...Biri var
idi, biri yox idi. Azərbaycan elinin uzaq kəndlərindən birində bir ana vardı, bir
də bala. Ana hər səhər dan yeri ağarmamış yuxudan oyanar, xəmir yoğurar, meşədən
yığdığı çör-çöplə sacın altını qalayar və çörək salmağa başlardı. Gözünün ağı-qarası
bircə balası yuxudan oyanana kimi bütün çörəklər, hələ üstəlik oğlu üçün bişirdiyi
kökə də hazır olardı. Oğlu kökəylə şirin çayını içib düzələrdi yola - anasının bişirdiyi
çörəkləri satmağa. Beləcə, baş-başa verib dolanardılar...
Günlərin bir
günü ana qəribə yuxu görür. Ağ saç, saqqallı Çoban Əfqan yuxuda anaya tapşırır ki, oğlu şair olduğu üçün ona şeir
yazsın. Ana diksinərək oyanır. Yuxunun gerçəkləşməməsi, oğlunun gələcəkdə şair olmaması
üçün mollaya dua da yazdırır. Amma artıq iş-işdən keçmişdi. Oğluna yuxuda buta verilmişdi
- şairlik butası... Və o yuxudan bir ay sonra 12 yaşlı oğlu ilk şeirini yazır.
Bununla da şeir onun taleyinə çevrilir. Taleyi
şeirlə yazılmağa başlayır. Bu tale bəzən onunla amansız, qəddar oyunlar oynayır,
bəzən çətinliklər yaşadır, bəzən itkilər verir, bəzən də nailiyyətlər yaşadır, uğurlarını
bol edir. Necə deyərlər, taleyi gah üzünə gülür, gah ağladır onu. Gah verir, gah
alır... Heç vaxt heç nəyi tam olmur. Hətta məşhur şair olandan sonra da həyatında
həmişə biri var olur, biri yox...
Azərbaycanın
Xalq şairi, akademik, "Şərəf” ordenli Nəriman Həsənzadənin "Ömür səhifələri”ni vərəqlədikcə
bütün həyatı boyu varla yoxun mübarizəsinin şahidi olursan. Bu nurani, həlim, ipək
kimi insanla söhbət etdikcə yaddaşında üstünü toz basmış xatirələri silkələdik,
çətin zamanların acısını oyatdıq. Unutmaq istəsə belə, iliyinə qədər keçən ağrıları,
qəlbindəki böyük iztirabları bir daha xatırlatdıq. Onu 88 illik ömrün dolanbaclarında
xəyalən yenidən gəzdirdik...
"Anam çörək bişirirdi, mən də satırdım”
Əslən Qazaxın
Qıraqkəsəmən kəndindəndir. Atası Əliməmməd kişi Poyluda dəmir yolunda işlədiyinə
görə orada yaşayıblar. Anasının ana tərəfi - Məsimalılar o yerlərdə çox məşhur,
imkanlı adamlar olub. 1920-ci ildə Azərbaycanın sovet ordusu tərəfindən işğalından
sonra bu nəslin başıpapaqlılarını "kulak” damğası ilə həbs ediblər. Anasının 5 qardaşı
Gürcüstanın Qaraçöp bölgəsinə qaçıb. Və kimsəsiz qalan Nabat xanım 24 yaşında
62 yaşlı kişi ilə ailə qurub. 1931-ci il fevralın 18-də Nəriman dünyaya gəlib. Daha
doğrusu, Vaqif. Nəriman adını atası ona sonradan qoyub. Belə ki, illər öncə menşeviklər
Poyluda dəmir yolunun üzərindəki körpünü yandırırlar. Nəriman Nərimanov Poyluya
gələrək hadisə yerinə baş çəkib, ona Əliməmməd kişi bələdçilik edib. Məhz onun şərəfinə
sonradan Vaqif adı Nərimanla əvəzlənib. Amma atası Nərimanın böyüdüyünü görə bilməyib.
Uşağın 1 yaşı olanda rəhmətə gedib.
Anası 26 yaşında
dul qalıb və bütün ömrünü balasına həsr edib. Nərimanın ayaqyalın, başıaçıq gəzdiyi,
dünyanın qayğısını bilmədiyi uşaqlıq illəri də elə Poyluda keçib.
- Poylu mənim
üçün beşikdir, dünyanın mərkəzidir. Bütün uşaqlığım orda keçib. Nə qədər çətin keçsə
də, tayı-bərabəri yoxdur o çağların... Atam anamdan əvvəl evli olub. Ata bir, ana
ayrı bacı-qardaşlarım vardı, amma əlaqəmiz yox idi. Anam böyük bacımla yaşıd idi.
İndi başa düşürəm, utanıblar ki, ataları qoca vaxtında evlənib. Amma anam heç vaxt
onların əleyhinə danışmadı. Mən qardaş-bacılarımı 12 yaşımda tanıdım. İlk dəfə qardaşımla
görüşdüm. Milis rəisi idi. Təəssüf ki, bir neçə ay sonra rəhmətə getdi. O biri qardaşlarım
da xəstəlik keçirib ölmüşdülər. Ana tərəfimdən bir dayım vardı, onu tanıyırdım.
Amma anam deməmişdi başqa qardaşları var, ölkədən qaçıblar. Maraqlıdır ki, bir ay
əvvəl Qaraçöpdəki dayımın uşaqları ilə bir-birimizi tapdıq. Unudulmaz görüş oldu...
O vaxtlarsa heç kimimiz yox idi. Bir anam idi, bir mən. İki yetim kimi baş-başa
verib bir damın altında yaşayırdıq. Anam taleyindən heç vaxt şikayətlənməzdi. Allaha
şükür edərdi və atama rəhmət oxuyardı ki, məni ona yadigar qoyub. Bu müqəddəs qadın
həyatımızın bütün sıxıntılarını, qayğılarını təkbaşına çəkmək üçün çarpışırdı. Hər
gün çörək bişirirdi, mən də satırdım, dolanırdıq. Əslində, adını qoymuşduq satırıq.
Çörək elə sacın üstündə qurtarırdı. Qalanlarını da aparıb bazarda, stansiyada satırdım.
20 rubl qazanırdıq. Unun da pudu 16 rubl idi. Yəni bizə 4 rubl qalırdı. Anamın yuxudan
durduğu yadımda deyil. Nə vaxt oyanırdım, görürdüm ocağın qırağındadır. Göydə dan
ulduzu, yerdə anam oyaqdır. Anam mənə kökə də bişirirdi. Kərə yağıyla döyməc eləyib
yeyirdim. Mənə şirin çay düzəldirdi, özü içmirdi. Soruşurdum ana, sən niyə içmirsən?
Deyirdi dərdin alım, mən içsəm, qəndimiz qurtarar. Məni o qədər çox istəyirdi ki...
Odun qıranda da qoymurdu ki, get dərslərini oxu... Odun demişkən, anam bir neçə
qadınla birgə gedirdi Qarayazı meşəsinə şələ gətirməyə. Bir dəhrəsi vardı, çırpı
yığıb qırırdı. Onlarla sac asırdı. Bir dəfə meşəbəyi cəza kimi anamın dəhrəsini
əlindən almışdı. Demişdi, Nabat bacının dəhrəsi Qarayazı meşəsini qırıb qurtardı...
"Təzə paltar geyindiyim yadıma gəlmir”
Uşaqlıqda
çox dəcəl olub Nəriman. Harda gölməçə görürdüsə, özünü ora salırdı. Kür daşanda
uşaqlarla mərc gəlirdi ki, "görək kim Kürü qırdırma keçəcək”. Bunun üstündə anası
bir dəfə onu döyüb də. Deyib, "varım-yoxum bir sənsən. Səni su axıdacaq, kimim qalacaq?”
Sevimli dostları isə heyvanlar idi - dolaşa, it, pişik, çəpiş:
- Dostlarımı
da tez itirdim. Meşədən dolaşa quşu tutub əhilləşdirmişdim. Çiynimə qonurdu, gəzdirirdik.
Amma qonşuların evinə girib xırda oğurluqlar edirdi. Ona görə vurub öldürdülər.
Bir çəpişim vardı, adını Vaska qoymuşdum. Hara gedirdim yanımca gəlirdi. Bir dəfə
çayın qırağında oturub ayağımı sallamışdım. Çəpiş başıyla arxadan məni vurdu, yarğandan
düşdüm suya. Anam bunu bildi, səhərisi çəpişi kəsib qovurma bişirdi. Pişiyim hara
yoxa çıxdı indi xatırlamıram. Ən uzunömürlü dostum qonşunun iti Toplan idi. Sahibi
çəpəri tikanlayırdı, onu da deşib keçirdi yanıma. Gəncədə oxuyanda kəndə gəlirdim.
Qaranlıq olurdu, işıq yox idi o vaxtlar. İt elə bil iy bilirdi. Qatardan düşəndə
gəlib məni qarşılayıb aparırdı evə. Necə vəfalı heyvan idi. Ona da iynə vurub öldürdülər.
Sevdiklərimi tez itirmək əzəldən taleyimə yazılıb mənim... Bir də uşaqlıqda dəmir
yığmaq hobbim vardı. Harda dəmir görürdümsə, gətirirdim həyətə. Bir otaq dolusu
dəmir yığmışdım. Pirilidə oxuyanda gəldim gördüm biri də yoxdu. Dövlət dəmir yığırmış.
Anam da dəmirlərimi verib, əvəzində parça, ayaqqabı, qənd almışdı. Ona görə bir
ay küsülü qaldım anamdan. Sonradan başa düşdüm ki, onu da mənim üçün, ailəni dolandırmaq
üçün edib. O vaxtlar ürəyimiz istəyəni ala bilmirdik axı. Məsələn, təzə paltar geyindiyim
yadıma gəlmir. Qonşunun oğlunun paltosu vardı, anam deyirdi, onu sənə alacam. Həmin
uşaq həyətdə oynayanda paltonu çıxarıb qoyurdu çəpərin üstünə. Hirslənirdim ki,
tullama ora, anam onu mənə alacaq.
Bir dəfə anam
təzə ayaqqabı almışdı. Elə sevinirdim ki... Soruşurdu necədi? Deyirdim yaxşıdı.
Halbuki ayağımı sıxırdı, üstündəki qıyıları ilan kimi sancırdı. Onda qonşu kənddə
8-ci sinifdə oxuyurdum. Dərsə gedəndə geyinirdim. Amma çəpərimizi keçəndən sonra
ayaqqabıları çıxarıb ayaqyalın gedirdim. Məni bir kənd qadını belə əzab-əziyyətlə
tək böyüdüb. Ondan tərbiyə almışam, ondan öyrənmişəm hər şeyi...
Gerçəyə çevrilən yuxu
İlk şeirini
isə altıncı sinifdə oxuyarkən yazıb. Əslində, bu hadisə də maraqlı xatirələrlə şairin
yaddaşında iz qoyub:
- Bir gün
səhər anam bizə yuxusunu danışdı. Bir ağ saç-saqqallı kişi ona deyib ki, "Adım Çoban
Əfqandır. Oğlun şairdi, ona de mənə şeir yazsın”. Anam da dil-ağız edib ki, "qoyun-quzu
sənə qurban olsun, mənim oğlum şair deyil”. Biz qonşularla gülüşdük. Anam eşitmişdi
ki, şairlərə vergi verilir. O da qorxdu. Mollaya gedib dua yazdırdı ki, oğlum şair
olmasın, yazıqdı. Ondan bir ay sonra gecə oyandım və Vidadiyə nəzirə kimi "Ağlaram”
adlı şeir yazdım. Müəllim şeirimi divar qəzetinə verdi, oldum məktəbin şairi. Anam
dedi, Allah məni öldürsün, sənə deyəsən şairlik verilib. Bir dəfə də şeirimə görə
qonorar göndərmişdilər. Pulu anama verəndə hirsləndi ki, hardan gətirmisən apar
ora qaytar, şeirə pul verməzlər. Arvadı qəm götürmüşdü ki, oğlum şairdi.
O Çoban Əfqanın
kim olduğunu isə mən sonralar öyrəndim. Demə, Qıraq Kəsəmənlidə yaşayıb, şeirlər
yazıb. Sonra unudulub, sanki belə adam heç olmayıb. Bir dəfə məclisdə orta yaşlı
kişi şeir dedi. Soruşdum, kimindir? Dedi, Çoban Əfqanındır. Anamın yuxusu yadıma
düşdü. Həmin şeiri köçürtdüm. Belə-belə Çoban Əfqanın şeirlərini topladım.
1955-ci ildə onun kitabını çap etdirdim. Uzun müddət keçdi. Bir dəfə rəhmətlik şair
Şahmar Əkbərzadə mənə zəng elədi ki, "Çoban Əfqan iki dəfə yuxuma girib. Deyir ki,
Nəriman məni niyə unudub, mənə şeir yazmır?” Çoban Əfqana bir şeir yazdım və onu
Şahmara ithaf etdim. Şeir "Ədəbiyyat” qəzetində çıxandan sonra Çoban Əfqan ilk dəfə
yetmiş yaşımda yuxuma girdi. Gördüm qəribə dolçada Damcılı bulağın suyunu gətirib,
mənə "iç” deyir. İçirəm...
"Anamı dəfn etmək üçün əsgərlikdən qaçdım”
Nəriman Həsənzadə
orta məktəbi bitirib, Gəncə Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olur.
Tələbəlik illərində Gəncədə bacısı Səriyyənin evində qalır:
- Mənə həyatda
anamdan sonra bacım Səriyyə dayaq oldu. Balaca vaxtı ona bir müddət anam baxmışdı,
sonra böyük bacısı aparmışdı yanına. Tələbəlikdə isə o bacım baxdı mənə. Yadımdadı,
yeznəmizin pencəyi vardı, bacım onu çevirtdirmişdi, geyinirdim dərsə. Qonşumuz Şamama
xala deyirdi ki, heyf Nərimandan, gözəl oğlandı,
amma çiyni əyridi. Pencəyin qolu qısa idi deyə, çiynimi qaldırıb gedirdim ki, çox
bilinməsin. Təzə ayaqqabı ala bilmirdim, yamaq saldırırdım, o yamağa baxanda elə
sevinirdim ki... Qəzetdə şeirim çıxırdı, amma pul olmurdu o qəzeti almağa...
Neyləyim, unutmur insan ürəyi,
Yaşadım dünyada könlü yanıqlı.
Düz dörd il geydiyim köhnə pencəyin,
Qolu gödək oldu, boynu yamaqlı.
O pencək saxladı məni soyuqdan,
Doğru danışmağı çoxu ar bilir.
Əynindən çıxardıb vermişdi atam,
Heç kəs bilməsə də, qonşular bilir.
Bəzən ac da qaldım, daha nə danmaq,
Danışıb gülməyə könlüm olmadı.
Şeirim qəzetdə çap oldu, ancaq
Bir qəzet almağa pulum olmadı.
Lakin bu dərdimi bilmədi heç kim,
Mən bildim qədrini sevincin, qəmin
Arabir xəlvəti baxıb sevindim,
Təzə yamağına köhnə çəkmənin.
Gəncə Pedaqoji
İnstitutunda təhsilini başa vurandan sonra Bakıya gəlir gənc şair. Burada iş tapacaq,
kirayə ev tutacaq, sonra anasını da yanına gətirəcəkdi. Amma sən saydığını say,
gör fələk nə sayır. Tale ona elə bir ağır, qəfil zərbə vurur ki, ömür boyu unuda
bilmir...
Balaxanıda
axşam məktəbinə işə düzəlir. 23 yaşlı müəllim ilk dərs günü sinif otağında əyləşib
şagirdlərini gözlədiyi vaxt içəri başıpapaqlı 60-65 yaşlı kişilər daxil olur. Kim
olduqlarını soruşanda məlum olur ki, şagirddirlər: "Söhbət əsnasında onlara vaxtilə
Mirzə Ələkbər Sabirin dərs dediyini öyrəndim. Danışırdılar ki, Sabir şagirdlərə
qələm, dəftər, çanta alarmış, onlara öz şeirlərini oxuyarmış. Amma onu işdən çıxarırlar.
Səbəb də bilirsiniz nə olub? Guya Sabir Azərbaycan dilini bilmirdi. Beləcə, mən
onları öyrətməli olduğum halda, onlar mənə müəllim oldular”.
Balaxanıda
bir ayadək dərs deyir. Kirayə ev tutmağa macal tapmamış gözlənilmədən onu əsgər
aparırlar. "Salyan kazarması”nda xidmətə başlayır. Elə əsgərlikdə olarkən həyatının
ən bəd xəbərini eşidir. Anasının vəfat etdiyi haqda teleqram gəlir: "Getdim dedim
ki, anam rəhmətə gedib, icazə verin, kəndə gedib onu dəfn edim. Dedilər, yox, Qazax
rayon hərbi komissarından sənəd lazımdır. Qazaxa kim gedəcəkdi? Heç kimim yox idi.
Avtomatı tutdum mayorun üstünə ki, vuracam. Tələsik dedi, get. Qapıdan çıxanda əsgərlər
məni əhatəyə aldılar. Yenə avtomatı çəkdim ki, yaxın dursanız, vuracam. Nə isə,
elə avtomatla qaçdım əsgərlikdən. Mülkü paltar geyinib, kəndə getdim. Anamın arzusu
idi ki, öləndə son mənzilə oğlumun çiynində gedim. Onun arzusunu həyata keçirdim.
Amma öz arzularım çilik-çilik oldu. Həmişə arzulayırdım ki, maaşımla anama bir kələğayı
alım. Onu eləyə bilmədim. Nə yaşı vardı ki, anamın? Heç 50 yaşı tamam olmamışdı.
Dəfndən sonra gəldim evə. Gördüm evdə heç nə qoymayıblar qalsın, hərə bir şey götürüb
gedib. Həyətdə bir pişiyimiz, bir də toyuq-cücəydi. Onlar da yetim qaldı, mən də.
Kimsəsiz olduğumu o an iliyimə qədər hiss etdim... Yenidən qayıtdım əsgərliyə. Məni
hərbi tribunala verdilər. Təsadüfən həmin ərəfədə Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi
Xəzri, İosif Aratovski bizim hərbi hissəyə görüşə gəlmişdilər. Onda artıq Azərbaycan
Yazıçılar İttifaqının üzvü idim. Rəsul Rza və Nigar xanım mənim hərbi tribunala
verildiyimi biləndə general Əbilovdan xahiş etdilər, vəziyyətimi ona başa saldılar
və məni xilas etdilər. Bu dəfə tale üzümə güldü. Əsgərliyimi bitirib geri dönən
gün isə axşama kimi kazarmanın qapısında dayanıb ağladım ki, hara gedim, axı heç
kimim yoxdu. Axırda getdim Saragilə...
"Hamı bizə baxıb lağ edirmiş”
Sara... Öz
təbirincə desək, anasından sonra həyatının ikinci ilahi varlığı... Taleyin ona töhfəsi...
Saranı tələbə vaxtı bacısı Səriyyəgildə yaşayanda tanımışdı. Yeznəsinin qardaşı
qızı idi. Onda hələ məktəbdə oxuyurdu, Nərimandan 5 yaş kiçik idi:
- İnstitutda
hansı qızdan xoşum gəlsə, Saraya deyirdim, get bax gör necədir. O da baxırdı, gəlib
pisləyirdi. Demə, ürəyində məni istəyirmiş. Bir detalı deyim, görün bizim sevgimiz
necə pak, məsum idi. Eyni evdə qalırdıq, guya şəhərə görüşə çıxırdıq. Qapını bağlayıb
evdən çıxırdıq. Yan-yana yox, ayrı səkilərlə gedirdik. Arada dönüb bir-birmizə baxıb
gülümsünürdük. Körpünün yanına çatırdıq. O, körpünün bir başında, mən də o biri
başında oturub, baxışıb, qayıdırdıq geri. Ad oldu ki, görüşdük. Gecəyə kimi yatmırdıq.
Üzbəüz oturub dərs eliyirdik guya, bir-birimizə baxırdıq, məktublaşırdıq. Belə saf
olub bizim məhəbbətimiz. Əsgərlikdən qayıdandan bir müddət sonra Gəncədə toyumuz
oldu. Nişanımı da, toyumu da bacım elədi. Sağdışım Xəlil Rza idi. Onun yoldaşı Firəngizlə
Sara rəfiqə idi. Mən də Xəlilin sağdışı olmuşdum.
Toydan sonra
gənc ailə Bakıya köçür. Ev kirayələyirlər. Sara xanım tibb işçisi kimi aptekdə işə
düzəlir. Az sonra Yazıçılar İttifaqından şairi Moskvaya M.Qorki adına Ədəbiyyat
İnstitutunda oxumağa göndərirlər. 4 illik tələbə həyatının 2 ilini yataqxanda dostu
Xəlil Rza ilə bir otaqda qalır. Bu iki il bir ömürlük şirin xatirəyə çevrilir:
- Demişdilər
Moskva yaman yağışlı şəhərdi. Biz də hərəmizə bir çətir, makentoş plaş və qaloş
aldıq. Hər gün plaşı, ayaqqabının üstündən qaloş geyinib, əlimizdə çətir gedirik
dərsə, özü də asfalt yolla. Tərs kimi yağış da yağmırdı. Sən demə, hamı da bizə
baxıb lağ edirmiş. Bizim Peredelnik deyilən yerdəki yataqxanamız şəhərdən 25 kilometr
aralı idi. Bir dəfə dərsə gedəndə bilet almağa pulumuz olmadı. Qatara biletsiz mindik.
Yoxlanış aparanda harda təhsil aldığımızı soruşdular. Xəlil özünü Əli Vəliyev kimi
təqdim etdi. Məndən adımı soruşanda Xəlil cavab verdi ki, Cəlil Məmmədov. Biletsiz
gedib çıxdıq instituta. Sonradan Moskvadan Yazıçılar İttifaqına sorğu göndərmişdilər
ki, biletsiz getdiyiniz üçün cərimə olunmusuz. Qayğılı, amma maraqlı, unudulmaz
günlər idi. İlk övladım - qızım dünyaya gələndə Moskvada tələbə idim. Teleqram gəldi
ki, qızın olub. Dilxor oldum. Teleqramı gizlətdim. Öz-özümə fikirləşdim ki, niyə
qız? Gərək oğlum olaydı. Bir neçə gündən sonra bu xəbəri Hikmət Ziyaya dedim. Məni
danladı, dedi belə xəbəri gizlətməzlər. Sonra Söhrab Tahir, Məmməd Araz və başqa
dostlarımızla birlikdə kiçik məclis qurduq, ata olmağımı qeyd etdik. Beş il sonra
isə oğlum dünyaya gəldi.
"Mir Cəlal Paşayev oğlunun evini mənə verdi”
Nəriman Həsənzadə
1961-ci ildə Moskvada institutu fərqlənmə diplomu ilə bitirib Bakıya gəlir. Elə
bilir ki, iki ali təhsil almış şairi rahatlıqla işə qəbul edəcəklər. Ancaq ümidləri
puç olur, qalır işsiz. Xoşbəxtlikdən ağır anlarında yeni xilaskarı onun imdadına yetir. Bu dəfə qarşısına Mir Cəlal Paşayev kimi
xeyirxah bir insan çıxır:
- Mir Cəlal
Paşayev işsiz vaxtımda məndən nə axtardığımı soruşdu. Bildirdim ki, iş axtarıram.
Dedi, "iş axtarma, adam axtar. Adam da mən”. Mir Cəlal müəllimin köməkliyi ilə indiki
Bakı Dövlət Universitetində aspiranturaya qəbul oldum. Elmi rəhbərim oldu, "Azərbaycan-Ukrayna
ədəbi əlaqələri” mövzusunda elmi iş yazdım. Sözün həqiqi mənasında mənə atalıq elədi.
Məni o qədər ruhlandırdı ki, bir il səkkiz aya müdafiə etdim və filologiya elmləri
namizədi alimlik dərəcəsi aldım. Sonra Mir Cəlal müəllimin təklifi ilə institutda
yarımştat dərs deməyə başladım. Mir Cəlal Paşayev qeyri-adi, xeyirxah insan idi.
Özü də etdiyi yaxşılıqları heç vaxt dilə gətirməz, yada salmazdı. 1964-cü ildə oğlu
Arifə veriləcək evi mənə verdi. Halbuki öz ailəsinin də evə ehtiyacı vardı. Yazıçılar
İttifaqının sədri Mehdi Hüseyndən xahiş etdi ki, onun evini mənə versinlər. Mehdi
Hüseyn dedi, axı sənədləri icraya göndərmişik, təsdiq olunub. Buna baxmayaraq, o,
evi mənə verdi. Özü isə 3600 rubl borc götürüb Arifə kooperativdən ev aldı. Mən
hələ Moskvada oxuyarkən İlyas Əfəndiyev İsmayıl Şıxlının Nəsimi bazarının yanında
ikiotaqlı mənzilini mənə vermişdi. O evi Xəlilgilə verdim, dedim, siz qalın. İkinci
dəfə Nazim Hikmətin köməkliyi ilə Münəvvər Kələntərlinin evini verdilər mənə. Sonra
Mir Cəlal müəllimin verdiyi evə köçdüm. Hazırda yaşadığım mənzili isə mənə ölkə
başçısı İlham Əliyev verib. Taleyim nə qədər ağır olsa da, Tanrı qarşıma yaxşı insanlar
çıxarıb. Onlardan biri də Ulu Öndər Heydər Əliyev idi. Yazıçılar İttifaqının partiya
təşkilatının rəhbəri olanda 1976-cı ildə Heydər Əliyev məni qəbul etdi. Dedi "Ədəbiyyat
və incəsənət” qəzetində baş redaktor işlə”. Dedim, iki yerdə işləməyi bacarmaram.
O da qəzetin üstündə dayandı. İnanın, qəzetin hər nömrəsini Heydər Əliyevlə bir
yerdə buraxırdıq. Hər nömrəni oxuyurdu. Qəzet 120 min tirajla çıxırdı. 14 il yarım
orda işlədim.
"Heydər Əliyev məni müdafiə etməsəydi, o əsər üzə çıxmazdı”
Nəriman Həsənzadənin
Heydər Əliyevlə ilk görüşü isə daha uzaqlara gedib çıxır. Hələ 1957-ci ildə Azərbaycan
Yazıçılar İttifaqı rəhbərliyindən DTK-ya məktub aparmışdı ki, Nəriman Nərimanov
haqda poemasını yazmaq üçün ona dövlət arxivlərində işləməyə icazə versinlər. O
vaxt gənc şairi idarədə şöbə müdiri işləyən Heydər Əliyev qarşılayır:
- İndiyə kimi
yadımdadır. Ucaboy, yaraşıqlı, möhkəmbədənli gənc vəzifə sahibi idi. Apardığım məktubla
tanışlıqdan sonra üzündə bir təbəssüm oyandı. Hiss etdim ki, yazmaq istədiyim mövzu
onun da ürəyindəndir. Mənə hər cür qayğı göstərdi. Amma dövlət arxivinin şöbə müdiri
Naydel soyadlı bir yəhudi dedi, hansı materialdan istifadə edəsi olsanız, bizə də
məlumat verməlisiniz. Qeyd dəftərçəmi səhifələdi və bir-bir öz möhürünü vurdu. Arxivdə
işlədiyim müddətdə gördüm ki, axtardığım mənbələrin əksəriyyəti yoxdur. Məsələn,
Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdən azərbaycanlı
generallarımızın vurduğu teleqramların əsli yox idi. Sonralar öyrəndim ki, bu sənədləri
dövlət arxivlərində işləyən erməni, rus nümayəndələrindən olan işçilər aparıblar.
"Arxivdə itməsin” deyə "itirmişdilər”. Nərimanovun sovet dövründə siyasi fəaliyyətinə
ikili münasibət olduğu üçün əsəri çap etdirmək də çətin idi. Azərbaycan KP MK-nın
ideoloji katibi məni günahlandırırdı ki, həmin dövrdə Bakı Sovetinin sədri Şaumyan
ola-ola nə üçün əsərdə baş qəhrəman kimi Nərimanovu vermişəm. Moskvanın "Sovetskiy
pisatel” nəşriyyatında çapa hazırlanan "Nəriman” poemamın əlyazmasını ixtiyarları
olmaya-olmaya nəşriyyatın mətbəəsindən tələb edərək Bakıya, ovaxtkı Mərkəzi Komitəyə
gətirib, 1400 misra ixtisar etdilər. Əlbəttə, millətimizin böyük oğlu Heydər Əliyev
məni müdafiə etməsəydi, əsər üzə çıxmazdı. Məni siyasi baxımdan ittiham edirdilər.
Ulu Öndərimiz bürodakı çıxışlarının birində dedi ki, poema necə yazılıbsa, eləcə
də çap olunmalıdır. Lakin artıq gec idi. Ozamankı senzura ixtisar etdiklərini elə
gizlətmişdi ki, o misraları bərpa edə bilmədim.
Xalq şairinin
bir neçə şeiri və poeması da o dövrdə həm Mərkəzi Komitə, həm də Yazıçılar İttifaqı
tərəfindən xeyli tənqid olunur, siyasi baxımdan ittiham edilir. Onlardan biri də
"Kimin sualı var” poemasıdır:
- Hələ əsər
tam çap olunmamışdı. "Ədəbiyyat və incəsənət” qəzetində böyük bir parça çıxmışdı.
İttifaqın katiblərindən biri zəng vurub məni hədələdi, guya əsəri dövlətin, partiyanın
əleyhinə yazmışam. Yazıçılar İttifaqında isə məhkəməmi qurdular. Həyat yoldaşım
məndən xəbərsiz ora gedib, ittifaqın Birinci katibinə ağır sözlər deyib və güclü
stres keçirib huşunu itirdi. Mərhum qələm dostlarım Cabir Novruz və Xalidə Hasilova
onun qoluna girib başqa otağa aparıblar. Bu əsərə görə yoldaşımı itirdim. Müalicəsi
mümkün olmayan xəstəliyə tutuldu... Mənə dedilər, ərizəni yaz, qəzetdən işdən çıx.
Mən də yazdım. Həmin gün akademik Həsən Əliyev təsadüfən redaksiyaya gəlmişdi. Gördü
dilxoram, səbəbini soruşdu. Hadisədən xəbər tutandan sonra redaksiyanın telefonu
ilə ittifaqın Birinci katibinə zəng vurdu. Çox sərt danışdı. Poemamı oxuduğunu və
bəyəndiyini bildirdi. Lakin 1990-cı ildə Yazıçılar İttifaqının plenumunda məni qəzetdəki
işimdən çıxardılar. Nizamnaməyə görə, ittifaqın orqanlarında on ildən artıq işləmək
olmazdı. Mən də o vaxt artıq Ali Sovetin deputatı idim. Müstəqillik aktına imza
atanlardan biri də mən olmuşam. 1991-ci ildən Mətbuat və İnformasiya nazirinin birinci
müavini işlədim, bir müddət naziri əvəzlədim. 1997-ci ildən isə Milli Aviasiya Akademiyasında
dərs deyirəm, Dil və ictimai fənlər kafedrasının müdiri, professoram”.
"Sarasız tənhayam”
Bir çox məşhur
sevgi şeirlərinin müəllifi olan şair evdə, ailə başçısı, həyat yoldaşı kimi necə
idi görəsən?
- Çətinliyi
ondadır ki, gecəm-gündüzüm yox idi. Amma mən heç vaxt evdə ucadan danışmamışam.
Səsimi yüksəltməmişəm. Heç vaxt Saranın xətrinə dəyməmişəm. Düzdür, bəzən küsülü
olurduq. O da nəyin üstündə? Müxtəlif görüşlərə gedirdim, sevgi məktubları alırdım.
Bəzən qızlar evə zəng edib deyirdilər ki, Nərimanın Moskvada uşağı var. Özüm də
mat qalırdım bu fantaziyalara. Onda qısqanıb, küsürdü. Amma könlünü alırdım... Qadın
uşaq kimidir. Gərək xətrinə dəyməyəsən. Sən qadını sevsən, qadın da səni sevəcək.
Sara mənim həyat yoldaşım, bacım, anam idi. Qismətə bax ki, anam da, bacım da, yoldaşım
da 50 yaşı tamamlamadan vəfat etdilər...
Qadını sevmək,
qorumaq, qədrini bilmək lazımdır. Mən sağlığında ona şeir yazmamışdım. Bir dəfə
dedi hamıya şeir yazırsan, məndən savayı. Gənclik havasından gec ayıldım. Onu itirəndən
sonra çoxlu şeir yazmağa başladım...
Ölümündən
bir neçə il sonra Nekrasovun əsərini vərəqləyirdim. Həmin kitabda Saranın öz xətti
ilə yazdığı fikri oxudum: "Nekrasovu çox sevirdim. Tale elə gətirdi ki, mənim həyat
yoldaşım da şair oldu. Onunla fəxr edirəm”. Ancaq bir dəfə mənə demişdi ki, qızıma
şair elçi gəlsə, vermərəm. Şairin həyat yoldaşı olmaq çətindir... Rəssam portretimi
çəkmişdi, altında iki misramı yazmışdı: "Bir insan ömrünü girov qoymuşam. Bir şair
ömrünü yaşatmaq üçün”. Bir gün İsmayıl Şıxlı bizə gəlmişdi. Portretə baxıb dedi,
"Nəriman, nə yaxşı düzəlişdi bu”. Baxdım ki, Sara şeirə düzəliş edib: "Bir qadın
ömrünü girov qoymuşam. Bir şair ömrünü yaşatmaq üçün”.
Son anlarına
qədər məni düşünürdü, "necə yaşayacaqsan?” deyirdi. Bir həftə Mərdəkanda xəstəxanada
qalandan sonra evə gətirdim. Yolda sürücüyə dedi, yavaş sür, gör şəhər nə gözəldi.
Binada lift yoxdu, pilləkənləri qalxanda girdim qoluna. Dedi, qoluma girmə, qonşular
elə bilər ağır xəstəyəm. İçəri girəndə evin divarlarını öpdü. Dedi, məni xəstəxanaya
1-ci gün yox, 2-ci gün apararsan. Yemək istəmirdi. Sonra dedi, Nəriman bişirsə,
yeyərəm. Sıyıq apardım, yedi. Dedi, qoy sağalım, bilirsən sənə necə qulluq edəcəm.
Ardınca da qayıtdı ki, birdən Nəriman xəstələnərdi?! Mən dözməzdim, ölərdim. Və
üzümə baxıb öldü...
Kimsə deyirdi ki, kişi ağlamaz,
Hanı gülə-gülə ölən kişilər?
Arvadı itirən kişini duymaz,
Arvadı yanında olan kişilər.
Bir il evin
qapısını açıb içəri girəndə ağladım. Hələ də onun yoxluğu incidir məni. Bəlkə biz
bir yerdə böyümüşdük deyə belə oldum. O, mənim hər şeyim idi. İki övladım, 4 nəvəm,
2 nəticəm var. Amma Sarasız yenə də tənhayam... Təklik fəlakətdir...
Tək çəkə bilmirəm can əzabını,
Sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
Bəxtimə çıxıbsan, qarşıma sən çıx!
Tək sənin səsinə həsrətəm evdə,
Susub dinləsəm də dostu, tanışı.
Oğul-qız yanında mən təkəm evdə,
Başqadır həyatda həyat yoldaşı...
"Bir az möhlət istəyirəm ömürdən”
Bu dünyanın
hər üzünü görüb Nəriman Həsənzadə. Həyatın bütün acılı-şirinli gerçəklərinə şahid
olub. Bəzən taleyinə üsyan edib, bəzən onunla barışıb. Qismətinə sevdiklərini tez
itirmək də yazılıb, xeyirxah insanlarla rastlaşmaq da. Yetimçilik, kasıblıq, yoxluq
da görüb, bolluq da... Və qarşılaşdığı bütün çətinlikləri yara-yara həyatda, ədəbiyyatda
öz yerini tutub. İndən belə isə ömürdən bir az möhlət istəyir - Sara xanıma yazdığı
"Gözüm gözlərdə qaldı” poemasını çap etdirmək və tarixi şəxsiyyətlər haqda fikrində
tutduğu əsərləri yazmaq üçün...
Uzaqdımı, yaxındımı mənzilim,
Mən dağ qalxdım dağı aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan kimiyəm;
Bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.
Bir az möhlət istəyirəm ömürdən,
Nə qədər ki, bu dünyada biz varıq,
Bu dünyanı yaşadırıq, yaşarıq...
Xəyalə MURADLI,
"Azərbaycan”