Müstəqillik illərində ictimai həyatımızın bütün sahələrində, xüsusilə mədəniyyət sahəsində əldə olunan uğurlar bu sahəyə dövlət qayğısının artması ilə izah olunur. Təsadüfi deyildir ki, məhz bu illər ərzində Azərbaycan Milli Kitabxanası milli status almış, Azərbaycan mədəniyyətinin inkişafı ilə əlaqədar bu sahədə çalışan mütəxəssislərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı önəmli sənədlər qəbul olunmuşdur. Bu da mədəniyyət müəssisələrinin aktiv fəaliyyətinin əhəmiyyətli dərəcədə canlanması ilə nəticələnmişdir.
Müstəqillik dövründə ölkəmizdə kitabxana işinin inkişafı Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol təkcə ictimai-siyasi əhəmiyyət daşımır. Ümummilli Liderin hakimiyyəti illərində milli-mənəvi dəyərlərimizin mühafizəsi və təbliği, mədəniyyətimizin inkişafı və dünya səviyyəsində tanıdılması, həmçinin bu sahədə çalışan mütəxəssislərin fəaliyyətinin və istedadının dəyərləndirilməsi istiqamətində də böyük işlər görülmüşdür. Məhz Ulu Öndərin qayğısı və diqqəti sayəsində mədəniyyətin qorunması, zənginləşməsi və inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Müstəqilliyini bərpa etməsindən sonra 1993-cü ildə xalqımızın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlamış Ümummilli Lider çox çətin olan o illərdə ölkəmizin siyasi, iqtisadi və sosial problemlərin çəngində boğulmasına baxmayaraq, çətinlikləri aradan qaldırmaqla bərabər, quruculuq fəaliyyətini də uğurla davam etdirməyə nail olmuşdur. Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, həmçinin hələ 1970-1980-ci illərdə özünün qurub-yaratdığı mədəniyyət müəssisələri şəbəkəsinin yenidən inkişafına dəstək olmuşdur.
Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə - 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanada olmuş və müxtəlif tədbirlərdə iştirak etmişdir. Bu tədbirlərdə şəxsən iştirak etməklə, kitaba, kitabın qorunduğu ocağa, həm də təqdimatı keçirilən əsərə və müəllifə hörməti, sayğını ifadə etmiş olurdu. İndiyə kimi mövcud olan tarixi sənədlərdə və dünyanın ən görkəmli şəxsiyyətlərinin çıxışlarında, elm, mədəniyyət və dövlət xadimlərinin məşhur deyimlərində kitabxana haqqında çox dəyərli fikirlərin söyləndiyi məlumdur. Lakin bu kəlamlar içərisində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin kitab və kitabxana haqqında söylədiyi "Kitabxana xalq üçün, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir!" fikirləri öz elmi tutumu, dərin məzmunu və bədii yükü baxımından çox yüksəkdə dayanır. Mübaliğəsiz demək olar ki, Ulu Öndərin böyük mənəvi və fəlsəfı mahiyyət kəsb edən bu fıkirləri dunya mədəniyyəti tarixində kitabxana haqqında ən müdrik kəlam, elmi və mədəni əhəmiyyətə malik olan fıkirlərdir.
Bütün cəmiyyətlərdə kitab, mətbuat mədəniyyətin silahı, sivilizasiyanın bünovrəsi, biliyin mənbəyi, təhsil, tərbiyə və informasiyanın əsas aparıcı vasitəsi kimi çıxış etmiş, cəmiyyət üzvlərinin biliyə, zəkaya, müdrikliyə, kamala gedən yolunu işıqlandırmışdır. Məhz buna görədir ki, kitabı toplayan, qoruyan, saxlayan, əsrdən-əsrə, nəsildən-nəslə otürən kitabxanalar həmişə ölkənin mədəni inkişafının əsas gostəricisi hesab edilmişdir. Tariximizin lap qədim qatlarında formalaşan bu ideya Ümummilli Lider Heydər Əliyev tərəfındən yüksək zirvəyə qaldırılmış, ona yeni məna və məzmun verilmiş, bilavasitə xalqın ümumi mədəni səviyyəsi ilə əlaqələndirilmişdir.
Mədəniyyət sahəsində Ulu Öndər Heydər Əliyevin kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk illərindən başlayaraq kitab nəşrinə və kitabxana işinə böyük diqqət yetirməyə başlamışdır. Heç də təsadüfi deyildir ki, 2003-cü ilin sonlarında birinci dəfə respublikamızın Prezidenti seçildikdən sonra onun imzaladığı ilk sərəncamlar məhz ölkə kitabxanalarının latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunan kitablarla təmin edilməsinə inqilabi xidmət edən və dünya miqyasında analoqu olmayan 2004-cü ilin yanvar ayında imzaladığı silsilə sərəncamlar olmuşdur. Müstəqil Azərbaycanda kitabxana işinin sürətli inkişafı və oxucuların kitabxanalara "qayıdışı"na, habelə Milli Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsinə, oxucular üçün lazımi şəraitin yaradılmasına, kitabxananın müasir tipli kompüter texnologiyaları və avadanlıqlarla təchiz olunması, kitab fondlarının daima yenilənməsi məqsədilə lazımi vəsaitlərin ayrılmasına məhz bu sərəncamların böyük sürətlə icra olunmasından başlanmışdır.
Ölkəmizdə kitabxana quruculuğunun sürətli inkişafına dövlət qayğısının bariz nümunəsini Prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"ndan daha aydın görmək olar. Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişafında və yenidən qurulmasında mühüm mərhələ təşkil edən bu proqramın icrası bütövlükdə ölkəmizdə kitabxanaların, o cümlədən Milli Kitabxananın fəaliyyətinin günün tələbləri səviyyəsində təşkil olunmasında, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasında, oxuculara kitabxana-informasiya xidmətlərinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Bu mühüm proqram sənədində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına ayrıca müstəqil bölmənin ayrılması da bu kitabxanaya təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qayğısının təcəssümü idi. Çünki bu dövlət proqramının uğurla yerinə yetirilməsi Azərbaycan Milli Kitabxanasının aparıcı dünya ölkələrinin milli kitabxanaları sırasında öncül yerlərdən birinə çıxmasına və Cənubi Qafqazın ən modern kitabxanası səviyyəsinə yüksəlməsinə səbəb olmuşdur.
Azərbaycan xalqının maddi-mədəni irsinin mühafızəçisi sayılan Milli Kitabxana fəaliyyətə başladığı 1923-cü ildən istər ölkə daxilində, istərsə də ölkə xaricində çap olunan kitabları, dövri mətbuat materiallarını - qəzet və jurnalları öz fonduna toplayaraq onların zəngin arxivini yaradaraq bu günədək gətirib çıxarmağa müvəffəq olmuşdur. Respublikamızda uzun illərdən bəri formalaşmaqda olan kitabxana fondları içərisində Milli Kitabxananın universal məzmunlu fondu xüsusi əhəmiyyət kəsb edir. Kitabxanada bütün elm sahələri üzrə çap məhsulları - kitablar, qəzetlər, jurnallar, ardı davam edən nəşrlər, afişalar, xəritələr, qrammafon valları və s. toplanır.
102 il öncə 5 min nüsxə kitabla fəaliyyətə başlayan Milli Kitabxananın fondunda bu gün 4 milyon 702 min 735 nüsxə ədəbiyyat toplanmışdır. Zəngin kitab fonduna malik Milli Kitabxanada Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri - əlyazma kitabları, daşbasma üsulu ilə çap olunmuş və ilk çap kitabları, XIX əsrdən bu günədək nəşr olunan dövri mətbuat nümunələri toplanmışdır. Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində dünyanın 20-yə yaxın dilində ən qədim kitablar, muxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, qiymətli sorğu ədəbiyyatları mühafizə olunur. Miniatur kitab kolleksiyası, nəfis tərtibatlı kitab nüsxələri oxucularda böyük maraq doğurur. Nadir kitablar fondunda dünyanın ən qədim nəşriyyatlarından biri olan "Elzevir qardaşları nəşriyyatı"nın zəngin kolleksiyası mühafizə olunur. Bu kolleksiyanın latın dilində "Homerin Hesiodla mübahisəsi" (Anno, 1573) kitabını kitabxananın ən qədim kitabı kimi göstərmək olar. Milli Kitabxananın kolleksiyasında XVI əsrə aid qədim çap kitabları içərisində nadir nəşrlərdən biri kimi "Türklər haqqında 10 nəsihət" (Yena şəhəri, 1595, alman dilində) hesab olunur. Nadir kitablar fondunda Qafqazşünaslığa, xüsusilə də Azərbaycanşünaslığa dair 600-dən yuxarı unikal kitab və jurnal materialı mühafizə olunur. Həmin nəşrlər Qafqazda yaşayan xalqlar haqqında, əsasən də Azərbaycan xalqı, onun tarixi, coğrafiyası, ədəbiyyatı, etnoqrafiyası, mədəniyyəti, milli xüsusiyyətləri və adət-ənənələri haqqında zəngin məlumat verir. Azərbaycan ədəbiyyatının arxivi fondunda məzmun və tarixilik baxımından bir sıra qiymətli kitablar vardır. Belə nadir kitablardan A.A.Bakıxanovun 1831-ci ildə Tiflisdə nəşr olunan "Qanuni-Qüdsi" əsəri, Füzulinin 1849-cu ildə Təbrizdə çap olunan "Divan"ı, "Bəngü Badə" (1845) və "Leyli və Məcnun" (1858) əsərləri, M.F.Axundovun "Təmsilatı"nın (1860) Tiflis nəşri və başqa əsələri qeyd etmək olar. Kitabxanada Azərbaycan bəstəkarlarının əlyazmalarının "Qızıl Fondu" mövcuddur, Fonoteka fondunda 30 minə yaxın səsyazması qorunub saxlanılır.
Milli Kitabxananın fondunun mühüm tərkib hissələrindən birini dövri nəşrlər təşkil edir. Onlar kitablara nisbətən daha operativ hesab olunur. Burada elmin və texnikanın yenilikləri və nailiyyətləri, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə ictimai və mədəni həyatın bütün tərəfləri işıqlandırılır. Lakin onlar kitaba nisbətən daha tez köhnəlir.
Milli Kitabxananın Azərbaycan ədəbiyyatının arxivi fondunda mətbuat tariximizin misilsiz bir hissəsi - 1875-1930-cu illəri əhatə edən qəzet materiallarının orijinalları və fotosurətləri, eləcə də Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayan jurnal komplektləri qorunub saxlanılır. Kitabxanada saxlanılan ən qədim milli qəzet milli mətbuatımızın ilk qaranquşu hesab olunan, Azərbaycan demokratik mətbuatının bünövrəsini qoyan təbiətşünas alim, maarifpərvər ziyalı Həsən bəy Zərdabi Məlikovun nəşr etdiyi "Əkinçi" qəzeti (1875), ən qədim milli jurnallar isə "Molla Nəsrəddin" (1906) və "Dəbistan"dır (1906). 1875-1877-ci illərdə iki həftədə bir dəfə çıxmaqla "Əkinçi" qəzetinin 56 nömrəsi buraxılmışdır. Milli Kitabxananın Azərbaycan ədəbiyyatının arxivi fondunda "Əkinçi" qəzetinin 1875-1877-ci illərə dair orijinal nüsxələrinin tam komplekti mühafizə olunur.
Məlumdur ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bir çox elm və fəaliyyət sahəsi üzrə tədqiqatlar aparan alim və mütəxəssislər ayrı-ayrı dövri və ardı davam edən nəşrlərin müəyyən nömrələrinə müraciət edir, eləcə də onların illik komplektlərindən geniş istifadə edirlər. Əksər hallarda dövri nəşrləri, xüsusən də qəzetləri ucuz kağız növlərində çap edirlər. Bu səbəbdən də onların çap olunduğu kağız çox sürətlə köhnəlir, kövrəkləşərək tikələrə bölünür və istifadə üçün yararsız hala düşür. Belə nəşrlərin orijinalının mütəmadi istifadəyə verilməsi onların məhv olmaq təhlükəsini yaradır. Onların gələcək nəsillərə çatdırılması üçün istifadə edilən texnologiyalar içərisində ən mütərəqqi metodlardan biri onların komplektlərinin skan edilərək elektron variantda saxlanmasıdır.
Milli Kitabxananın Azərbaycan ədəbiyyatının arxivi fondunda mühafizə olunan XIX əsrin sonu - XX əsrin əvvəllərində nəşr edilmiş müxtəlif qəzetlərin tam komplektlərinin elektron versiyası yaradılmışdır və kitabxananın saytında "E-dövri mətbuat" bölməsində yerləşdirilmişdir. Hazırda kitabxanada dövri mətbuat nümunələrinin elektronlaşdırılması işi davam etdirilir. Ötən əsrin ikinci onilliyində qədim yurd yerimiz İrəvanda Azərbaycan dilində "Lək-lək" (1914), "Bürhani-həqiqət", "Zəngi" (1924-1927), "Qızıl Şəfəq" (1927-1937) kimi qəzet və jurnallar nəşr olunurdu. Bu qəzetlər İrəvanın mədəni, ictimai-sosial həyatında baş vermiş hadisələrin işıqlandırılmasında böyük əhəmiyyət kəsb edirdilər. Milli Kitabxanada Qərbi Azərbaycanda, İrəvanda Azərbaycan dilində nəşr olunan qəzetlərin nüsxələri mühafizə olunur. Qəzetlər oxucuların istifadəsi üçün elektronlaşdırılıb. Bu gün bu sənədlər Qərbi Azərbaycanda ədəbiyyatımızın, mətbuat və mədəniyyətimizin və bütövlükdə mədəni irsimizin tədqiqi ilə bağlı böyük əhəmiyyət kəsb edir.
Hazırda kitabxanamızda dövri mətbuat nəşrlərinin boyuk əksəriyyəti, 198 adda qəzet - "Əkinçi", "Açıq söz", "Al bayraq", "Asari Həqiqət", "Azərbaycan", "Bəsirət", "Doğru söz", "Doğru yol", "El", "Gənc işçi", "Günəş", "Həyat", "Hilal", "Hümmət", "Hürriyyət", "İttihad" və s., 878 adda isə jurnal - "Molla Nəsrəddin", "Dəbistan", "İnqilab və mədəniyyət", "Maarif işçisi", "Maarif yolu", "Zənbur", "Musulmanskiy mir" və s. elektron sənəd formasında istifadəçilərə təqdim olunur. Milli Kitabxanada aparılan bu iş Azərbaycanın milli mətbuat sərvətlərinin qorunması üçün böyük əhəmiyyətli mənbələr hesab olunur. Elektron versiya isə onları indiki istifadəçilər və gələcək nəsillər üçün saxlayaraq istifadəsini təşkil etməyə şərait yaradır.
Bu gun nəşr olunan dövri mətbuat materialları (jurnal və qəzetlər) bəzən bizə gündəlik məlumatları çatdırmağa xidmət edən adi məlumat daşıyıcıları kimi görünə bilər. Ancaq gələcəkdə kitabxanalarda, onların arxiv fondlarında mühafizə olunan həmin dövri mətbuat orqanlarının səhifələrində bu günümüz üçün tarixi əhəmiyyət kəsb edən məlumatlar, tarixi faktlar tariximizin bir sıra məqamlarına işıq salmaqda mühüm mənbə rolunu oynayırlar.
Milli Kitabxanada kitab və dövri mətbuat fondlarında mühafizə olunan qiymətli nəşrlərin konservasiya olunaraq gələcək nəsillərə çatdırılması məqsədilə bir sıra layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində alman istehsalı olan A3, A2, A1 formatlı Zeutshel OS 12002 markalı Omniscan skanerlər vasitəsilə dövri mətbuat materiallarının konservasiya olunaraq gələcək nəsillərə çatdırılması təmin olunur.
Azərbaycan Milli Kitabxanasının fondunda olan ədəbiyyatların, xüsusilə dövri mətbuat materiallarının mühafizəsi, onlardan oxucuların sistemli ictimai istifadəsinin təşkili üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Kitabxananın fondlarında müasir tipli mobil kitab rəfləri quraşdırılmışdır. Tozu, rütubəti, işığı buraxmayan və qiymətli sənədlərin digər kənar təsirlərdən qorunmasına xidmət edən mobil kitab rəfləri eyni zamanda yeni nəşrlərin yerləşdirilməsi imkanlarının da iki dəfə artırılmasına kömək edir. Müasir dünya standartlarına uyğun işıqlandırma, havalandırma və rütubət rejimini tənzimləyən avadanlıqlar, qazla işləyən avtomatlaşdırılmış yanğınxəbərverici və yanğınsöndürücü sistemlər istifadəyə verilmişdir. Fondun xüsusi mobil kitab rəflərində yerləşdirilməsi həm oxucuya xidmət işini yaxşılaşdırır, həm də kitab və milli mətbuat nümunələrimizin etibarlı qorunaraq gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.
Ədibə İSMAYILOVA,
Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru