30 Mart 2024 11:55
336
SİYASƏT
A- A+

Müdafiə naziri: Hərbi hissələrdə keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyi daha da artırılacaq

 

Martın 30-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, nazirliyin baş idarə və idarə rəisləri, eləcə də hərbi hissə komandirlərinin bilavasitə və videobağlantı vasitəsilə iştirak etdiyi müşavirədə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, həmçinin 31 Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri Azərbaycan Prezidentinin martın 18-də Xankəndi şəhərində Novruz bayramı münasibətilə xalqımızı təbrik edərkən İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri zamanı Ordumuzun döyüş qabiliyyəti ilə bağlı səsləndirdiyi fikirlərin Ordumuza verilən yüksək dəyərin göstəricisi olduğunu qeyd edib.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.

General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqi ilə real döyüş şəraitinə uyğun keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Müdafiə naziri şəxsi heyətin sağlamlığının qorunmasının daim diqqət mərkəzində saxlanılması, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların planlı şəkildə yola salınması ilə bağlı müvafiq göstərişlər verib.

Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlərin davam etdirildiyi qeyd olunub. Bunun bariz nümunəsi olaraq dövlətimizin başçısının 2011-ci il 28 dekabr tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsinin hərbi qulluqçularda böyük ruh yüksəkliyi yaratdığı xüsusi vurğulanıb.

Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarının şəxsi heyətə mütəmadi olaraq çatdırılması və bu qaydalara onlar tərəfindən əməl olunmasına ciddi nəzarət edilməsinin, eləcə də silah, döyüş və xüsusi texnikanın istismarı zamanı iqlim şəraitinin xüsusiyyətlərinə diqqət yetirilməsinin vacibliyi qeyd olunub.

Müdafiə naziri qoşun xidməti və ideoloji işin yüksək səviyyədə təşkilinə, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, həmçinin mühəndis və tibbi təminat üzrə həyata keçirilən zəruri tədbirlərə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonda general-polkovnik Z.Həsənov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım və maarifləndirici tədbirlərin keçirilməsi barədə göstərişlər verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video