Dağlıq Qarabağ münaqişəsi bitsə də, ermənilərin Azərbaycan xalqına qarşı hərbi cinayətləri davam etməkdədir. Ermənistan tərəfi 30 illik işğal dövründə azərbaycanlıların öz doğma torpaqlarına geri dönəcəklərinə əmin olduqları üçün bu əraziləri darmadağın etməklə yanaşı, həm də mina ilə çirklənmiş zonaya çeviriblər. Son iki ildə də düşmənin mina terroru davam edib.
Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına da maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir. Düşmən tərəfindən həmin ərazilərdə milyonlarla mina basdırılıb. 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar. Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası düşmən tərəfindən həyata keçirilən "mina terroru"nun təzahürüdür.
Davam edən mina terroru
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib. Azərbaycan bayrağını Laçın şəhərində ucaldan dövlət başçısı çıxışında deyib ki, təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırılıb: "Son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törədilirdi. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq. Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət, bu, onlara dərs olacaq".
Mina xəritələri dəqiq deyil
ANAMA və Müdafiə Nazirliyinin apardığı təhlil və emal işləri göstərir ki, verilmiş xəritələr yenə də minalanmış bütün əraziləri tam əhatə etmir və gerçək vəziyyəti düzgün əks etdirmir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi isə cəmi 25 faizdir. Onların yanlış xəritə verməkdə məqsədi torpaqlara qayıdışı ləngitmək və insan itkilərini artırmaqdır. Düşmən dövlətin atdığı addım beynəlxalq qanunvericiliyə və konvensiyalara əsasən hərbi cinayətdir, beynəlxalq və humanitar hüququn norma və prinsiplərinə ziddir. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Xəritələr olmadan minaların təmizlənməsi daha çətin, uzun və çoxlu vəsait tələb edən prosesdir. Ermənistan öz ölkəsinin mənafeyi üçün beynəlxalq hüququn tələblərinə riayət etməli və ən qısa müddətdə mina xəritələrini Azərbaycana təqdim etməlidir.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Laçın rayonunda mühəndis təminatı üzrə görülən işlər davam etdirilir: "Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd G-001 M tipli piyada əleyhinə mina aşkar edilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Hazırda bütün ərazilərdə minalardan təmizlənmə prosesi xəritə olmadan aparılır".
Ermənistan beynəlxalq hüququ pozur
Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Təəssüf ki, Ermənistan bu öhdəlikləri yerinə yetirmir.
Mina xəritələri və minalardan təmizlənmə prosesi Azərbaycan üçün öz aktuallığını qorumaqdadır. Azərbaycanın işğal altında olmuş və rəşadətli ordumuz tərəfindən azad edilmiş ərazilərinin böyük hissəsi ermənilər tərəfindən minalanıb. Xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olan hərbçilərin sayı da az deyil. Baş verən hadisələr bütövlükdə erməni terrorizminin əsas göstəricilərindən biri olduğunu sübut edir. Bu, o deməkdir ki, Ermənistan özünün terrorçu mahiyyətindən əl çəkmir.
Elşən YƏHYAYEV,
"Azərbaycan"