Böyük Britaniya paytaxtının meri Sadiq Xan istefa verən Baş nazir Kir Starmerin namizədliyi ilə Lordlar Palatasının üzvü olacaq. Per, yəni aristokrat titulları Kral tərəfindən Baş nazirin tövsiyəsi ilə verilir.
Artıq cəngavərlik tituluna sahib olan leyborist millət vəkili Xan gələcək 26 perdən biridir. Hökumət perlərin siyahısını dərc edib və qeyd olunub ki, Kral III Çarlz "titulları vermək niyyətini bildirib".
Starmer iyun ayının sonunda hakim Leyborist Partiyasının lideri vəzifəsindən istefa verib. Endi Börnhem partiyanın növbəti lideri roluna alternativsiz namizəddir və onun bu siyasi posta seçiləcəyi şübhəsizdir. Bundan sonra Starmerin bazar ertəsi Kraldan istefasını istəməsi və monarxın Börnhemə hökumət qurmağı tapşırması gözlənilir.
Lordlar Palatasına üzvlük Xana rəsmi olaraq hökumət vəzifələrini tutmağa imkan verəcək, baxmayaraq ki, onun belə bir istəyi yoxdur. Bu barədə BBC məlumat verib.
Gələcək 26 lord və ledidən 16-sı leyboristlər olsa da, siyahıda 5 liberal demokrat, 3 Mühafizəkar və 2 müstəqil (keçmiş yüksək vəzifəli dövlət qulluqçusu və təqaüddə olan yüksək vəzifəli hakim) da yer alıb.
Sadiq Xan ilk dəfə 2016-cı ildə London meri seçilib və o vaxtdan bəri iki dəfə yenidən seçilib. Hazırda o, üçüncü müddətdir ki, merdir. Bildirilir ki, Xan 2028-ci ildə dördüncü müddətə namizəd olub-olmayacağına hələ qərar verməyib.
Hökumət mənbəyi BBC-yə müsahibəsində Xanı "Londonu daha yaxşıya doğru dəyişdirən parlaq bir mer" adlandırıb. O, merin nailiyyətlərini sadalayaraq bildirib ki, "Sadiq Xan zorakı cinayətləri rekord həddə endirib, paytaxtın havasını təmizləyib, Elizabet Xəttini işə salıb və bələdiyyə mənzil tikintisini yenidən başlayıb".
Elizabeth Xətti Londonun ən yeni metrostansiyasıdır və şəhər mərkəzini "Hitrou" Hava Limanı və Redinq şəhəri ilə birləşdirir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"