2019-cu il Azərbaycanda cəmiyyət həyatının
bütün sahələri kimi, ali təhsilimiz üçün də məzmunun təkmilləşməsi və formanın müasirləşməsi
istiqamətində praqmatik addımların atılması və əhəmiyyətli uğurların əldə olunması
ilə əlamətdar olmuşdur. Bu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən
əsası qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən növbəti mərhələdə uğurla davam etdirilən uzaqgörən və düşünülmüş dövlət
siyasətinin məzmununda ali təhsilin prioritet yer tutması nəticəsində mümkün olmuşdur.
Fikrimizcə, 2019-cu il ali təhsilimiz üçün
hər şeydən öncə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində
qeyd edilməsi və təntənəli yubiley mərasimində ölkə rəhbərinin proqram xarakterli
çıxışı ilə yadda qalmışdır. Tarixi çıxışı zamanı dövlət başçısı qlobal çağırışlar
və Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla təhsil işçiləri
qarşısında konkret vəzifələr qoymuşdur.
Eyni zamanda 2019-cu ilin mühüm hadisələri
sırasında bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatının təsdiq edilməsini,
orta ixtisas təhsili pilləsini bitirən subbakalavrların ali təhsil müəssisələrinə
imtahansız qəbulunun həyata keçirilməsini, ali təhsil müəssisələrində dövlət sifarişi
hesabına oxuyan tələbələrin sayının 2018-ci illə müqayisədə 66 faiz, təqaüd yerlərinin
16 min vahid artırılmasını, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın
icrasına start verilməsini qeyd etmək olar.
Universitetin
dəyişən mənzərəsi
Ali təhsil sistemində keyfiyyətcə yeni rəqabət
mübarizəsi şərtlərinin bərqərar olması, universitetlərin missiyasının və inkişaf
məqsədlərinin əhəmiyyətli dərəcədə dəyişməsi ali təhsil müəssisələri tərəfindən
adekvat addımların atılmasını zəruri etmişdir. Bu kontekstdə Mingəçevir Dövlət Universitetində
(MDU) son dövrlərdə həyata keçirilən kompleks tədbirlər həm milli və beynəlxalq
ali təhsil məkanında baş verən trendlərə, həm də universitetin mövcud və potensial
imkanlarına əsaslanmışdır.
Pedaqoji, mühəndislik, iqtisadiyyat və idarəetmə
istiqamətləri üzrə yüksək ixtisaslı kadr hazırlığı aparılan universitetdə
2019/2020-ci tədris ili üzrə tələbə qəbulu planının dolmasında rekord göstərici
qeydə alınmışdır. Hazırda MDU-da bakalavriat səviyyəsində 24 ixtisas, magistratura
səviyyəsində 12 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. 2400-dən çox
tələbə və magistrantın təhsil aldığı universitetdə 200-ə yaxın professor-müəllim
fəaliyyət göstərir.
Əsas hədəflərimiz ölkə rəhbəri tərəfindən
qarşıya qoyulan tapşırıq və vəzifələri layiqincə yerinə yetirməklə regionda yerləşən
ali təhsil müəssisəsini paytaxt universitetləri səviyyəsinə çatdırmaqdan, eləcə
də MDU-nun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına töhfələr
verməsini təmin etməkdən ibarətdir. Bu hədəflərə çatmaq üçün müasir və çevik universitet
idarəetmə texnologiyalarından istifadə etməyə çalışırıq.
Yerləşdiyimiz regionun xüsusiyyətləri, real
infrastruktur imkanları və mövcud kadr potensialı nəzərə alınmaqla, MDU-nun hərtərəfli
inkişaf etdirilməsi üçün tədrisin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin
səmərəliliyinin artırılmasına, əməkdaşların maddi rifahının yaxşılaşdırılmasına,
yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinə
diqqət yetiririk. Bu məqsədlə kollektivin hər bir üzvünün potensialından istifadəyə,
innovativ tədris və təlim metodlarının tətbiqinə, universitet idarəçiliyində tələbələrin
fəal iştirakına və ictimai nəzarətin təmin olunmasına çalışırıq.
Universitet
dəyərlərinə yeni baxış
Dördüncü sənaye inqilabı, süni intellekt
və blokçeyn texnologiyaları dövründə universitetin kadr hazırlığı və elmi tədqiqat
fəaliyyəti ilə məhdudlaşmaması, yerləşdiyi regionda ümumi ekosistemin mühüm aktorlarından
birinə çevrilməsi, eləcə də innovasiya istehsalçısı missiyasını öz üzərinə götürməsi
zərurətini qəbul edirik.
Milli ali təhsilimizin və universitetlərin
insan kapitalının formalaşmasındakı artan rolunu qəbul etdiyimiz, daim yeni təşəbbüslərə
yüksək dəyər verdiyimiz və konkret hədəflər uğrunda çalışdığımız universitetdə tələbələrə
xidmət etməkdən qürur duyuruq. MDU-nu seçən bütün gənclərə uğurlu və mənalı tələbə
həyatı vəd edirik. Tələbələrimizə müasir dövrün çağırışlarına uyğun ali təhsil verməyə
və onları əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi yetişdirməyə çalışırıq.
İdarəçilikdə
ictimai iştirakçılıq
Yüksək intellektli, dərin savadlı, geniş
dünyagörüşlü və əsl vətənpərvər mütəxəssislər yetişdirməyi hədəflədiyimiz MDU-da
idarəetmə prosesində tələbələrin bərabərhüquqlu iştirakına şərait yaradılmışdır.
Belə ki, tələbələrimiz MDU Elmi Şurasında, fakültə elmi şuralarında, imtahan qərargahında
və apelyasiya komissiyasında təmsil olunurlar.
Eyni zamanda valideynlərin, ictimaiyyət nümayəndələrinin,
gənclər təşkilatlarının, kütləvi informasiya vasitələrinin və QHT-nin MDU-nun cari
idarəetmə prosesi ilə yaxından tanış olmasına, fəaliyyətimizdə ictimai nəzarətin
təmin olunmasına mühüm əhəmiyyət veririk. Universitetin idarə edilməsində şəffaflığın
və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə ilk dəfə olaraq 2019-cu ilin
dekabrında MDU-nun İctimai Nəzarət Şurası yaradılmışdır.
Struktur
islahatları
Son illər milli ali təhsil sisteminin inkişafı
istiqamətində həyata keçirilən tədbirlər, dünya ali təhsil məkanında baş verən dəyişikliklər
və universitetlərin cəmiyyət həyatındakı missiyasının köklü şəkildə yenilənməsi
universitetlərdə müasir idarəetmə metodlarının tətbiqini zərurətə çevrilmişdir.
Bu kontekstdə idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qərar qəbuletmə və icra
prosesində çevikliyin artırılması məqsədilə 2019-cu ildə MDU-da mövcud strukturun
təkmilləşdirilməsi qərara alınmışdır.
Struktur dəyişiklikləri universitetdə tədris
prosesinin daha səmərəli təşkilini, idarəetmə prosesində paralelliyin aradan qaldırılmasını,
elmi fəaliyyətin səmərəliliyinin artırılmasını, innovasiyalar sahəsində işlərin
daha effektiv əlaqələndirilməsini, beynəlxalq əməkdaşlığın genişləndirilməsini və
ictimaiyyətlə əlaqələrin müasir tələblər səviyyəsində qurulmasını hədəfləyir. İslahatlar
nəticəsində universitetdə Tədris şöbəsi, Magistratura və doktorantlarla iş şöbəsi,
Elm və innovasiyalar şöbəsi, Beynəlxalq əməkdaşlıq ofisi, İnsan resursları şöbəsi,
İctimaiyyətlə əlaqələr şöbəsi və dəftərxana yaradılmışdır.
Əməkhaqlarında əhəmiyyətli artım
Dövlət başçısının tapşırıqlarına əsasən universitet
əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Mövcud və potensial maliyyə imkanları təhlil edilməklə, 1 sentyabr 2019-cu il tarixdən
MDU-da əməkdaşların aylıq əməkhaqqı orta hesabla 15 faiz artırılmışdır. Eyni zamanda
universitet üzrə tədris prosesində iştirak edən professor və müəllim heyətinin saathesabı
dərs üçün əməkhaqları 1 sentyabr 2019-cu il tarixdən təxminən iki dəfə artırılmışdır.
Əməkdaşlarımız tərəfindən rəğbətlə qarşılanan əməkhaqqı artımları Prezident İlham
Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ali təhsil sahəsinə
göstərilən yüksək diqqət və qayğının nəticəsində mümkün olmuşdur.
Elmi
fəaliyyətə innovativ yanaşma
Universitetdə elmi tədqiqatların məzmununu
təkmilləşdirməyi, nəticəyönümlü və ölçüləbilən elmi fəaliyyətin təşkilini hədəfləyirik.
Bu məqsədlə, Təhsil Nazirliyi tərəfindən icra edilən "Azərbaycanın ali təhsil sistemində
tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsindən faydalanmağı nəzərdə
tuturuq. İlk addım olaraq 2019-cu ildə layihə ekspertləri tərəfindən MDU-da "Beynəlxalq
elmi jurnallarda məqalələrin yazılması” mövzusunda təlim seminarı keçirilmişdir.
2019-cu ilin dekabrında MDU-da keçirilən
"Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda
respublika elmi konfransı ali təhsil və elm ictimaiyyətin yüksək diqqət və böyük
marağına səbəb olmuşdur.
Orta təhsil müəssisələri ilə əməkdaşlığın
inkişafına və şagirdlərin tədqiqat fəaliyyətinə cəlb olunmasına xüsusi əhəmiyyət
veririk. Bu yöndə atılan ilk addımlardan biri kimi, Təhsil Nazirliyinin "Kiçik akademiya”lar
proqramı çərçivəsində Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü
liseylə birlikdə təşkil etdiyimiz "Elmin zirvəsinə gedən yol” mövzusunda elmi-nəzəri
konfransı qeyd etmək olar.
Qarşılıqlı
faydalı tərəfdaşlıq konsepti
Qarşımıza qoyulan hədəflərə çatmaq və MDU-nu
yeni dövrün tələblərinə uyğun ali təhsil müəssisəsinə çevirmək məqsədilə ölkəmizin
qabaqcıl universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına mühüm
önəm veririk. Bu konseptin reallaşdırılması istiqamətində ilkin mərhələdə Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti
ilə Anlaşma memorandumları imzalanmış və potensial əməkdaşlıq istiqamətləri razılaşdırılmışdır.
İlk olaraq hər üç universitetlə tələbə və müəllim mübadiləsinə start verilməsi nəzərdə
tutulmuşdur.
2019-cu ilin noyabrında MDU-da Azərbaycan
Texniki Universiteti ilə birlikdə "Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı:
universitet - sənaye işbirliyi və innovativ kadr hazırlığı” mövzusunda I Regional
elmi-texniki konfrans keçirilmişdir. Tədbirdə energetika sisteminin kadr təminatında
universitetlərin rolu, energetikanın müasir problemləri və digər mövzularda müzakirələr
aparılmış, potensial əməkdaşlıq imkanları müəyyən edilmişdir.
2019-cu ilin dekabrında MDU ilə Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar
Agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Əməkdaşlığın MDU-da kadr hazırlığının
modernləşdirilməsinə mühüm töhfələr verəcəyi, eləcə də İnnovasiyalar Agentliyi ilə
Mingəçevir Yüksək Texnologiyalar Parkında birgə yaratdığımız "Simbioz” texnoloji
biznes inkubatorun fəaliyyətində tələbə və müəllimlərimizin fəal iştirak edəcəyi
qənaətindəyik. Bu əməkdaşlıq universitet - sənaye işbirliyinin yaradılması, MDU-nun
startap ekosistemindəki iştirakının genişləndirilməsi, tələbə-gənclərin biznes ideyalarının
və innovativ təşəbbüslərinin dəstəklənməsi baxımından böyük imkanlar vəd edir.
Eyni zamanda tələbələrimizdə təcrübi vərdişlərin
inkişaf etdirilməsi və onların əmək bazarına daha yaxşı hazırlanması üçün Mingəçevir
Sənaye Parkına mütəmadi ekskursiyalar təşkil edirik. Parkın rezidenti "Mingəçevir
Tekstil” MMC-nin müvafiq əməkdaşları universitetimizdə tədris prosesinə fəal cəlb
olunurlar.
İctimai
fəallıq
BDU-nun 100 illik yubileyinə həsr olunan
növbəti tədbirin 2019-cu ilin 30 sentyabrında MDU-da keçirilməsi professor-müəllim
və tələbə heyətimiz üçün mühüm hadisə kimi yadda qalmışdır. Sevindici haldır ki,
BDU-nun 100 illik yubileyi münasibətilə bu universitetin məzunları arasında elan
edilmiş "BDU xatirələrdə” yazı müsabiqəsində MDU-nun əməkdaşı birinci yerə layiq
görülmüşdür.
Ölkə rəhbəri tərəfindən elan olunmuş "Nəsimi
ili” çərçivəsində MDU-da çoxsaylı tədbirlər keçirilmişdir. Kollektivimiz Nəsiminin
650 illik yubileyi münasibətilə Mingəçevirdə keçirilən ümumşəhər tədbirlərində də
yaxından iştirak etmişdir. Universitetimiz Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
birgə təşkilatçılığı ilə Şamaxıda keçirilən "Nəsimi - şeir, incəsənət və mənəviyyat
festivalı”na qatılmışdır. MDU Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə
650 min ağac əkilməsi təşəbbüsünə də qoşulmuşdur.
Gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsi və könüllülük fəaliyyəti
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə
olunması əsas prioritetlərimizdəndir. Bu yöndəki fəaliyyətimizin nümunəsi kimi 24 dekabr 2019-cu ildə universitetimizdə "Vətənpərvərlik
- Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilmişdir. Mingəçevir Şəhər
Gənclər və İdman İdarəsi və Mingəçevir Peşə məktəbi ilə birgə təşkil etdiyimiz tədbirin
əsas məqsədi tələbə-gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda dövlətimizə
və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması olmuşdur. Aprel döyüşləri
şəhidlərinin valideynlərinin, Aprel döyüşləri şəhidinin övladının və həmin döyüşlərin
iştirakçılarının qatıldığı tədbirdə müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərin
əziz xatirəsinin böyük hörmət və ehtiramla anıldığı bildirilmiş, şəhidlərimizin
keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyi diqqətə çatdırılmışdır.
Paralel olaraq tələbələrimizin könüllülük
fəaliyyətinə aktiv cəlb olunması üçün lazımi şəraiti yaradırıq. Bu istiqamətdə daha
çox Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü Proqramının və Azərbaycan Respublikası
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
(ASAN xidmət) "ASAN Könüllüləri” təşkilatının təqdim etdiyi imkanlardan faydalanırıq.
"ASAN
xidmət”lə birgə layihələr
MDU-da şəffaf idarəetmə mexanizminin yaradılması
və tələbələrimizdə innovativ bacarıqların inkişafı baxımından "ASAN xidmət”lə əməkdaşlıqdan
gözləntimiz çoxdur. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan Mingəçevir
"Asan Həyat” Kompleksi ilə ilkin təmaslar qurulmuşdur. İlk addım olaraq, MDU "ASAN
Könüllüləri” Təşkilatı və "Coca-Cola” fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən
"ASAN İnkişaf Modeli - Qadınların işgüzar inkişafı” mövzusunda təlimlərə dəstək
vermişdir.
Beynəlxalq
əməkdaşlıqda prioritetlər
Xarici universitetlərlə əməkdaşlığın inkişafına
və bu yöndə Erasmus+ proqramının imkanlarından faydalanmağa çalışırıq. Hazırda tələbələrimiz
Erasmus+ proqramı çərçivəsində İspaniyanın Vallodolid Universitetində təhsil alır.
MDU "Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması
və inkişaf etdirilməsi” mövzusunda Erasmus+ layihəsində fəal iştirak edirlər.
MDU 2019-cu ildə Bolonya prosesi üzrə İşçi
Qrupunun növbəti iclasında (Helsinki), X Rusiya-Azərbaycan Regionlararası Forumunda
(Moskva) və "Ali təhsil islahatları ekspertlərinin illik konfransı”nda (Praqa),
eləcə də İsveçdə, Koreyada, Litvada və Ukraynada keçirilmiş beynəlxalq təlimlərdə
təmsil olunmuşdur.
Mükafatlar
və nailiyyətlər
Təhsil nazirinin əmri ilə 2019-cu ilin oktyabrında
2 əməkdaşımızın "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 5 əməkdaşımızın
isə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunması kollektivimiz tərəfindən
böyük sevinc hissi ilə qarşılanmışdır.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və
Təhsil Nazirliyinin dəstəyi ilə 2019-cu ildə keçirilən "Heydər Əliyev və Azərbaycan
tarixi” VI Ümumrespublika bilik yarışında MDU 8-ci yeri tutmaqla, 49 ali təhsil
müəssisəsi arasında 14-18-ci yerləri bölüşmüşdür.
2019-cu ildə 4 tələbəmiz Təhsil Nazirliyinin
təsis etdiyi "Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 4 tələbəmiz və 1
əməkdaşımız Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin,
1 tələbəmiz BP şirkəti tərəfindən Azəri-Çıraq-Günəşli layihəsinin 25 illiyi münasibətilə
keçirilən müsabiqənin qalibi olmuşdur.
Yeni dövrün reallıqlarına və kreativ düşüncəli
tələbə kontingentinin istəklərinə uyğunlaşmağa çalışdığımız fəaliyyətimizdə dövlətimizin,
o cümlədən Təhsil Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və digər tərəfdaşlarımızın
davamlı dəstəyindən faydalanırıq. Məhz bu dəstək və qarşılıqlı faydalı əməkdaşlıq
formulu elm, təhsil və innovasiyaların üzvi vəhdətinə əsaslanan müasir və rəqabətqabiliyyətli
universitetin qurulmasına şərait yaradır.
Şahin BAYRAMOV,
Mingəçevir
Dövlət Universitetinin rektoru