ATƏT Nazirlər Şurasının qrupun bağlanması ilə əlaqədar qərar layihəsi artıq hazırdır
ATƏT-in Minsk qrupunun yaradılmasında əsas məqsəd Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin danışıqlar vasitəsilə geri qaytarılmasını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını təmin etmək idi. Təəssüflər olsun ki, bu beynəlxalq qurum 28 il ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir uğurlu addım atmadı. Həmsədr olan dövlətlər - Rusiya, ABŞ və Fransa tərəfindən bu istiqamətdə heç bir təşəbbüs irəli sürülmədi. 28 il ərzində regiona olunan səfərlər, keçirilən müxtəlif səviyyəli görüşlər heç bir səmərə vermədi.
Buna görə də qətiyyətlə demək olar ki, bu illər ərzində ATƏT-in Minsk qrupu fəaliyyət yox, fəaliyyətsizlik göstərdi. Uzun illər turist səfərləri ilə yadda qalan həmsədrlər Qarabağ münaqişəsinin həllində ciddi iradə ortaya qoya bilmədilər, bəlkə də qoymaq istəmədilər. Arxada qalan illər ərzində olunan səfərlərdən, keçirilən görüşlərdən açıq-aydın görünən o idi ki, Minsk qrupu münaqişəni aradan qaldırmaq yox, onu dondurmaq və bacardıqları qədər uzatmaq istəyir.
Minsk qrupu ümidləri doğrultmadıqdan sonra Azərbaycan suverenliyinin və ərazi bütövlüyünün bərpasını beynəlxalq qanun və qətnamələr çərçivəsində öz gücü ilə həll etməyə məcbur oldu. 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalçı qüvvələrini ərazilərimizdən qovub çıxardı. Qazandığı tarixi zəfəri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan ATƏT-in Minsk qrupunun 28 ildə edə bilmədiyini 44 gün ərzində özü bacardı.
Azərbaycan öz gücünə suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni siyasi mühit yarandı, reallıq dəyişdi. ATƏT-in Minsk qrupunun ləğv edilməsi tarixi zərurət kimi ortaya çıxdı. Çünki İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatdıqdan sonra bu təşkilatın regionda heç bir işi qalmamışdı. Onun ləğv olunmasının vaxtı çatmışdı. Bunu zaman və içində yaşadığımız hadisələrin gedişatı da tələb edirdi. Minsk qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaradılmışdı. Münaqişə isə həll edilmiş və deməli, qrupun fəaliyyət göstərməsinə ehtiyac qalmamışdı. Qeyd edək ki, rəsmi Bakının yekun sülh sazişi ilə bağlı irəli sürdüyü əsas şərtindən biri də ATƏT-in Minsk qrupunun ləğv edilməsi idi.
Getdikcə dünyada nüfuzu artan, regionda söz sahibinə çevrilən Azərbaycan addım-addım öz hədəflərinə çatır. Artıq ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı məsələ də reallaşmaqdadır. Məlum olduğu kimi, avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bir sıra mühüm sənədlər imzalanmışdır. İmzalanan bu sənədlər ölkələrin bir-biri ilə əməkdaşlığına, qarşıya çıxan problemlərin həllinə əlverişli şərait yaradacaq. Görüş zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflamışlar. Azərbaycan və Ermənistan eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət də imzalamışlar. Bütün bunlar Cənubi Qafqazda yeni siyasi mərhələnin başladığını göstərir.
Son günlər yayılan məlumatlarda qeyd olunur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının bağlanması ilə əlaqədar qərar layihəsi ATƏT-in iştirakçı dövlətləri arasında yayılıb. Bildirilib ki, onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.
Finlandiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri kimi, Azərbaycan və Ermənistanın Minsk prosesi və əlaqəli strukturların ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək. Təşkilatın rəsmi nümayəndəsi öz növbəsində bildirib ki, ATƏT Katibliyi bu müzakirələr nəticəsində qəbul edilən bütün qərarları həyata keçirməyə hazırdır.
ATƏT-də onu da təsdiq ediblər ki, avqustun 11-də Azərbaycan və Ermənistandan Minsk qrupu və digər əlaqəli institutların ləğvi məsələsinin Nazirlər Şurası tərəfindən həll edilməsinin təklif olunduğu birgə müraciət daxil olub. "Biz avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmaları alqışlayırıq, Azərbaycanı və Ermənistanı bu nailiyyət münasibətilə təbrik edir və ABŞ administrasiyasının bu prosesə dəstəyini yüksək qiymətləndiririk", - deyə təşkilatdan bildiriblər. Təşkilatın rəsmi nümayəndəsinin sözlərinə görə, ATƏT Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsinə yönəlmiş bütün səylərə sadiq qalır. Deyilən sözlərə, verilən məlumatlara əsaslanıb demək olar ki, ATƏT-in Minsk qrupunun ləğv olunmasını çox gözləməli olmayacağıq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"