Mayın 30-da Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova öncə 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı ilə bağlı fikirlərini bildirib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiklərini deyən Milli Məclisin Sədri xatırlatdı ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır.
"Hesab edirəm ki, strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini göstərən son dərəcə önəmli hadisədir. Hava limanının açılışında qardaş Türkiyə Cümhuriyyəti rəhbərinin iştirakı Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji müttəfiqlik əlaqələrinin sarsılmazlığını bir daha nümayiş etdirdi", - deyə Milli Məclisin Sədri Sahibə Qafarova bildirib.
Milli Məclisin Sədri Müstəqillik Günündə Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü ilə də bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu. İnamla söyləmək olar ki, Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaqdır.
"Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni çağırışlara uyğun davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqillik yollarında bundan sonra da inamla addımlayacaq və yeni böyük uğurlara imza atacaqdır" - deyən Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Müstəqillik Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclisin adından təbrik məktubları da ünvanlanıb.
Sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Nizami Səfərov, Razi Nurullayev, Vüqar Bayramov, Vasif Qafarov, Bəhruz Məhərrəmov, Vüqar İskəndərov, Rizvan Nəbiyev, Tural Gəncəliyev çıxış ediblər.
Deputatlar mayın 28-də Laçında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Zirvə görüşünün ölkəmizin xarici siyasətində dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin önəmli yer tutduğunu bir daha nümayiş etdirdiyini vurğulayıblar. Çıxış edənlər Laçında sürətli yenidənqurma və bərpa işlərinin həyata keçirildiyini diqqətə çatdıraraq, burada istifadəyə verilmiş hava limanının həm strateji, həm də Şərqi Zəngəzurun iqtisadi inkişafı, habelə turizmin genişləndirilməsi, sərmayələrin cəlb edilməsi baxımından vacibliyindən bəhs ediblər.
Millət vəkilləri ölkə Prezidentinin uğurlu hərbi və diplomatik strategiyasına nəzər salaraq, Azərbaycanın 30 illik işğala öz resursları hesabına son qoyduğunu xüsusi qeyd ediblər. Dövlət başçımızın regionda sülhün bərqərar olması üçün göstərdiyi səylərin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini vurğulayıblar.
Çıxışlarda, habelə müasir dövrdə ölkənin kibersuverenliyinin təmin edilməsinin əhəmiyyətindən danışılıb. Kritik infrastruktur obyektlərinin etibarlı mühafizəsinin, vətəndaşların hüquq və mənafelərinin müdafiəsinin kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı olduğu bildirilib.
Müzakirələr zamanı deputatlar bir sıra digər aktual məsələlər barədə də öz fikirlərini bölüşüblər.
Parlamentin Sədri Sahibə Qafarova iclasda 10 məsələnin müzakirə ediləcəyini, birinci məsələnin gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumat olduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova rəhbərlik etdiyi komitənin 2024-cü il üzrə məlumatını slaydlar vasitəsi ilə təqdim edib. O bildirib ki, 3 bölmədən ibarət məlumat 62 dövlət orqanından, 76 yerli icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyalar, Dövlət Statistika Komitəsinin və digər təşkilatların məlumatları əsasında hazırlanıb.
Diqqətə çatdırılıb ki, məlumatın I bölməsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, gender əsaslı ayrı-seçkilik halları ilə bağlı mövcud vəziyyət, idarəetmədə qadın və kişilərin təmsilçiliyi barədə məlumatlar öz əksini tapıb.
2024-cü ildə qanunvericiliyə edilən dəyişikliklər barədə söhbət açan komitə sədri Ailə Məcəlləsinin nikah yaşının bir ildən çox olmayaraq azaldılmasını nəzərdə tutan müvafiq maddəsinin ləğv edildiyini, erkən evlilik və məişət zorakılığı ilə bağlı cinayət və inzibati məsuliyyəti nəzərdə tutulan subyektlərin dairəsinin genişləndirildiyini, ümumi bioloji baba və nənəsi olan qohumlar arasında nikahın bağlanmasının qadağan edildiyini, məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə mexanizminin yaradıldığını söyləyib.
Qeyd olunub ki, bir sıra problemli məsələlərə dair "860 Dəstək xətti"nə daxil olan müraciətlərdə artım, "Qadın Dəstək Xətt Xidməti"nə daxil olan müraciətlərin sayında isə azalma müşahidə edilir. Habelə Daxili İşlər Nazirliyinə məişət zəminində baş verən insidentlərə dair daxil olmuş müraciətlərin, o cümlədən cinayət hadisələrinin sayı azalıb.
Nəzərə çatdırılıb ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq azalıb.
Məlumatın II bölməsində əmək, təhsil, iqtisadi və sosial hüquqların həyata keçirilməsi sahəsində, həmçinin qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları və siyasi partiyaların fəaliyyətində gender bərabərliyinin təmin edilməsi ilə bağlı vəziyyət öz əksini tapıb.
Təhsil hüququnun reallaşdırılmasını həyata keçirən müəssisələrdəki vəziyyətlə bağlı qeyd edilib ki, ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında oğlanlar, peşə təhsili üzrə kişilər, orta ixtisas təhsili üzrə qadınlar üstünlük təşkil edirlər.
Bildirilib ki, kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasına dair vəziyyətdə canlanma müşahidə olunur.
Diqqətə çatdırılıb ki, məlumatın III bölməsində 2024-cü ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr, o cümlədən təhsil, məşğulluq sahəsində gender bərabərliyinin gücləndirilməsi və gender əsaslı zorakılıq hallarının qarşısının alınması istiqamətində tövsiyələr öz əksini tapıb.
Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsi istiqamətində aidiyyəti qurumlarla səmərəli əməkdaşlığı davam etdirdiyini, bu sahədə uğurlu nəticələr əldə olunduğunu bildirib.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb. Komitə sədri müzakirəyə təqdim olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatında bütün sahələr üzrə aparılan ətraflı təhlillərə dair göstəricilərin, əldə edilən uğurlu nəticələrin, təklif və tövsiyələrin, habelə qarşıda duran vəzifələrin əks olunduğunu deyib.
Hicran Hüseynova ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində müsbət dinamikanın olduğunu qeyd edib. Bildirib ki, qərarların qəbulunda və dövlətin idarə edilməsində qadınların iştirakçılığının artdığı müşahidə olunur. Belə ki, inzibati vəzifələri icra edən, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusilə hakim və vəkil qadınların sayı hər il artır. O, ölkədə əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işlərin görüldüyünü, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edildiyini diqqətə çatdırıb. Həmçinin gender əsaslı və məişət zorakılığının qarşısının alınması, zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində qanunvericiliyin davamlı olaraq təkmilləşdirildiyini söyləyib. O, illik məlumatda məişət zorakılığı ilə bağlı komitəyə edilən müraciətlərə dair dərin təhlilin təqdim edildiyini deyib.
Hicran Hüseynova rəhbərlik etdiyi komitədə məsələnin geniş müzakirə edildiyini, illik məlumatın yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.
Məsələ ətrafında müzakirələrdə Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov, komitə sədri Zahid Oruc, deputatlar Vüqar Bayramov, Əli Məsimli, Bəhruz Məhərrəmov, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Mehriban Vəliyeva, Günay Ağamalı çıxış edərək fikir və qeydlərini bildiriblər.
Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı nəzərə alınıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanununun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, əvvəlki oxunuşlarda sənədin ətraflı müzakirə edildiyini, səslənən fikirlərə münasibət bildirildiyini söyləyib, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəddə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşdırılması təklif olunur.
Konstitusiya Qanununun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova xatırladıb ki, konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. O, bu gün birinci səsvermənin keçirildiyini, 6 aydan sonra bu konstitusiya qanununa ikinci səsvermədə münasibət bildiriləcəyini qeyd edib.
İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də müzakirəyə çıxarılıb. Qeyd olunub ki, Sazişə əsasən, hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə 90 gündən artıq olmamaq şərti ilə qala bilərlər. Saziş yalnız qısamüddətli səfərləri əhatə edir. Qarşı tərəfin ərazisində 30 gündən artıq qalmaq, yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq, təhsil almaq, media və digər icazə tələb edən sahələrdə fəaliyyət göstərmək üçün vətəndaşlar əvvəlcədən viza və müvafiq icazə almalıdırlar.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri gündəliyin növbəti beş məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsini təqdim edib. O, birinci oxunuşda təqdimat zamanı sənəd haqqında ətraflı məlumat verildiyini deyib.
Layihədə Cinayət Məcəlləsinə cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsinə, həmçinin şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azadetmə halının da əlavə edilməsi təklif olunur. Sənəddə Cinayət-Prosessual Məcəlləsi üzrə istintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə müvafiq səlahiyyətlərin verilməsi təklif edilir. Eyni zamanda son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyini təmin etmək məqsədilə müvafiq dəyişikliklər də nəzərdə tutulur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Layihə sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb. Sənəddə bir sıra cinayətlərin sanksiyalarında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına alternativ olan digər əsas cəzalar çıxarılmaqla həmin əməllərə görə sanksiyanın sərtləşdirilməsi təklif edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı təqdim edib. Bildirib ki, layihədə nəzərdə tutulan əsas dəyişiklik tibb mütəxəssislərinə sertifikasiya şəhadətnaməsini əldə etmək üçün 5 ildən bir sertifikasiya imtahanında iştirak etməklə yanaşı, elmi, pedaqoji və digər tədris fəaliyyətini ehtiva edən yeni - davamlı peşəkar inkişaf (DPİ) konsepsiyasının tətbiqi nəticəsində müvafiq kredit balları toplayaraq sözügedən imtahandan azad olmaq hüququnu müəyyən edir. Digər dəyişiklikdə isə sertifikasiya imtahanından keçməyən tibb işçilərinin təkrar bu imtahandan keçənə qədər 6 ay müddətində vəzifə maaşının saxlanılması müəyyən edilir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ barədə bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Pasportlar haqqında" və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Layihədə "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişiklikdə Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına aid edilib. Bu dəyişikliklərin icrası məqsədi ilə "Pasportlar haqqında" qanuna edilən düzəlişə əsasən, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasportu əldə edə biləcək subyektlər dairəsinə daxil edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Komitə sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə də məlumat verib. Qeyd edib ki, layihənin məqsədi bütün inzibati xətalar haqqında protokol və qərarları ümumiləşdirərək onun uçotunun izlənilməsi üçün "İCMAL" informasiya sisteminin yaradılmasıdır.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra "İcra məmurları haqqında", "İcra haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub. Məsələ ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təklif olunan dəyişikliklərin ədliyyə orqanlarında keçirilən islahatların yeni mərhələsi ilə bağlı olduğunu deyib. Bildirilib ki, təqdim olunan qanun layihəsinin əsas mahiyyəti ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılmasından ibarətdir. Bu hesabın yaradılmasında məqsəd nazirliyin hesabına daxil olan maliyyə vəsaitlərinin vahid hesaba cəmlənməsi, həmin vəsaitlər hesabına ədliyyə orqanlarında çalışan əməkdaşların maddi təminatının və sosial müdafiəsinin gücləndirilməsidir.
Həmçinin qanun layihəsində icra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslərin barəsində tətbiq edilən icra ödənişlərinin miqdarının artırılması təklif edilir. Təklif edilən mühüm dəyişikliklərdən biri də odur ki, icra məmuru vəzifəsinə qulluğa qəbul üçün ali hüquq təhsili tələbi götürülür.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi - Vergi Məcəlləsində, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nda yerli özünüidarəetmə sahəsində korrupsiyaya şərait yaradan səbəblərin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Qeyd edilib ki, təklif olunan müvafiq dəyişikliklər də Milli Fəaliyyət Planında qeyd edilən tədbirlərin təmin edilməsi məqsədi ilə hazırlanıb. Belə ki, "Bələdiyyələrin statusu haqqında" qanuna təklif olunan yeni maddə bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını nəzərdə tutur. Vahid informasiya sisteminin yaradılması bələdiyyələrin fəaliyyətində hüquqpozmaların qarşısının alınmasına və şəffaflığın artırılmasına xidmət edəcək. Sözügedən sistemin yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilməsi təklif olunur. Qanun layihəsində təklif olunan digər dəyişikliklər isə bələdiyyə bildirişlərinin elektron qaydada göndərilməsini nəzərdə tutur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ ilə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırıb. Müzakirədə deputat Elçin Mirzəbəylinin dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Gündəlikdəki məsələlər başa çatdıqdan sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq 85 deputat növbədənkənar sessiyanın çağırılması üçün ona müraciət edib və iyun ayında Milli Məclisin növbədənkənar sessiyası olacaq.
Yaz sessiyasının yekunları barədə məlumat verən Milli Məclisin Sədri qeyd edib ki, sessiya ərzində parlamentin 14 iclası keçirilib, 65 qanun qəbul edilib. 55 qanunda, o cümlədən 2 konstitusiya qanununda dəyişiklik qəbul edilib, 8 beynəlxalq sənəd təsdiq olunub. Milli Məclis konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib.
Spiker qeyd edib ki, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq yeddinci çağırış dövründə də Milli Məclisin qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsinə kömək göstərir. Bununla əlaqədar o, həmişə olduğu kimi, parlamentlə hökumət arasında konstruktiv iş birliyini xüsusi vurğulayaraq bildirib ki, yaz sessiyasında müxtəlif hökumət qurumlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunub, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilib. Bununla birlikdə deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınıb.
Milli Məclisin Sədri deyib ki, 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması ilə əlaqədar Milli Məclisdə bir neçə tədbir keçirilib. Mayın 8-də parlamentin "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunan xüsusi iclası keçirilib. İclasda Ulu Öndərin müəllifi olduğu müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul edilməsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması kimi tarixi hadisələrin əhəmiyyətindən danışılıb. Bu mövzuda keçirilən digər bir tədbir Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi elmi-praktik konfrans olub. Eyni mövzuda başqa bir tədbir isə Qarabağ Universitetinin bir qrup tələbəsi ilə keçirilən görüş olub.
Sessiya dövründə böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə ictimai dinləmələr keçirilməsi praktikası davam etdirilib.
Üç ictimai dinləmə və üç ictimai müzakirə təşkil olunub. "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ailə, qadın və uşaq məsələləri komitəsi "Ailə, qadın və uşaq hüquqları konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda, İctimai birliklər və dini qurumlar komitəsi "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda, Aqrar siyasət komitəsi isə "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmə keçiriblər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirə təşkil edib. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya isə iki ictimai müzakirə təşkil edib. Bu müzakirələrdən biri "Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum" mövzusuna, digəri isə "Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya" mövzusuna həsr edilib. Eyni zamanda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin "Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar" mövzusunda genişləndirilmiş iclası keçirilib.
Spiker qeyd edib ki, yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun, Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilib.
Milli Məclisin Sədri bildirib ki, yaz sessiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilib. Belə ki, Milli Məclisin 60 deputatı 32 ölkəyə 50 səfər həyata keçiriblər, 13 beynəlxalq təşkilatın tədbirlərində iştirak və çıxış ediblər. Millət vəkillərimiz Rumıniyada keçirilən prezident seçkilərini və Tacikistanda keçirilən parlament seçkilərini müşahidə ediblər. 41 ölkənin və 8 beynəlxalq təşkilatın 48 nümayəndə heyəti, ümumən 443 nəfər xarici qonaq Milli Məclisdə olub.
Spiker əlavə edib ki, Milli Məclis Sədrinin 4 ölkəyə rəsmi və 3 ölkəyə işgüzar səfərləri olub. Milli Məclisin Sədri parlamentdə 3 ölkənin dövlət başçıları, 16 ölkənin parlament sədrləri və sədr müavinləri, 3 beynəlxalq təşkilatın rəhbərləri, 2 ölkənin icra hakimiyyəti orqanı və partiya nümayəndələri, 7 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib.
Milli Məclis 5 beynəlxalq tədbirə evsahibliyi edib. Belə ki, fevralın 18-dən 20-dək Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası, martın 17-də Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 22-ci iclası, aprelin 5-də Asiya Parlament Assambleyasının koordinasiya görüşü, aprelin 6-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Dördüncü Konfransı, aprelin 15-də isə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik komitələri sədrlərinin ikinci iclası Milli Məclisin təşkilatçılığı ilə keçirilib.
Bildirilib ki, hazırda Milli Məclis 5 beynəlxalq təşkilata sədrlik edir. Həmin təşkilatlar Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Türk Dövlətlərinin Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır. Spiker onu da deyib ki, 2026-cı ildə Milli Məclis İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına da sədrlik edəcək.
Yaz sessiyası dövründə Milli Məclis və iki ölkənin - Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinin parlamentləri ilə əməkdaşlıq haqqında, eləcə də Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında, həmçinin Tolerantlıq və Sülh Təşkilatı arasında memorandumlar imzalanıb.
Çıxışına yekun vuran spiker qeyd edib ki, beləliklə, Milli Məclis yaz sessiyasını uğurla başa çatdırır. O, səmərəli iş üçün hər kəsə təşəkkürünü bildirib və Milli Məclisin yaz sessiyasını bağlı elan edib.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"