Bakı Avropa gimnastikasının mərkəzinə çevrilib
Digər idman növləri ilə yanaşı, gimnastika da ölkəmizdə kifayət qədər populyarlığa malikdir. Son illər idmanın bu növü sürətlə inkişaf edir. Onun bütün növlərində gözəllik, güc, incəsənət bir-birini tamamlayır. İdmançının hansı alətdə çıxış etməsindən və ya sərbəst hərəkətləri yerinə yetirməsindən asılı olmayaraq, tamaşaçı böyük zövq alır, insanın yaratdığı möcüzə qarşısında heyrətə gəlir.
Yüksək səviyyədə dövlət qayğısı sayəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, gimnastika da diqqətdən kənarda qalmayıb. Bu nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın federasiyaya rəhbərliyi sayəsində mümkün olub. Başqa sözlə, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün əsl inkişaf mərhələsi başlanıb.
Gimnastikanın bütün növlərinin, maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Dünyanın ən nüfuzlu gimnastika yarışlarına Bakı uğurla evsahibliyi edir. Belə mötəbər turnirlərdən biri də paytaxtımızda təşkil edilən bədii gimnastika üzrə 39-cu Avropa Çempionatıdır. "Ulduz kimi parla" şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər - 191, gənclər 124) mübarizə aparır. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edirlər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayırlar. Artıq Azərbaycan yığmasının aktivində çoxnövçülük və beş topla hərəkət proqramında iki bürünc medal var. Medalları qrup hərəkətlərində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qazanıb.
Dünən çempionatın dördüncü günündə gimnastlar fərdi və qrup hərəkətləri proqramında mübarizə aparıblar. Yarışda ölkəmizi fərdi növdə Zöhrə Ağamirova təmsil edib. Gimnastlar fərdi proqramda çoxnövçülük üzrə öz aralarında qalibi müəyyən ediblər. Böyüklərdən ibarət qrup komandalar isə 5 top, 3 lent və 2 topla təsnifat yarışında mübarizə aparıblar. Bədii gimnastımız Zöhrə Ağamirova çoxnövçülükdə dörd alət ilə çıxışını təqdim edib. O, lent ilə çıxışına görə 29,800, halqa ilə proqramına görə 29,650, topla hərəkətlərdə 31,300 və gürzlərlə isə yarışına görə 31,650 xal alıb. Hesabında 122,400 xal olan gimnastımız 7-ci pillədə qərarlaşıb. Bolqarıstanı təmsil edən idmançı Boryana Kaleyn fərdi çoxnövçülük proqramında 131,000 xal toplayaraq qızıl medal qazanıb. İtaliyalı Sofiya Raffaeli 129,550 xalla gümüş, Bolqarıstan təmsilçisi Stilyana Nikolova isə 129,500 xalla bürünc mükafata yiyələnib.
Azərbaycanın Ləman Əlimuradova, Güllü Ağalarzadə, Danya Sorokina, Zeynəb Hümmətova, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət qrup komandası üç lent və iki topla hərəkətlərə görə 32,500 xal qazanıb. Bu bütün komandalar arasında ən yüksək qiymət idi. Beş halqa ilə hərəkətlərə görə isə komandamız 32,900 xal alıb. Beləliklə iki hərəkətin cəminə görə 65,400 xal alan komandamız bürünc medala layiq görülüb və iki finala vəsiqə qazanıb.
Yarışlara bu gün yekun vurulacaq.
Elçin CƏFƏROV,
"Azərbaycan"