Koreya Respublikasının paytaxtı Seulda Azərbaycanın bu ölkədəki səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, səfir Ramin Həsənov 108 il əvvəl xalqımızın dövlət müstəqilliyini əldə etməsi barədə məlumat verib, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin o dövr üçün ən mütərəqqi dövlətlərin sırasında yer aldığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi iki ildən sonra Sovet işğalı ilə əlaqədar süqut etsə də, onun dünyəvi və demokratik dəyərləri, ideyaları Azərbaycan xalqının yaddaşında qorunub saxlanılıb və 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü məhz AXC-nin varisi elan edib.
Diplomat vurğulayıb ki, ölkəmiz 1990-cı illərin əvvəllərində çox çətin dövrdən keçib və yalnız Ümummilli Lider Heydər Əliyev sayəsində sabitlik, inkişaf və beynəlxalq əməkdaşlıq yoluna qədəm qoyub. Azərbaycan bu gün də sadiq qaldığı Heydər Əliyev strategiyası ilə regionun lideri və beynəlxalq birliyin mühüm aktoruna çevrilib. Bu xüsusda, Azərbaycanın transmilli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirməsi, eləcə də qlobal məsələlərin həlli üçün səy göstərməsi, son iki ildə COP29 və WUF13 kimi mötəbər tədbirlərə müvəffəqiyyətlə evsahibliyi etməsi barədə məlumat verib.
Ramin Həsənov, həmçinin Ermənistanla münasibətlərin normallaşması prosesindən danışaraq, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinin nəticələrinə toxunub və regionda davamlı sülh üçün real imkan yarandığını vurğulayıb. Eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrimizdə aparılan fəal quruculuq işlərini, eləcə də mina problemini qeyd edib.
Azərbaycan-Koreya münasibətlərindən danışan səfir iki ölkə arasında qarşılıqlı maraqlara söykənən konstruktiv siyasi dialoqun mövcud olduğunu, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndiyini və ölkəmizin Koreyanın regionda ən böyük iqtisadi-ticari tərəfdaşı olduğunu qeyd edib. Bildirib ki, hər iki ölkənin beynəlxalq məsələlərdə fəallığı əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanlar açır.
Koreya Respublikasının Xarici İşlər Nazirliyinin Yaxın Şərqdə sülh üzrə xüsusi nümayəndəsi Li Kyunq-çul Koreya hökuməti adından Azərbaycan xalqını və hökumətini təbrik edib.
Azərbaycanın beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrildiyini və qlobal əhəmiyyətli COP29 və WUF13 tədbirlərinə yüksək müvəffəqiyətlə evsahibliyi etdiyini qeyd edən natiq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçiriləcək zirvə görüşünün də eyni uğuru təkrarlayacağına əminliyini bildirib.
Azərbaycan-Koreya münasibətlərinə toxunan koreyalı diplomat Azərbaycanın beynəlxalq məsələlərdə hər zaman ölkəsinin istiqanlı və yardımsevər dostu olduğunu vurğulayıb, son dövrlər iki ölkə arasında baş tutan yüksək səviyyəli mübadilələr barədə məlumat verib. Eləcə də Azərbaycanın Yaxın Şərqdəki böhran zamanı Koreya Respublikasının vətəndaşlarının ölkələrinə təxliyə olunması üçün göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
İki ölkə arasında humanitar sahələrdəki əməkdaşlığı yüksək qiymətləndirən qonaq Koreyada ilk standart Azərbaycan dili dərsliklərinin dərc olunması, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının Koreya dilinə tərcümə olunmasının xalqlarımız arasındakı dostluq və anlaşmaya töhfə verdiyini diqqətə çatdırıb.
Rəsmi qəbul ziyafətlə davam edib.
Qəbulda, o cümlədən Azərbaycana dair videoçarxlar nümayiş etdirilib.
Tədbirdə Koreya Respublikasının Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının məsul şəxsləri, ictimai-siyasi, işgüzar, elmi, mədəni dairələrin, mətbuatın, Koreyada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, eləcə də bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və Koreyada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.