Səmərəli məşğul olduqda qoyunçuluq həm gəlirli, həm də lazımlı sahədir. Niyə də olmasın. Əti, südü, pendiri əvəzsiz ərzaqdır. Yunundan isə məişətin bir çox sahələrində, o cümlədən xalçaçılıqda qiymətli xammal kimi istifadə olunur.
Elə bu səbəbdən qədim zamanlardan təsərrüfatın bu sahəsinə maraq çox olmuşdur. Hətta o səviyyədə ki, xalqımız qoyunçuluqla bağlı silsilə nəğmələr qoşmuş, məsəllər yaratmışdır. Məsələn, "Qoyunlu evlər gördüm, qurulu yaya bənzər, qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər" kimi.
Ölkəmizdə kənd təsərrüfatı sahəsində bazar iqtisadiyyatına əsaslanan özəl təsərrüfatçılıq ənənələri gündən-günə inkişaf edir. Bu isə aqrar siyasət mexanizmlərinin formalaşdırılmasına, sözügedən sahədə yeni inkişaf məqsədlərinin həyata keçirilməsinə imkan verir. Prezident tərəfindən aqrar islahatların yeni mərhələsinin başlaması ilə bağlı qəbul edilən qərarlar, imzalanan sərəncamlar kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən özəl təsərrüfat subyektlərinin stimullaşdırılmasını, istehsal vasitələri ilə təminatın bazar prinsipləri əsasında yaxşılaşdırılmasını, əldə olunan məhsulun daxili və xarici bazarlara çıxarılmasını və açıq iqtisadi sistem şəraitində rəqabət qabiliyyətinin yüksəldilməsini mümkün edir.
Lerikdə əsas təsərrüfat sahələrindən biri də heyvandarlıqdır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zahidov deyir ki, Lerikdə həm ailə, həm də kəndli-fermer və şəxsi təsərrüfatlarda 2022-ci ilin 1 yanvar tarixinə 38,9 min qaramal, 112,1 min baş davar olmuşdur: "2021-ci ildə 5 min 491,4 ton ət, 23 min 961,2 ton süd, 218,4 ton yun istehsal edilmişdir. Ötən ildəkinə nisbətən məhsul istehsalında artım qeydə alınmışdır".
Lakin çox təəssüfləndirici haldır ki, rayon üzrə qoyun və keçilərin sayı 2,3 min baş azalmışdır. Bunun səbəbsiz olmadığını deyən direktor bildirdi ki, rayon dağlıq ərazidə yerləşdiyindən qoyunçuluqla məşğul olan fermerlər heyvanları qışlama zamanı Biləsuvar və Neftçala rayonlarının ərazisində yerləşən qışlaqlara aparırdılar: "Lakin rayonumuza əvvəllər təhkim olunmuş 25 min 345 hektar qış otlaq sahələri bizdən alınaraq qonşu Biləsuvar, Neftçala və Cəlilabad rayonlarına verilmişdir. Ardınca Biləsuvar və Neftçala Rayon İcra hakimiyyətləri tərəfindən qış otlaq sahələrindən istifadəyə görə fermerlərlə bağlanmış icarə müqavilələrinə birtərəfli qaydada xitam verilmişdir. Nəticədə qoyunların baş sayında azalmalar baş vermişdir. Çünki bir çox fermerlər qoyun və keçilərini satmaq məcburiyyətində qalmışlar. Qarşısı alınmazsa, bu proses rayonumuzda tarixi ənənəsi olan qoyunçuluğun inkişafına mənfi təsir göstərməkdə davam edəcək. Rayonumuza yeni qış otlaq sahələri təhkim olunmalıdır".
Hazırda qoyunçuluqda yun qırxımıdır. İl ərzində rayonda mövcud olan qoyun və quzulardan orta hesabla 200-220 ton yun istehsal olunur. Bu yun isə xammal kimi başqa rayonlara satılır. Amma bəzən bu cür qiymətli məhsulu satmaq mümkün olmur. Odur ki, problemin həlli üçün rayonda yun qəbulu məntəqəsinin və yun emalı müəssisəsinin tikintisinə başlanmışdır. Yeri gəlmişkən qeyd edək ki, əvvəllər Lerikdə 600 nəfərdən çox qadının çalışdığı xalçaçılıq sexi olmuşdur. Rayonda istehsal olunan yundan gözoxşayan xalçalar toxunmuşdur. M.Zahidovun sözlərinə görə, yun emal edən müəssisənin tikilib istifadəyə verilməsi keçmiş ənənəni dirçəldəcək, yeni iş yerləri açılacaq: "Bu müəssisədə turistlərin həvəslə alıb Azərbaycandan xatirə olaraq aparacaqları suvenir xalçalar toxuna bilməzmi?! Əlbəttə, toxuna bilər və hər cəhətdən faydalı olar. Onda yun kimi qiymətli məhsul da uzun illər lazımsız bir əmtəə kimi anbarlarda yığılıb qalmaz".
Seyran CAVADOV,
"Azərbaycan"