"Nənə, o çantanı
istəmirəm, mənə qırmızı çanta al” deyə balaca əlləri ilə nənəsinin ətəyini dartışdıran
qızcığaz mağazanın divarında sıralanmış al-əlvan çantaları heyranlıqla süzür...
Bu il birinci
sinfə yollanacaq Nuray nənəsi ilə məktəb bazarlığı edir, ürəyinə yatan rənglərdə,
formalarda, bəzəklərdə olan müxtəlif dərs ləvazimatlarını həvəslə seçərək səbətə yığır. Çox sevinir, məktəbli olacaq, böyük
bacısı Nilufər kimi saçlarına ağ bant vuracaq, məktəbli paltarı geyinəcək və xoşladığı
qırmızı çantasını da çiyninə keçirərək məktəbə yollanacaq. Dərsə haraylayan ilk
zəngə qulaq verəcək, müəllimləri, sinif yoldaşları ilə tanış olacaq, hərflərin sirrinə,
rəqəmlərin qüdrətinə vaqif olacaq...
"Elmlər Akademiyası”
metro stansiyası yaxınlığında yerləşən dərs ləvazimatları satılan mağazadayıq. Məktəb
alış-verişi edən valideyn və şagirdlərin xoş həyəcanına, bazarlıq təlaşına şahidlik
edirik...
Yeni tədris
ilinin başlamasına az qalıb. Bu elə bir ərəfədir ki, ailəsində məktəbli olan hər
kəs uşaqlarına məktəb bazarlığı etmək, onların bütün ehtiyaclarını ödəmək istəyir.
Çalışırlar
ki, həm keyfiyyətli mal alsınlar, həm də büdcələrinə uyğun olsun. Təbii ki, bazarlıq
üçün vacib bu iki şərti birgə əldə etmək o qədər də asan deyil. Ən müxtəlif satış
obyektlərində çeşid bol, qiymətlər müxtəlifdir. Keyfiyyətsiz mal ucuz, yaxşısı isə
bahadır. Sadəcə alıcı sərraf, mal tanıyan olduğu təqdirdə nisbətən ürəyəyatan və
uyğun bazarlıq etmək mümkündür. Bu əsnada iki və daha artıq övladını məktəbə göndərən
valideynlər daha çox çək-çevir edirlər...
Əksər valideynlərin
ürəyindən keçən "görəsən, bir uşağın məktəb xərci neçəyə başa gəlir” sualını cavablandırmaq
üçün üz tutduq məktəb ləvazimatları satılan ünvanlara, Bakı Metropoliteninin stansiyaları
yaxınlığında quraşdırılan təhsil yarmarkalarına...
Alıcılar orta qiymətli mallara üstünlük verirlər
"Bu il oğlum
birinci sinfə gedir, onun üçün bazarlığa çıxmışam. Onu hər zaman məktəbli formasında,
beli çantalı şəkildə gözlərim önündə canlandırırdım. İndi o günə az qalıb və çalışıram
ki, lazım olan bütün məktəb və dərs ləvazimatlarını alım” deyə alış-veriş edən Arzu
xanım sevinclə fikirlərini bizimlə bölüşür.
O söyləyir
ki, artıq iki gündür məktəb bazarlığı edir və bir-iki dərs ləvazimatından başqa
nə lazımdırsa alıb: "Çalışırdım ki, baha da olsa keyfiyyətli mallar alım. Bilirəm
ki, keyfiyyətsiz mal alsam, həm uşaq əziyyət çəkəcək, həm də mən ikiqat xərcə düşəcəm”.
Başqa bir
valideynlə söhbət edirik. Dilbər adlı bu xanım deyir ki, qızı 5-ci sinfə, oğlu isə
8-ci sinfə gedəcək: "Dəftər, qələm, karandaş, albom və bəzi dərs ləvazimatları almışam.
İndi hər ikisi üçün çantaya baxıram. Ötən il 20 manatdan onlara çanta almışdım.
Amma həm çantalar keyfiyyətsiz idi, həm də dərs vəsaitinin ağırlığından onları heç
beş ay götürə bilmədilər. Məcbur olub yenisini aldım, onlar da bir neçə aya xarab
oldu. İndi çalışıram daha keyfiyyətli çanta alım, amma qiyməti baha olduğundan iki
çantanı birdən almağa gücüm çatmır”.
Bu mağazada
satılan çantaların ən ucuzu 20, ən bahası isə 130 manata təklif olunur.
Satıcı söyləyir
ki, əsasən alıcılar orta qiymətli 40-45 manata olan çantaları almağa üstünlük verirlər:
"Təsadüfi hallarda kimsə baha çanta alır. Alıcılar çox ucuz çantaları da almırlar.
Amerika firmalarının markaları bahadır. Orta qiymətə satılan 35-40-50 manatlıq çantalar
Türkiyə istehsalı, daha ucuzları isə Çin malıdır”.
Mağaza təmsilçisi
onu da vurğuladı ki, bəzi mallarda 3-5 qəpik artım olsa da, ötən ilə nisbətən elə
də bahalaşma yoxdur.
Məktəblilər
üçün köynək, ayaqqabı satılan başqa bir mağazaya daxil oluruq. Ölçüsündən asılı
olaraq burada qız və oğlan üçün köynəklərin qiyməti 20-25 manatdır. Kolqotkalar 3-5-8 manat civarındadır. Oğlan və
qızlar üçün müxtəlif cür payızlıq ayaqqabılar 20-60 manata satılır.
Yarmarkadakı qiymətlər mağazadakı qiymətlərə nisbətən ucuzdur
"Elmlər Akademiyası”
və "Koroğlu” metro stansiyaları yaxınlığında yerləşən təhsil yarmarkalarındakı qiymətlərlə
də tanış oluruq.
İki oğlu ilə
məktəb bazarlığı edən Vüqar bildirir ki, mağazalara nisbətən yarmarkalarda qiymətlər
ucuzdur. Məsələn, sadə qələm 20-30 qəpik, 12, 24, 48, 60 vərəqli dəftərlər müvafiq
olaraq 12 qəpik, 1 manat, rəsm albomları vərəq sayından asılı olaraq 1.50 qəpiklə
3.50 qəpik arasında dəyişir. Rəngli kağız 1-2 manat, rəngli karandaşlar sayına,
keyfiyyətinə görə 1 manat 50 qəpiklə 8-12 manat arasındadır. Sadə karandaş 18,
50 qəpik, xətkeşlər materialına görə 30, 50 qəpik, 1 manata satılır. Bir qutu flomaster
keyfiyyətindən asılı olaraq 2-5 manat, 6-12 ədədli plastilinlər 1.50 manatdan
5-10 manata, yapışqanlar 30-50 qəpiyədir. Qələmyonan 70 qəpik, 2 manata, qələmqablarını
1 manat 50 qəpikdən 10 manatadək qiymətə almaq olar. Su qabları 2-10 manat, termoslar
8-15 manata təklif olunur. Çantaların qiyməti isə 10 manatdan 60 manata qədərdir.
Bu yarmarkada Rusiya, Türkiyə, Çin markalı çantalar satışa çıxarılıb. Satıcı bildirdi
ki, bütün dərs ləvazimatlarını onlardan alan müştərilərə müəyyən endirimlər də edirlər.
Müşahidə edirik
ki, alıcılar əsasən orta qiymətdə olan malları alır, qızıl ortanı tapmağa çalışırlar.
Oğlu üçün bazarlıq edən Zeynəb xanım gileylənir ki, istədiyi keyfiyyətdə mal almaq
onun üçün çətindir: "Yaxşı mal çox bahadır, ucuzu isə çox keyfiyyətsizdir. Buna
görə də nisbətən cibimə uyğun və orta keyfiyyətli mallar alıram. Təxminən paltar,
ayaqqabı, çantaya birlikdə 150 manat xərcləmişəm. Dərs ləvazimatlarını isə indi
alacam”.
Xanım onu
da qeyd etdi ki, şalvar və pencəyi Bakı Tikiş Evindən (BTE) alsa da, köynəyi başqa
mağazadan alıb. Arqumenti isə tikiş evində satılan köynəklərin keyfiyyətinin aşağı
olmasıdır. Ümumiyyətlə, bir neçə müddətdir ki, məktəblərdə vahid məktəbli geyimi
tətbiq olunsa da, bir çox hallarda buna riayət edilmir, xüsusilə də yuxarı sinif
şagirdləri bu paltarları geyinməkdən imtina edirlər. Valideynlər əsasən paltarların
keyfiyyətindən narazılıq edirlərsə, şagirdlər həm də BTE-nin tikdiyi paltarların
modelinin onların ürəyinə yatmadığını dilə gətirirlər.
Apardığımız
araşdırma zamanı məlum oldu ki, bir uşağın məktəbə yola salınması üçün lazım olan
dərs vəsaitlərinə orta hesabla təxminən 150-200 manat xərcləmək lazım gəlir.
Y.MUSAYEVA,
"Azərbaycan”