23 Sentyabr 2022 00:51
1221
SİYASƏT
A- A+

Murovdan Araza qədər…

 

Sərhədin bütün əlverişli strateji mövqelərində Azərbaycan bayrağı dalğalanır

 

44 gün davam edən İkinci Qarabağ müharibəsinin ortaya qoyduğu bütün reallıqlar Azərbaycanın qüdrətinin, xalqımızı qalib edən inkişaf siyasətinin möhtəşəm təntənəsinə çevrilərək, tariximizi şərəfləndirdi. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması ilə Prezident İlham Əliyev xalqımızın timsalında tarixi ədalətin yoluna qoyulmasının, tapdalanmış milli hüquqların bərpa edilməsinin müasir nümunəsini yaratdı.

 

Qələbəyə aparan yolun başlanğıcı

 

Vaxtilə danışıqlar yolu ilə müzakirə olunan məsələləri, tarixin arxivinə göndərilən Minsk qrupu formatında yoluna qoyulmayan problemi Azərbaycan güc yolu ilə, "dəmir yumruq"la həll etdi. İndi həm torpaqlarımız azaddır, həm də dövlət sərhədlərimiz tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. 
İşğal zamanı Ermənistan ordusunun bölmələri ən əlverişli mövqelərdə yerləşmişdilər. Təbii istehkam rolunu oynayan həmin mövqeləri sonrakı dövrdə işğalçı qüvvələr daha da möhkəmləndirmiş, bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdılar. Lakin hələ 2016-cı ilin Aprel döyüşləri təsdiq etmişdi ki, həmin möhkəmləndirilmiş mövqelər Azərbaycan Ordusunun hücumlarının qarşısını ala bilməz. Həmin vaxt Lələtəpə və Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəklikləri, ümumilikdə isə 2 min hektar torpaqlarımızı işğaldan azad etməklə ordumuz cəbhə xəttinin həmin istiqamətlərində mühüm üstünlüyünü təmin etmişdi.  Həmin yüksəkliklər və mövqelər, eləcə də işğaldan azad edilmiş digər ərazilər ordumuzun bölmələrinə təmas xəttində vəziyyətə tam nəzarət etməyə, istənilən hərbi tədbiri görməyə imkan verirdi. 
2018-ci ildə  həyata keçirilən və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu "Günnüt əməliyyatı" isə ordumuza yeni strateji üstünlüklər qazandırdı. Belə ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelərə nəzarətimiz təmin olundu. Bu əməliyyat zamanı Əlahiddə Ümumqoşun Ordu Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində dövlət sərhədi boyu əlverişli mövqelərdə ordumuzun bölmələri yerləşdilər. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən geri alındı. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti ordumuza İrəvandan Gorusa gedən avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.
Bütün bunlar Vətən müharibəsindən əvvəl torpaqlarımızın işğaldan azad olunmasına, Azərbaycanı böyük qələbəyə aparan şanlı yolun uğurlu başlanğıcı idi…

 

Ermənistanın kommunikasiya xətləri Silahlı Qüvvələrimizin nəzarətindədir

 

İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərinə qədər ərazilərimizi işğaldan azad etdi. Hazırda dövlət sərhədləri boyunca strateji əhəmiyyət daşıyan bütün yüksəkliklər və mövqelər Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaltdıqdan sonra çıxış edən Prezident 
İlham Əliyev bu barədə demişdir: "Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq". 
Sentyabr ayında Ermənistanın hərbi təxribatlarına qətiyyətlə cavab verən Azərbaycan Ordusu sərhəd zonasında üstünlüyünü daha da artırıb. Bu ərazilərdə bütün nəqliyyat-kommunikasiya sistemləri bölmələrimizin nəzarətindədir. O cümlədən İrəvan-Qafan yoluna ordumuz nəzarət edir. Bu da Ermənistanın Azərbaycanla sərhəd istiqamətində istənilən hərbi addımlarını izləməyə imkan verir. Beləliklə, Ermənistan Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcək. Strateji mövqelərin Azərbaycanın nəzarətində olması həm də Silahlı Qüvvələrimizin mənəvi-psixoloji vəziyyətinə olduqca müsbət təsir edən vacib məqamlar sırasındadır.
Onu da qeyd edək ki, son hadisələr zamanı törətdiyi təxribat bumeranq effekti verərək özünə dəyən Ermənistan nə qədər hay-küy salsa da, niyyətinə çata bilmədi. Çünki artıq dünya erməni yalanlarına inanmır. Azərbaycan isə sülhün tərəfdarıdır və Brüssel formatında aparılan danışıqlar da bunu təsdiq edir. Digər tərəfdən Vətən müharibəsinin başa çatmasından sonra Bakı sərhədlərin delimitasiya və demarkasiyasına çalışır. Lakin Ermənistanın destruktivliyi səbəbindən hələ ki, bu istiqamətlərdə irəliləyiş yoxdur. Proseslərin gedişatı onu göstərir ki, Ermənistan sülh istəmir, revanşist xəyallarla yaşayır. Sərhədlərin delimitasiyası isə İrəvanın sülh təşəbbüslərini sabotaj etməsi səbəbindən formal xarakter daşıyır. 
Ermənistanın nə istəməsinin artıq əhəmiyyəti və mənası yoxdur. Bizim üçün əsas odur ki, 30 il işğalçının nəzarətində olan sərhədlərimizdə indi Azərbaycan Silahlı Qüvvələri dayanıb. Bu gün Murov dağından Araz çayına qədər dövlət sərhədinin bütün əlverişli və strateji mövqelərində Azərbaycan bayrağı dalğalanır. Bütün bunlar isə dövlətimizin  qüdrətinin, xalqımızın böyüklüyünün tərənnümçüsü olmaqla qalibiyyətimizi dünyaya bəyan edir.  

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video