ABŞ Konqresi tərəfindən Qarabağ münaqişəsi başlayanda qəbul edilmiş “Azadlığa dəstək aktı”na “907-ci düzəliş” əvvəlcədən ədalətsiz və siyasi baxımdan qərəzli olub.
Bu fikri AZƏRTAC-a müsahibəsində macar politoloq, beynəlxalq hüquq və postsovet münaqişələri üzrə ekspert Attila Hargitai səsləndirib.
Onun sözlərinə görə, sözügedən düzəliş Azərbaycanın guya Ermənistana qarşı “blokada” tətbiq etməsi barədə həqiqətə uyğun olmayan tezis üzərində qurulub.
“Azərbaycan Ermənistanı blokadaya almayıb. Faktlar bunun əksini göstərir, belə ki, məhz İrəvan Mehri rayonunda, eləcə də işğal altında olmuş Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının ərazilərində dəmir yolu xətlərini öz əli ilə söküb. Bununla da Ermənistan özünü mühüm nəqliyyat marşrutlarından və xarici kommunikasiya xətlərindən faktiki olaraq təcrid edib. Lakin bu reallığı etiraf etmək əvəzinə, Ermənistan Bakını “blokada”da ittiham edib və ABŞ-da güclü lobbi resurslarından istifadə edərək Konqresdə münaqişənin yalnız bir tərəfinə – özü də zərərçəkən tərəfə qarşı yönəlmiş, tamamilə absurd olan “907-ci” düzəlişin qəbuluna nail olub”, – deyə o vurğulayıb.
A.Hargitainin sözlərinə görə, bu gün həmin norma təkcə köhnəlmiş deyil, eyni zamanda, açıq-aşkar anaxronik xarakter daşıyır. “Sülh sazişi paraflanıb, regional kommunikasiyalar bərpa olunub, Azərbaycanın ərazisi vasitəsilə Ermənistana yükdaşımalar yenidən həyata keçirilməyə başlanıb. Yeni reallıq yeni siyasi qərarlar tələb edir. Bu şəraitdə “907-ci düzəliş”in saxlanılması nə hüquqi, nə də mənəvi baxımdan əsaslandırıla bilər. Üstəlik, ABŞ Prezidentinin özü artıq bu düzəlişin ləğvinin tərəfdarı olduğunu bəyan edib. Ədalətsiz bir səhifəni birdəfəlik bağlamaq və “907-ci düzəliş”i tamamilə ləğv etmək vaxtıdır”, – deyə ekspert qeyd edib.