27 Noyabr 2018 00:26
5377
Mədəniyyət
A- A+
Müqəddəslərin məkanı - PİR HƏSƏN

Müqəddəslərin məkanı - PİR HƏSƏN


Pir Həsən ziyarətgahı qədim Mərdəkan kəndində, əsrarəngiz bir məkanda yerləşir. Ziyarətgahla bağlı diqqətçəkən məqamlar çoxdur. Onlardan biri də burada ziyarət ediləcək bir deyil, bir neçə türbənin olmasıdır. Türbələrin əbədi sakinləri isə müxtəlif dövrlərdə fərqli talelər yaşayıblar.


Hacı Zeynalabdin Tağıyevin vəsiyyəti...


Ziyarətgah bir neçə həyətdən ibarətdir. Ziyarətçiləri səliqəsi, hovuzları, ağacları ilə diqqəti cəlb edən bağda ilk "qarşılayan” səxavəti, yardımsevərliyi ilə yaddaşlarda qalan Hacı Zeynalabdin Tağıyevin büstüdür. Elə Azərbaycanın bu xeyirxah övladının qəbri də Pir Həsən ziyarətgahının ərazisindədir. Hacı Zeynalabdin Tağıyevin büstünün sağ tərəfində Axund Hacı Mirzə Əbu Turab Axundzadənin türbəsi var. Kiçik dəmir hasarlarla dövrələnmiş bu türbənin mərkəzində axundun özünün, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyevin (məzar daşında doğum və ölüm tarixləri qeyd olunmayıb), onun qızı Sara xanımın (1899-1991) və repressiya qurbanı olmuş Zeynal bəy Ağabəy oğlu Səlimxanovun (1886-1941) qəbirləri var. Sonuncunun - Zeynal bəy Səlimxanovun məzarı boşdur. Çünki sovet hakimiyyətinin repressiya siyasəti qurbanlarının çoxu kimi, Zeynal bəyin də harada dəfn olunması haqqında heç bir məlumat yoxdur. Doğmaları qayınatasının və həyat yoldaşının dəfn olunduqları türbədə Zeynal bəy Səlimxanova rəmzi olaraq məzar daşı qoydurublar.

Türbənin qarşı tərəfində vurulmuş iri lövhədə qeyd edilir ki, Axund Hacı Mirzə Əbu Turab Axundzadə 1815-ci ildə Bakının Əmircan kəndində anadan olub. Dövrünün mütərəqqi, maarifpərvər şəxsiyyətlərindən sayılan, fəlsəfə və din tarixinə dair bir sıra kitabın, tədqiqatın müəllifi olan Axund Hacı Mirzə Əbu Turab ilahiyyat elminin ən görkəmli nümayəndələrindən idi. Onun təşəbbüsü, xeyir-duası ilə Bakı şəhəri və ətrafında bir çox maarif ocağı yaradıldı. Doğma kəndi Əmircanda açdığı ilk rus-tatar məktəbində isə axund özü müxtəlif elmlər tədris etdi. O, 1908-ci ildə dünyasını dəyişdi. Qəbrinin üstündəki türbəni xatirəsinə hörmət və ehtiram əlaməti olaraq milyonçu Murtuza Muxtarov tikdirdi.

1924-cü ildə vəfat edən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin öz vəsiyyətinə əsasən, Axund Hacı Mirzə Əbu Turabın qəbrinin ayaq tərəfində dəfn olunmasının da çox maraqlı tarixi var. Deyilənlərə görə, söhbətləri əsnasında axund milyonçuya söyləyir ki, elə bir gün gələ bilər, bütün var-dövlətin əlindən çıxar, milyonlarından əsər-əlamət qalmaz. O qədər malını, pulunu nə vaxtsa tamamilə itirəcəyi Hacı Zeynalabdinə inanılmaz görünür. Ancaq Axund Əbu Turabın vəfatından on iki il sonra - 1920-ci ildə bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirirlər və varlıların bütün əmlakını müsadirə edirlər. Hacı Zeynalabdin Tağıyev də bir günün içərisində müflis olur. Axund Əbu Turabın uzaqgörənliyindən heyrətə gələn Hacı Zeynalabdin onun ayağının altında dəfn olunmasını vəsiyyət edir.


Ziyarətgahda iki ocaq var


Bir adla - Pir Həsən adı ilə tanınsa da, əslində, ziyarətgahda iki ocaq var. Bir-birindən çox da uzaqda yerləşməyən, üzərlərində günbəzlər olan həmin iki türbənin daha qədimi VII İmam Musa Kazımın qızı, VIII İmam Rzanın isə bacısı Həzrət Xədicənin türbəsidir. Bu türbəyə bir neçə pilləkən endikdən sonra daxil olmaq mümkündür.

Ziyarətgah haqqında bugünədək maraqlı rəvayətlər danışılır. Söylənilir ki, İmam Musa Kazımın otuz yeddi övladı - on səkkiz qızı və on doqquz oğlu olub. Oğlu, VIII İmam Rza Məşhəd şəhərində şəhadətə yetdikdən sonra imamın ailəsinə, yaxın qohumlarına qarşı təzyiqlər gücləndirildiyindən onlar təhlükəsiz bildikləri yerlərə pənah aparmaq məcburiyyətində qalırlar. Elə Azərbaycana da bu səbəbdən üz tuturlar. İmam Musa Kazımın qızlarından dördü - Həkimə xanım, Rəhimə xanım, Leyla xanım və Xədicə xanım Bakıya yola salınırlar.

Rəvayətə görə, dənizdə gəmi parçalanır və imam övladlarının hərəsi bir tərəfə gedib çıxır. Bundan sonra Bakının müxtəlif yerlərində məskunlaşan imam qızlarının məzarları da bir-birindən ayrı düşür. Həkimə xanım Bibiheybətdə, Rəhimə xanım Nardaranda, Leyla xanım Bilgəhdə, Xədicə xanım isə Mərdəkanda dəfn olunurlar.

İllər keçir. İmam qızı Xədicənin qəbrinin üzərini qum örtür. Məzar itib-batır. Sonradan kənd sakinləri onun qəbrini tapır.

Həzrət Xədicənin İmam Musa Kazımın Azərbaycana gələn qızları arasında yaşca ən kiçiyi olduğu söylənilir. Ehtimal edilir ki, bu kəndə gələnədək böyük əzab-əziyyətlər çəkən, xəstəliyə düçar olan imam qızı Mərdəkanda çox yaşamayıb. On iki yaşında ikən vəfat edib.


Seyid Həsən kimdir?


Ziyarətgahın adını aldığı Pir Həsənin isə XV əsrdə ölkəmizdə məskunlaşan Peyğəmbər davamçılarından olduğu söylənilir. Onun bu kəndə necə gəlib çıxması haqqında məlumat yoxdur. Məlum olan odur ki, Seyid Həsən dövrünün üləmalarından sayılıb. Onun türbəsi yer səthindən 20 metr hündürlükdə yerləşir. Üzərindəki günbəzə çıxmaq üçün pillələr var. Bir zamanlar oradan azan sədaları ilə insanları ibadətə çağırıblar.

Pir Həsənin türbəsinin üzərindəki ərəbcə kitabəni AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Məşədixanım Nemətova belə tərcümə edib: "Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi Pir Həsənindir. Əzəmətli xaqan Şah Abbas - Allah onun hökmranlığını əbədiləşdirsin - vaxtında Dərviş əl-Hüseyni tikdirmişdir. Min iyirmi birinci il”.

Kitabədən məlum olur ki, günbəz XVII əsrdə tikilib. Deyilənlərə görə, Pir Həsən çıldaq, yəni közlə müalicə edirmiş. Bu gün də həmin ənənə davam etdirilir. Elə bu səbəbdən də Pir Həsən ziyarətgahına xalq arasında "Çıldaq” da deyirlər. Pirin müqəddəsliyinə tapınanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan çıldaq müalicəsi almaq məqsədilə gəlirlər. Bu müalicə iki mərhələdə aparılır. Pir Həsənin ziyarətçiləri arzu edərlərsə, türbənin içərisində, bir küncdə əyləşmiş çıldaqçı qadına yaxınlaşa bilərlər. Çıldaqçı hazırda Azərbaycanın bir sıra bölgələrində, əsasən də Bakı kəndlərində qorxugötürmə yerləri olduğunu deyir: "Ancaq ən təməl ocaq bu pirdir ki, XV əsrə aiddir. Bu müalicə üsulu da Pir Həsənin özündən gəlmədir. O, vəfat etdikdən sonra müalicənin uğurlu olması üçün çıldaq onun türbəsində edilir”.

Bir məqamı da diqqətə çatdıraq ki, qədim zamanlardan Mərdəkan Azərbaycan xalq memarlığının mərkəzi sayılıb. Sonralar da bura maraq itməyib. Ötən əsrlərdə Bakının varlı adamlarının Mərdəkana meyil göstərmələri də həm buranın tarixinin zənginliyindən, həm də özünəməxsus ab-havasının olmasından irəli gəlirdi. 1890-cı illərdə Bakının neft milyonçusu Murtuza Muxtarovun Mərdəkanda bağı olub. Milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bu qəsəbədə 1885-1924-cü illərdə yaşadığı ev indi də qalmaqdadır.

Mərdəkandakı bir sıra tarixi abidələr indiyədək qorunub saxlanılır. Pir Həsən ziyarətgah kompleksinə daxil olan türbələrin də hər biri memarlıq abidəsidir və dövlət tərəfindən mühafizə olunur.

Pir Həsən ziyarətgahı da əksər müqəddəs sayılan ocaqlar kimi, sovet dövründə uçulub dağıldı. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra xalqın milli adət-ənənələrinə, dini inanclarına ehtiramla yanaşılmağa başlanıldı. Pir Həsən ziyarətgahı da tikilib bərpa edildi. 1990-cı illərin əvvəllərində pirin ərazisi və buradakı türbələr qumdan təmizləndi. Cənab İlham Əliyev 2000-ci ildə ARDNŞ-nin birinci vitse-prezidenti olarkən öz təşəbbüsü ilə bu türbə və ətraf ərazidə abadlıq və bərpa işləri gördürmüşdü.

2005-ci ildə isə Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Bakının Mərdəkan qəsəbəsində Pir Həsən ziyarətgahında əsaslı təmir və bərpa işləri apardı. Ziyarətgahdakı məqbərə yenidən inşa edildi, ibadətgah kompleksi milli, dini ornamentlərlə bəzədildi, memarlıq abidəsi olan və dövlət tərəfindən mühafizə edilən türbənin ətraf ərazisində abadlıq işləri aparıldı, park salındı.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər Qurbanov: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla həyata keçirilir

14:40
22 İyun

Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar

14:39
22 İyun

İcma sədri: Qərbi Azərbaycan həqiqətlərinin təbliği bölgələrdə daha da genişlənir

14:31
22 İyun

Mozambik Respublika Assambleyasının sədri Azərbaycana səfərə gəlib

14:30
22 İyun

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib  

14:29
22 İyun

İordaniya Nümayəndələr Palatasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

14:25
22 İyun

Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

14:02
22 İyun

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

14:02
22 İyun

Daşkənddə “Bakı Prosesi” çərçivəsində Azərbaycan–Özbəkistan mədəni əlaqələri təqdim olunub

13:45
22 İyun

Dövlət Agentliyinin rəsmisi: Damcı, yağmurlama və pivot sistemlərinin tətbiqi su sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır  

13:42
22 İyun

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

13:33
22 İyun

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

13:16
22 İyun

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub YENİLƏNİB

13:06
22 İyun

Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub - YENİLƏNİB

13:01
22 İyun

Məcnun Məmmədov: Ölkədə özünütəminetmə səviyyəsi tərəvəz üzrə 107 faiz, meyvə və giləmeyvə üzrə 140 faiz təşkil edir  

12:49
22 İyun

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

12:36
22 İyun

Ötən həftə 113 mina və 514 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

12:29
22 İyun

Luka Skiepatti: TAP daha inteqrasiya olunmuş Avropa təbii qaz bazarının formalaşmasına dəstək verir

12:26
22 İyun

Son 5 ildə Biləsuvarda aqrar sektora 49,6 milyon manat investisiya yatırılıb

12:21
22 İyun

Fərid Hacıyev: Qarşıya çıxan çağırışlara qarşı parlamentlər birgə səy göstərəcək

12:07
22 İyun

Xəyyam Məmmədov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır, fermerlərin su təminatı daha dayanıqlı şəkildə həyata keçirilir  

12:01
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!