Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününün 30 illiyinə həsr olunan "Tələbə Gənclər Təşkilatlarının mükafatlandırma mərasimi 2026” keçirilib.
AZƏRTAC xəbər ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən ATGTİ-nin sədri Rəşad Zeynalov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib, bu günə qədər gənclərlə bağlı həyata keçirilən layihələr haqqında məlumat verib. O, Tələbə Gənclər Təşkilatlarının il ərzində nümayiş etdirdiyi fəallığı vurğulayaraq, tələbə gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və ATGTİ-nin onların ictimai və akademik təşəbbüslərinə daim dəstək göstərdiyini qeyd edib.
Daha sonra ATGTİ-nin baş katibi Fidan Həsənova tərəfindən ittifaqın 2025-ci il üzrə fəaliyyət hesabatı və müxtəlif statistik göstəricilər təqdim olunub.
Ardınca Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi və digərləri çıxış edərək tələbə gənclərin cəmiyyətin inkişafındakı rolunu və tələbə təşkilatlarının fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda 2025-ci il ərzində Tələbə Gənclər Təşkilatlarının fəaliyyətində fəallığı ilə seçilən TGT sədrləri və nümayəndələri müxtəlif nominasiyalar üzrə “İlin tələbəsi”, “İlin TGT fəalı”, “İlin TGT nümayəndəsi”, “İlin Tələbə Gənclər Təşkilatı sədri” və “İlin Tələbə Gənclər Təşkilatı” plaketi və fəxri fərmanlarla mükafatlandırılıblar.