Bu il şəhərdə müstəqillik dövrünün ən böyük istilik-elektrik stansiyasının təməli qoyuldu
Prezident İlham Əliyev energetika sektorunun həmişə prioritet təşkil etdiyini və indi bu sahədəki imkanlarımızın bir çox ölkə üçün də böyük önəm daşıdığını dəfələrlə vurğulayıb. Bu münasibətin nəticəsidir ki, yaxın keçmişdə elektrik enerjisi qıtlığı yaşayan Azərbaycanın artıq bütün şəhər və kəndləri nura boyanıb. Biz hətta dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edir və onun Avropaya da ixracını planlaşdırırıq.
Hazırda dünyada bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yönəldilməsinə və Azərbaycanda da bu sahədə ardıcıl iş aparılmasına baxmayaraq, ənənəvi enerji unudulmur. Son 20 ildə ölkədə onlarla stansiya və yarımstansiya tikilib. Bu iş davam etdirilir. Eləcə də yeni enerji obyektləri inşa edilməklə yanaşı, köhnələr təzə avadanlıqlarla təchiz olunur.
Bu baxımdan sona çatan 2023-cü il də uğurlu olub. İstər Qarabağda və Şərqi Zəngəzurda, istərsə də respublikanın digər bölgələrində yeni stansiya və yarımstansiyaların təməli qoyulub, tikintisi sona çatdırılanlar isə fəaliyyətə başlayıb. Məsələn, fevralın 13-də Mingəçevir şəhərində müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyasının təməli qoyulub.
Mingəçevir həmişə nur şəhəri adlandırılıb. Burada fəaliyyət göstərən elektrik stansiyası hazırda ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Təməli qoyulan yeni, 1280 meqavat gücündə elektrik stansiyası isə Azərbaycanın elektroenergetika mərkəzi kimi Mingəçevirin önəmini daha da artıracaq.
1976-cı ildə Mingəçevirdə Heydər Əliyevin təşəbbüsü ilə tikilməyə başlayan və 1981-ci ildə Ulu Öndərin özünün iştirakı ilə birinci blokunun açılışı olan stansiya Azərbaycanın bu gözəl şəhərini bütün Qafqazın enerji mərkəzinə çevirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkənin enerjiyə ehtiyacının qarşılanmasında böyük xidmət göstərdi. Xüsusilə müstəqilliyimizin ilk çətin illərində, əhali işıq sarıdan çətinlik çəkəndə Mingəçevir Elektrik Stansiyası öz üzərinə böyük yük götürdü, xeyirxah bir missiya yerinə yetirdi. Son illər isə bu enerji obyektinin salnaməsi yeni səhifələrlə zənginləşdi. Prezident İlham Əliyevin göstərişinə əsasən, 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlandı. Cəmi iki ildə 8 blok tamamilə yenidən quruldu və 2020-ci ildə əvvəlki gücü ilə yenidən istifadəyə verildi.
İşığımızı, nur mənbəyimizi gözü götürməyən düşmən Vətən müharibəsinin getdiyi vaxt döyüş meydanından uzaq məsafədə olan stansiyaya qadağan olunmuş silah tuşlamış, lakin mənfur niyyəti elə gözündə qalmışdır. Azərbaycan isə yeni-yeni enerji qurğularını işə salır. Bütövlükdə ölkəmizin elektroenergetika sahəsi sürətlə inkişaf edir. Təsadüfi deyil ki, işğaldan azad edilmiş torpaqlarımızda bərpa-yenidənqurma işlərinə də məhz elektroenergetika sahəsindən başlanmışdır. Burada artıq 10-dan çox yarımstansiya inşa edilmiş, 10-dan çox su-elektrik stansiyası istifadəyə verilmişdir. Cəmi iki il ərzində bölgədə 50 meqavatdan çox generasiya gücü yaradılmışdır və bu rəqəm cari ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Yəni təkcə azad edilmiş torpaqlarda 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı bu bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaratmağa imkan verəcək. Üstəgəl, Azərbaycanda bərpaolunan enerji növlərinin inkişafı üçün çox böyük potensial var.
Mingəçevirdə təməli qoyulan yeni istilik-elektrik stansiyası 2025-ci ildə fəaliyyətə başlayacaq və enerji potensialımızı daha da gücləndirəcək. Prezident İlham Əliyev onun əhəmiyyətini belə dəyərləndirmişdir: "İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya, əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır".
Qeyd edək ki, stansiya ölkəmizın daxili resursları çərçivəsində inşa edilir. Layihənin ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Ödəniləcək vəsaitin 60 faizi "Azərenerji"nin öz vəsaiti hesabına, qalan 40 faizi kreditlər vasitəsilə təmin ediləcək. Tikintiyə yönəldilən maliyyə eyni həcmdə olan stansiyaların tikintisinə sərf edilən vəsaitdən bir neçə dəfə aşağıdır. Səbəb isə səmərəlilikdir. Bir vacib səbəb də odur ki, Mingəçevirdə güclü elektroenergetika infrastrukturu mövcuddur və sözügedən stansiyanın məhz burada inşa edilməsi məqsədəuyğundur. Stansiya xarici tərəfdaşlarla birlikdə inşa edilir.
"Azərenerji" ASC-nin məlumatında vurğulanır ki, tikinti işlərini Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri həyata keçirir. Tikintiyə İtalyanın "AFRY" Məsləhətçi Şirkəti və İspaniyanın "İDOM" Layihələndirmə Şirkəti nəzarət edir.
İşlər qrafiki qabaqlayır. Yeni elektrik stansiyası və "Azərbaycan" İES-in mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq. Başqa sözlə, yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz utilizasiya yolu ilə suyu buxara çevirəcək və "Azərbaycan" İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlədilmədən enerji almaq mümkün olacaq. Əlaqələndirmə nəticəsində ildə 800 milyon kubmetr qaza qənaət olunacaq.
Yeni stansiyanın tikilməsi əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Flora SADIQLI,
"Azərbaycan"