09 May 2024 10:22
242
SİYASƏT
A- A+

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər  

 

Fransanın “Le Figaro" qəzetində mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bu prosesdə beynəlxalq vasitəçilikdən imtina mövzusuna dair geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert Sebastyan Bussuanın müəllifi olduğu məqalədə iki ölkənin xarici işlər nazirlərinin Almatıdakı görüşünün ciddi geosiyasi irəliləyiş olacağı bildirilib. “Onilliklər boyu davam edən müharibədən sonra bölgədə sülhün yaradılması prosesi üçün ikitərəfli yanaşmanın bərpası ümidləri yalnız indi - dünyanın od tutub yandığı və beynəlxalq birliyin təkcə öz dibinə işıq sala bildiyi bir dövrdə çiçəklənir”, - deyə müəllif vurğulayıb. Onun fikrincə, Ermənistan və Azərbaycan ilin sonuna qədər sübut edə bilərlər ki, nəinki Birləşmiş Millətlər Təşkilatı sülhə gətirib çıxarmaq üçün çox köhnəlib, həm də beynəlxalq vasitəçilik tendensiyası da uzaq keçmişdə qalıb.

“Həqiqətən də Cənubi Qafqaz artıq dörd ildir ki, yekun razılığa gəlməyə çalışır. Lakin ABŞ, Rusiya və Avropa İttifaqının cəhdləri heç nəyə gətirib çıxarmadı. Artıq bir neçə aydır ki, nazirlərin rəhbərlik etdiyi İrəvan və Bakıdan olan iki danışıqçı nümayəndə heyəti müntəzəm olaraq həll edilməli olan, iki ölkə arasında son razılaşmaya gətirib çıxaracaq və otuz ildən çox davam edən münaqişəyə son qoyacaq bütün digər müddəaları müzakirə edir. Bu həftənin cümə günü Qazaxıstanın paytaxtı Almatıda yeni ikitərəfli görüş keçiriləcək. Ev sahibliyi edən ölkə heç bir vasitəçi rol oynamayacaq, lakin bu yer böyük simvolik əhəmiyyətə malikdir: SSRİ-nin dağılması anını simvolizə edən Almatı Bəyannaməsi burada imzalanmaqla, nəhəng Sovet İttifaqının mövcudluğuna son qoyuldu. İndi burada yenidən tarix yazıla bilər”, - deyə məqalədə vurğulanıb.

Bu yaxında danışıqlar nəticəsində 4 kəndin Azərbaycana qaytarıldığını xatırladan Sebastyan Bussua qeyd edib ki, indi gələcəyə baxmaq və əldə edilmiş razılaşmaların ilkin müddəalarına diqqət yetirmək lazımdır. O, əldə edilmiş razılaşmanı Ermənistanın irəliləməyə hazır olmasının sübutu kimi xarakterizə edir. S.Bussua, həmçinin Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun fikrindən sitat gətirib və qeyd edib ki, bu qərar Ermənistanın baş naziri Nikol Paşinyana göstərilən təzyiq nəticəsində edilən güzəşt kimi qələmə verilməməlidir, çünki burada söhbət, ümumiyyətlə, Ermənistan ərazisindən getmir. “O, sadəcə beynəlxalq hüquqa müvafiq olaraq, əvvəlcədən Azərbaycana məxsus olanı geri qaytarır”, - deyə diplomat bildirib.

Yazıda Azərbaycan tərəfdən sülh sazişi üzrə danışıqların iştirakçısı kimi məsələyə aydınlıq gətirilərək qeyd olunub ki, Prezident Əliyev kimi Nikol Paşinyan da sazişin yaxın gələcəkdə imzalanacağına ümid edir. Elçin Əmirbəyovun sözlərinə görə, hər iki ölkədə bu kontekstdə hətta müəyyən həvəs hiss olunur və ümid var ki, sonda bu problemə son qoyulacaq.

“Erməni diasporu, erməni kilsəsi və siyasi opponentləri indi ona (Nikol Paşinyana – red.) qarşı birləşsələr də, o, artıq bir şeyi başa düşüb: sülh onun ölkəsinə çox uzun müddət qaldığı siyasi və iqtisadi baxımdan çıxılmaz vəziyyətdən mümkün qədər tez çıxmağa imkan verəcək”, - deyə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib.

Müəllif fikirlərini yekunlaşdıraraq yazıb ki, Nikol Paşinyan mütəmadi olaraq regional iqtisadi inteqrasiyanın vacibliyindən bəhs edir. Lakin bu məsələ yalnız, insanların və malların sərbəst hərəkətinə də imkan yaranması üçün, onun ölkəsi Türkiyə və Azərbaycanla sərhəd mübahisələrini həll etdikdən sonra mümkün olacaq.

“İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün əsaslı ümidin, nəhayət ki, ortaya çıxması üçün vaxt lazım oldu və sözügedən vasitəçilərin səbəb olduğu bir çox reallaşmamış gözləntilər meydana çıxdı. Əslində, Ermənistanın artıq başqa seçimi yoxdur: ölkə mümkün qədər tez bir zamanda regional dinamikaya reinteqrasiya etməlidir. Nikol Paşinyan, öz ölkəsini logistik mərkəzə çevirmək istəyir və onu dəstəkləyən ermənilərə məhz bu perspektivi təqdim edir, çünki öz missiyasını sona qədər yerinə yetirə biləcəyinə ümid bəsləyir. Zəngəzur dəhlizi məsələsinin həlli, Azərbaycan üçün həm onun öz bölgəsi olan Naxçıvana birbaşa çıxışı bərpa edəcək, həm də qonşuları ilə ticarət əlaqələri qurmaq istəyən Ermənistana faydalı olacaq. Hər iki tərəf noyabrda Bakıda keçiriləcək COP29 sammitinə (BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - red.) qədər sülh sazişinin imzalanacağına ümid edir. Əgər bu gerçəkləşərsə, çox simvolik hadisə ola bilər!”, - deyə müəllif S.Bussua bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video