05 May 2024 09:25
477
Mədəniyyət
A- A+

Məğrur, qürurlu Şuşa

 

Otuz ilə yaxın Azərbaycan xalqının səbirsizliklə, həsrətlə gözlədiyi günlər gəldi. 2020-ci ilin payızında, qırx dörd günlük İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun zəfəri bizə qalib xalq olmağın sevincini və qürurunu gətirdi.
Ancaq azadlığına qovuşmuş ərazilərdə xalqımızın qarşılaşdığı mənzərələr dəhşətli idi. Qarabağın, Şərqi Zəngəzurun bütün əraziləri Ermənistanın işğalı dövründə vandalizmə məruz qalmışdı. İşğalçıların on illər boyu vurduqları maddi və mənəvi zərərin həddi-hesabı yox idi. Təcavüzkar, vandal ermənilər həmin ərazilərdə istər müasir, istərsə də qədim tikililəri uçurub dağıtmışdılar. Azərbaycanın ölkə və dünya əhəmiyyətli tarixi abidələri təcavüzkar ermənilər tərəfindən ya məhv, ya da təhrif edilmişdi. İşğalçılar Qarabağın, Şərqi Zəngəzurun dünyaca məşhur təbiət gözəlliklərinə də qıymışdılar.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş əzəli ərazilərimzdə həyata keçiriləcək geniş və sürətli tikinti-quruculuq, abadlıq işlərinin müjdəsini verdi.
2021-ci ilin yanvarında dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqına verdiyi xoş xəbərlərdən biri də bu oldu: "Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq eyni zamanda tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir".
Ermənistan 1992-ci il mayın 8-də ələ keçirdiyi, otuz ilə yaxın işğal altında saxladığı Şuşa şəhərində də xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdi.
Qəhrəman Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də işğaldan azad etdiyi bu qədim şəhərə, onun təbiətinə və tarixi-mədəni irsinə işğalçıların vurduğu zərərin aradan qaldırılması, Şuşanın işğaldan əvvəlki görkəminə qaytarılması və daha da inkişaf etdirilməsi məqsədilə bərpa-quruculuq işlərinə başlanıldı.
Yalnız Şuşa şəhərinin deyil, bütövlükdə Azərbaycanın tarixində daha bir əlamətdar hadisə Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamı oldu. Bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir: "Bu baxımdan Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır". Sərəncamda vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir.
İlboyu hər bir azərbaycanlı üçün müqəddəs məkanda - Şuşada bir-birindən maraqlı və əhəmiyyətli tədbirlər keçirildi, Şuşa şəhərinin baş planı təqdim olundu.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, bənzərsiz və füsunkar Cıdır düzündə iyirmi doqquz il sonra - 2021-ci il mayın 12-13-də "Xarıbülbül" Musiqi Festivalı yenidən düzənləndi. Bu möhtəşəm tədbir vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edildi. Beləliklə, xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi.
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər etdi. İki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisə oldu.
Azərbaycanın görkəmli şairi və ictimai xadimi Molla Pənah Vaqifin məqbərəsi də işğal dövründə dağıdılmışdı. Zəfərdən sonra 2021-ci il avqustun 29-da Şuşada muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu, şairin öz evinin yerindəki büstü yenidən ucaldıldı.
İlk dəfə 1982-ci ildə keçirildikdən sonra ənənəyə çevrilmiş, ancaq Ermənistanın işğalı ilə yarımçıq qalmış Vaqif Poeziya Günləri Şuşa azad edildikdən sonra, 2021-ci il avqustun 30-da yenidən təşkil olundu.
Qeyd edək ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada ucaldılmış heykəli 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı tamamilə dağıdılmışdı. Azərbaycanın mədəniyyət paytaxtında Üzeyir bəyin heykəli öz əvvəlki yerində ucaldıldı. 2021-ci il sentyabrın 18-də isə ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video