27 May 2023 09:20
677
PARLAMENT
A- A+

Milli Məclisin Sədri Sahibə Qafarova Serbiyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarova Serbiya Respublikasında rəsmi səfərdədir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən keçirilən və 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edib.
Spiker Sahibə Qafarova tədbirdə çıxış edib.
Tədbir iştirakçılarını salamlayan Sahibə Qafarova Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Serbiya Respublikasının Baş naziri Ana Brnabiç, Serbiya Respublikası Milli Assambleyasının Sədri Vladimir Orliç ilə keçirdiyi görüşlərdən söz açıb. O, rəsmi səfəri çərçivəsində Serbiya Milli Assambleyasının Sədri Vladimir Orliçlə Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzaladıqlarını qeyd edib, bu sənədin parlamentlərarası əməkdaşlığımızın daha da inkişafına kömək edəcəyinə əminliyini bildirib.
Spiker Sahibə Qafarova 105 il əvvəl, 28 May 1918-ci ildə Azərbaycan xalqının öz çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, müsəlman Şərqində ilk demokratik parlament respublikasını təsis etməsindən söz açıb. O, diqqətə çatdırıb ki, həmin dövrdə ilk parlament və hökumət, dövlət atributları yaradıldı, ölkənin sərhədləri müəyyən edildi, dövlət quruculuğu, respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması sahəsində mühüm işlər görüldü. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkənin siyasi, iqtisadi və mədəni inkişafının təmin olunmasında əsas rol oynadı.
Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan hələ 1918-ci ildə Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən də xeyli əvvəl qadınlara səsvermə hüququ verən ölkədir. Bu, ilk Demokratik Azərbaycan Respublikasının uğurlarından biri idi. Qeyd olunub ki, Azərbaycanda gender bərabərliyi nəinki bu günə qədər davam edir, həm də irəliləyir və möhkəmlənir.
Ötən il Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ilinin tamam olduğunu deyən spiker Sahibə Qafarova bildirib ki, bu illər ərzində Azərbaycanla Serbiya arasında münasibətlər dinamik inkişaf edib. Bu gün Azərbaycan ilə Serbiya arasında əlaqələrin möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma ilə fərqləndiyini deyən Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, suverenlik və ərazi bütövlüyü məsələlərində bir-birinə göstərilən güclü həmrəylik və dəstək Azərbaycan-Serbiya münasibətlərinin ən mühüm xüsusiyyətlərindən biridir.
Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında iqtisadi, ticarət və humanitar sahələrdə, eləcə də enerji sektorunda sıx əməkdaşlıq mövcuddur. Serbiya ilə Bolqarıstan arasında birləşdirici xəttin tikintisi Azərbaycan təbii qazının və elektrik enerjisinin Serbiyaya çatdırılmasına imkan verəcək.
Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Millət vəkillərinin xalqı təmsil etdiyini, onun iradəsini əks etdirdiyini deyən spiker Sahibə Qafarova bildirib ki, parlament spikerlərinin, dostluq qruplarının qarşılıqlı səfərləri, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyəti bu əməkdaşlığı ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da inkişaf etdirmək əzmimizi nümayiş etdirir.
Çıxışında Sahibə Qafarova regionda mövcud vəziyyət barədə məlumat verib, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini Ermənistanın 30 illik işğalından azad edərək öz ərazi bütövlüyünü bərpa etməsindən qürurla söz açıb. Diqqətə çatdırıb ki, münaqişənin sülh yolu ilə həllini uzun illər gözləyəndən sonra Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edib, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Spiker Sahibə Qafarova bildirib ki, bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Bu ərazilər "yaşıl enerji" zonası elan edilib. "Ağıllı şəhər"lər və "ağıllı kənd"lər tikilir. Keçmiş məcburi köçkünlərin ilk ailələri artıq evlərinə qayıtmağa başlayıblar.
Sahibə Qafarova Azərbaycanın sülh sazişini təklif etdiyini diqqətə çatdırıb. O deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa, Qafqazda uzunmüddətli sülh bərqərar olacaq.

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video