmin inamdan doğan duyğularını nəzmə çəkib. O, Azərbaycan ədəbiyyatının yeni mündəricəli sosialist poeziyasını yaradanlardan biri olub. 

 

Şairi ölüm girdabına sürükləyənlər kimlər idi 

 

O qanlı-qadalı illərdə, haqsızlığın ayaq açıb yeridiyi, haqqın qoluna qandal vurulduğu bir dövrdə Müşfiqi müsavatçı, pantürkist, yeni quruluşu bəyənməyən şair kimi qələmə verənlərin sayı getdikcə artırdı. Yeni quruluşun mahiyyətindən gələn bu ənənə cəmiyyətin bütün zümrələrini başına götürmüşdü. Azərbaycan Şura Yazıçıları Cəmiyyətində də vəziyyət eyni idi. Hansı yığıncaq olsa, hansı bolşevik mətbuatı olsa, Hüseyn Caviddən, Əhməd Cavaddan, Hacı Kərim Sanılıdan başlayıb Müşfiqdə qurtarırdılar. Bir dəfə Azərbaycan şura yazıçılarının yığıncağında adı və imzası heç kimə bəlli olmayan firqəçi şairciklərdən biri  Müşfiqin şeirlərinin vətənə və xalqa gərəksizliyindən bəhs etdi, onu qatı müsavatçı və yeni quruluşun düşməni adlandırdı. Böyük Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz, Hacı Kərim Sanılı ilə yanbayan oturan Müşfiq tələsik bloknotundan bir vərəq cırıb dizinin üstündə dərhal nəsə yazıb tribunadan düşüb arxa cərgədə yerində oturmağa gedən şairciyə uzatdı. "Natiq"in öyünə-öyünə yanındakıların müşayiəti ilə açdığı həmin vərəqdə yazılmışdı:

Şairə ilhamdan maya gərəkdir, 
Anasız cocuğa dayə gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir!

Müşfiq 1937-ci ilin yay ayında, anadan olduğu gün səhər saat 9-da Azərbaycan Baş Siyasi İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. O, həbsxana zirzəmisində saxlanılandan az sonra repressiya maşını böyük qardaşı - 32 yaşlı Mirzənin, bacıları - 30 yaşlı Böyükxanımın və 29 yaşlı Balacaxanımın, 16 yaşlı əmisi oğlu Yunis Dağlının həyatını, ailəsini məhv etdi. Mirzə Astarada hesabdar işləyirdi. Onu oradan necə götürdülərsə, nə öldüsü, nə də qaldısı barədə indiyəcən  məlumat yoxdur. Yunis təzə yazmağa başlayan həvəskar şair idi. On bir il şaxtalı Sibir çöllərində sürgün həyatı keçirib qayıtdı. O vaxt Müşfiqin bacısı - 30 yaşlı Böyükxanım bibisi oğlu Zeynalabdinin həyat yoldaşı idi. Zeynalabdin işdə olarkən "Emadin" markalı qara maşın Böyükxanımı həbs etmək üçün həyətə gəlir. Meşin gödəkcəli NKVD-çilər evdə axtarış aparırlar. Şəkilləri, kitabları götürürlər. Böyükxanım paltar dəyişmək bəhanəsilə yan otağa keçir, orada olan dolu neft qabını son damlasına kimi üstünə tökür, sonra həyətə çıxır və uca səslə "Müşfiqə canım fəda olsun" deyib özünü yandırır. Bundan şoka düşən meşin gödəkçəlilər alovu söndürməyə çalışsalar da, gec olur.
Mikayıl Müşfiqlə əlaqədar 1938-ci il yanvarın 4-də saat 10.20-də başlayan məhkəmə iclası 10.40-da bağlı elan edilir. Cəmi 20 dəqiqə davam edən məhkəmə iclasında İsmayılzadə Mikayıl (Müşfiq) Əbdülqədir oğlunun burjua-millətçi ideyalarla yaşadığı, müsavatçılarla əlaqəsi, ən nəhayət, 1935-ci ildən sovet hökumətinin əleyhinə işləyən üsyançı-terrorçu təşkilatın üzvü olduğu "müəyyən" edilir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Mikayıl Müşfiqi ən ağır cəzaya - bütün əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edir. Böyük şair xüsusi təhlükəli düşmən kimi bir gün sonra - yanvarın 6-da sübh tezdən güllələnir.
Mikayıl Müşfiqin işıqlı ömrünə 29 yaşında son qoyulmuşdur. Ədəbiyyatşünaslar birmənalı şəkildə təsdiqləyirlər ki, on bir illik yaradıcılıq fəaliyyəti dövründə, xüsusilə 1920-1930-cu illərdə Azərbaycan şeirinin istər məzmun, istər sənətkarlıq, istərsə də bədii ustalıq cəhətdən qüvvətlənməsində Mikayıl Müşfiqin böyük rolu olmuşdur. Faciəli illər, Stalinin cəza tədbirləri bu istedadın həyatını çox tez söndürmüşdür. Lakin qısa yaradıcılıq dövründə şair elə əsərlər yarada bilmişdir ki, bunlar onun adını əbədiləşdirmiş və Azərbaycan ədəbiyyatının "qızıl fondu"na daxil etmişdir.

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!