30 Mart 2024 08:30
218
SİYASƏT
A- A+

Makronun siyasi fəaliyyəti uğursuzluq hekayəsidir

 

"Fransa prezidentinin neokolonialist iddiaları və erməni sevgisi onu dünyada baş verən real siyasi proseslərdən uzaqlaşdırır. Bu gün Makron siyasi illüziya ilə məşğuldur, özünü deyəsən Napoleon hesab edir. Lakin onun Azərbaycanla bağlı radikal mövqeyi də daxil olmaqla, atdığı hər bir addım uğursuzluğa düçar olur. Əslində, "Le Fiqaro" qəzetində dərc olunan məqalə də bunu sübuta yetirir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib. Deputat söyləyib ki, Makronun Azərbaycana və ümumilikdə Cənubi Qafqaza münasibətdə sərgilədiyi bütün cəhdlərinin nəticəsiz qalmasının fərqində olması onda daxili aqressiya yaradır: "Əslində, 2020-ci ildən başlayaraq bu günə qədər davam edən Paris-Bakı münasibətləri Makronun məğlubiyyət silsiləsidir. Elə "Le Fiqaro" qəzeti də yayımladığı məqalə ilə bunu etiraf edir. Qəzet də təsdiqləyir ki, bu günə qədər Fransanın Cənubi Qafqazla bağlı təşəbbüslərinin heç biri baş tutmayıb. Həmçinin Makronun Avropada öz ətrafına tərəfdarlar toplamaq və digər beynəlxalq aktorları Azərbaycana qarşı yönəltmək cəhdləri uğursuzluğa düçar olub. Bir sözlə, Makronun siyasi fəaliyyəti başdan-ayağa uğursuzluq hekayəsidir. Bu baxımdan, "Le Fiqaro" qəzetində dərc olunmuş məqaləni Fransa prezidentinin boşa çıxmış cəhdlərinin hesabatı adlandırmaq olar".
Deputat vurğulayıb ki, tarixin indiki mərhələsində və beynəlxalq münasibətlər sisteminin məntiqi və paradiqması kontekstində hər bir ölkə digərinə hörmət etməyi bacarmalıdır: "Dövlətlər davranışlarını beynəlxalq hüququn norma və prinsiplərinə uyğunlaşdırmalıdırlar. Qarşısındakı rəqibinə və yaxud tərəfdaşına hörmət etməyi öyrənməlidirlər. Əks təqdirdə, nəticə etibarilə dünya siyasətində Makron Fransasının vəziyyətinə düşmək qaçılmazdır".
Hikmət Məmmədovun sözlərinə görə, həm intellektual, həm siyasi təcrübə, həm də siyasi qətiyyət baxımından Makronun bütün uğursuzluqları onun Azərbaycan Prezidentinə uduzması kimi də başa düşülə bilər: "Azərbaycan rasional davranaraq, Fransanın 2020-ci ildən başlayan sərt ritorikasına qarşı özünün əməkdaşlıq əlini uzatdı. Hətta 2022-ci ildə Azərbaycanla Fransa şirkətləri arasında yeni qaz müqaviləsi imzalandı. Lakin Fransa bu reallıqları nəzərə ala bilmədi və yenidən ənənəvi ampluasında ölkəmizə qarşı koalisiya formalaşdırmağa cəhd etdi. Və yenə də uduzdu. Emmanuel Makronun bundan sonrakı cəhdləri də uğursuzluğa məhkumdur".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video