TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda Türk Dövlətləri Təşkilatının Katibliyinin qərargahında keçirilən Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsinin 6-cı iclasında iştirak edib.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Türk Dövlətləri Təşkilatının Baş katibi səfir Kubanıçbek Ömüralıyevin sədrliyi ilə keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk İnvestisiya Fondunun İqtisadi məsələlər üzrə baş müşaviri Erhan Türbedar və Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula iştirak ediblər.
İclasda Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və nümayəndələri çıxış edərək təşkilatların əsas fəaliyyət istiqamətləri və hazırda həyata keçirilən təşəbbüslər barədə məlumat veriblər.
TÜRKPA Baş katibi öz çıxışında 2026-cı il üzrə Fəaliyyət Planına TÜRKPA-nın töhfəsini qeyd edərək, həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivəsində keçirilməsi nəzərdə tutulan parlament diplomatiyasına həsr olunmuş beynəlxalq konfrans haqqında məlumat verib.
Baş katib dövlət başçılarının Zirvə görüşləri ərəfəsində daha səmərəli koordinasiyanın təmin edilməsi məqsədilə Türk Əməkdaşlıq Təşkilatlarının koordinasiya iclaslarının ildə iki dəfə keçirilməsini təklif edib. Təklif iştirakçılar tərəfindən dəstəklənib.
R.Həsən, həmçinin yüksək səviyyədə qəbul edilmiş qərarların icrasının təmin olunması və parlament proseslərinin dövlət başçılarının strateji baxışı ilə uzlaşdırılması məqsədilə TDT ilə TÜRKPA arasında, həmçinin ekspertlər səviyyəsində də əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
İclas iştirakçıları türk əməkdaşlığı ilə bağlı bir sıra əsas məsələlər ətrafında müzakirələr aparıb. Xüsusilə, Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə dövlət başçıları tərəfindən qəbul edilmiş qərar və tapşırıqların icrasına diqqət yetirilib.
Tarixi əhəmiyyəti vurğulanan Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivəsində birgə tədbirlərin təşkili məsələsi xüsusi olaraq ön plana çəkilib.
İclasın yekun mərhələsində Türk Əməkdaşlıq Təşkilatlarının 2026-cı il üzrə Fəaliyyət Planı təqdim olunub. İştirakçılar təklif olunan fəaliyyətləri nəzərdən keçirib, fikir mübadiləsi aparıb, koordinasiya və səmərəliliyin artırılmasına yönəlmiş təklif və qeydlərini səsləndiriblər. Müzakirələrin yekununda 2026-cı il üzrə Fəaliyyət Planı qəbul edilib.
Səfər zamanı Baş katibi onun müavini Talqat Aduov və komissiya katibi Aynurə Abutalıbova müşayiət edib.