Azərbaycan Fransanın ermənipərəst və riyakar diplomatiyasını BMT platformasında darmadağın etdi
2022-ci il Azərbaycan üçün xarici siyasət baxımından mühüm uğurlarla yadda qaldı. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dediyi kimi, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik.
Həm bu fakt, həm Bakının qonşu dövlətlərlə münasibətlərdə öz milli maraqlarını qətiyyətlə təmin etməsi, beynəlxalq enerji, iqtisadi və nəqliyyat əməkdaşlığı sahəsində baş verən yeniliklər Azərbaycanın qlobal mövqelərini daha da gücləndirən amillər oldu.
Erməni təəssübkeşlərinin növbəti rüsvayçılığı
Ötən ilin sonuna doğru Azərbaycan növbəti siyasi-diplomatik qələbəsinə BMT müstəvisində imza atdı. Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyası ilə əlaqədar olaraq respublikamızın əleyhinə BMT Təhlükəsizlik Şurasında (TŞ) qətnamə qəbul etdirmək istəyən Fransa bu dəfə də rüsvayçılığa uğradı və hazırladığı riyakar mətni geri götürməyə məcbur oldu. Beləliklə, bu, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın parlaq diplomatik qələbəsi, Fransanın isə növbəti siyasi biabırçılığı oldu.
Xatırladaq ki, Fransa Azərbaycana qarşı qlobal təzyiq cəhdlərini hələ Vətən müharibəsi günlərindən işə salıb. Həmin günlərdə maskası cırılan və fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun həmsədri olmasına rəğmən əslində riyakarlıqla məşğul olduğunu gizlədə bilməyən Fransa BMT səviyyəsində Azərbaycana qarşı sənəd qəbuluna çalışmışdı.
Belə ki, 2020-ci ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra məhz Fransanın təşəbbüsü ilə TŞ prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanatın layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad yer almamışdı.
Azərbaycanın milli maraqlarına zidd olan, Ermənistana dəstək ifadə edən bu bəyanatın layihəsi BMT TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadın sayəsində qəbul edilməmişdi. Bu dövlətlər tərəfindən layihəyə BMT TŞ-nin qətnamələrinə istinadın daxil olunması da tələb edilmişdi. Bundan sonra bəyanat layihəsinin müəllifləri rüsvayçılıqla onu geri çəkməyə məcbur olmuşdular.
Bir məsələni də xatırladaq ki, BMT TŞ-nin Ermənistandan Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən 4 qətnaməsinin olduğu halda bu qurum 30 ilə yaxın müddətdə həmin qətnamələrin yerinə yetirilməməsi ilə bağlı bir dəfə də olsun toplantı keçirməmişdir. Belə toplantının qarşısını alanlardan biri də məhz riyakar Fransa idi.
Fransa 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə də bağlı Azərbaycan əleyhinə BMT TŞ-də sənəd qəbul etdirmək istəyirdi. O vaxt Ermənistanın müraciəti əsasında BMT TŞ-nin gündəliyinə "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nin gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Onda da Fransa niyyətinə çata bilməmişdi.
Fransa BMT TŞ-ni senatla səhv salmışdı
Parisin 2022-ci ilin dekabr rüsvayçılığına gəldikdə, Fransa və Ermənistan öncə ötən ayın 20-21-də Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı BMT TŞ-nin iclasını çağırmışdılar. Həmin günlərdə gedən müzakirələrdən dərhal sonra Fransa BMT TŞ-nin daimi üzvü və TŞ-nin sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və E.Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdılar. Rəsmi Paris hesab edirdi ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Müzakirələrin getdiyi günlərdə Ermənistan rəsmiləri TŞ-də qətnamə qəbul edilməsini Azərbaycan əleyhinə əsas məqsədlərdən biri kimi müəyyən etmişdilər. Amma Azərbaycan onların niyyətlərini gözlərində qoydu.
10 gün davam edən müzakirələrdə bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Belə ki, ermənipərəst tərzdə yazılmış mətndə "Dağlıq Qarabağ" ifadəsi çıxarıldı. Həmçinin "humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Həmçinin Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn dekabrın 30-da BMT Təhlükəsizlik Şurasının qaydalarına uyğun olaraq yenidən sükut proseduruna qoyulmuşdu. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də darmadağın edildi.
Bununla da Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında sözün bütün mənalarında məğlubiyyətə düçar etdi. Bu ölkə BMT TŞ-nin daimi üzvü olsa da, qlobal miqyasda özünü nüfuzlu dövlət hesab etsə də, bütün resurslarını işə salmasına rəğmən, hazırladığı riyakar bəyanatı qəbul etdirə bilmədi. İndi həm Makron, həm Fransa senatı və milli assambleyası pərt vəziyyətdədirlər.
Ötən ilin noyabr ayında özünün qanunvericilik orqanlarında Azərbaycan əleyhinə heç bir mənası və əhəmiyyəti olmayan sənədləri qəbul edən Fransa BMT TŞ-nin deyəsən öz parlamenti ilə səhv salmışdı. Bu baxımdan E.Makron başda olmaqla Fransanın bütün siyasi dairələri, bu ölkənin senatı və milli assambleyası dərk etdilər ki, dünya onlar kimi düşünmür. Bütün ermənipərəst fransalı siyasətçilərə çatdı ki, beynəlxalq ictimaiyyət onların erməni sevgisini bölüşmür. Bütövlükdə isə, bu proses Fransa siyasəti üçün böyük rüsvayçılıq oldu. İlham Əliyev Fransanın ermənipərəst və riyakar diplomatiyasına BMT platformasında sarsıdıcı zərbə vurdu. Tez-tez fransızlar tərəfindən sifətindən şillələnən E.Makrona isə bu dəfə tutarlı diplomatik şillə dəydi.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"