27 May 2026 08:55
137
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı daha üç sənədlə möhkəmləndi

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı daha üç sənədlə möhkəmləndi


İndiyədək Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrində böyük uğurlar əldə edilib. Keçən il iki ölkə arasında  ticarət dövriyyəsi 800 milyon dollardan çox olub, bu ilin ilk rübündə  də artım kifayət qədər yüksəkdir. Gürcüstanda mövcud olan müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir. Bu günə qədər ölkəmiz tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. İqtisadi əməkdaşlıq bir sıra sahələri əhatə edir və getdikcə genişlənir. 

Xəbər verildiyi  kimi,  Prezident İlham Əliyevin mayın 18-də Bakıya WUF13-də iştirak etmək üçün gələn Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına toxunulub, ikitərəfli gündəliyin geniş olduğu qeyd edilib. Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsində rolu vurğulanıb.

Sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə bir sıra sənədlər imzalanıb. Bunlar Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə saziş, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə saziş və Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının protokoludur. 

Bu baxımdan Prezident İlham Əliyevin çıxışlarının birində dediyi sözləri xatırlamaq yerinə düşər: "Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkənin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. "Cənub qaz dəhlizi" də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu, bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir".

Yeni  imzalanan sənədlər də məhz bu deyilənləri təsdiq edir. Belə ki, imzalanan sənədlərdən biri yeni Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə aiddir. Bu, Asiya ilə Avropanı birləşdirən Orta dəhlizin əsas hissəsini təşkil edən, yüklərin birbaşa və sürətli daşınmasını təmin edən strateji beynəlxalq nəqliyyat marşrutudur. Layihə Azərbaycan, Gürcüstan və Türkiyəni dəmir yolu xətti ilə birləşdirir, onun əsas məqsədi və ifadə etdiyi üstünlüklər isə İpək yolunun bərpasını ehtiva edir. Yəni Çin və Mərkəzi Asiyadan (Qazaxıstan, Türkmənistan) gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya və əksinə fasiləsiz daşınması təmin olunur.

Qaldı ki, elektrik enerjisinin Gürcüstanın ərazisi ilə tranzitinə, bu layihənin də böyük gələcəyi var. Söhbət "yaşıl enerji"nin ixracından gedir. Hələ 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında" saziş imzalanıb.    

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu günlərdə öz ölkəsində televiziya ilə çıxış edərkən qaz təchizatı məsələsinə də toxunub. Bildirib ki, təbii qazın alışı üzrə Azərbaycanla 20 illik müqavilənin müddəti başa çatırdı. Amma Azərbaycan tərəfi ilə aparılan səmərəli danışıqlar nəticəsində müqavilənin müddəti daha 20 il uzadıldı. Kobaxidze bu razılaşmaya görə Azərbaycan tərəfinə bir daha minnətdarlıq edib. 

Bu gün Azərbaycan qazı Gürcüstana əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK)  vasitəsilə çatdırılır. CQBK 2006-cı ildə  istifadəyə verilib və həmin vaxtdan fasiləsiz fəaliyyət göstərir. 

Onu da qeyd edək ki, təkcə cari ilin 4 ayında (yanvar-aprel) Azərbaycandan Gürcüstana 184 milyon kubmetrdən çox təbii qaz ixrac olunub. Ümumilikdə 2026-cı il üçün təsdiqlənmiş qaz balansına əsasən, Gürcüstanın il ərzində Azərbaycandan təqribən 2.9 milyard kubmetr həcmində təbii qaz idxal etməsi nəzərdə tutulur. Bu ölkə qaz tələbatının təxminən 88  faizini Azərbaycan qazı hesabına ödəyir. Eyni zamanda tərəflər arasında mövcud olan qaz tədarükü sazişinin müddəti daha 20 il uzadılaraq 2044-cü ilə qədər artırılıb. 

Azərbaycan qazının da dünyaya yolu məhz qonşu və dost Gürcüstandan keçir. Belə ki, 2007-ci ildən qazı Türkiyəyə daşıyan Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin ön hissəsini CQBK təşkil edir. Ümumi uzunluğu təxminən 692 kilometr (Azərbaycanda  443, Gürcüstanda təxminən 249 kilometr) təşkil edən CQBK-ya Gürcüstan-Türkiyə sərhədində 280 kilometrlik bir xətt də qoşulur. Bu boru xətti ilə qaz Ərzuruma çatdırlır. Səngəçaldan Ərzurumadək uzanan marşrut bütövlükdə BTƏ adlanır. 2018-ci ilin iyun ayından Azərbaycan qazını Türkiyəyə ixrac edən TANAP (Trans- Anadolu Qaz Boru Kəməri) da mavi yanacağı genişləndirilmiş CQBK-dan qəbul edir. Qısaca desək, ümumiyyətlə, genişləndirilmiş CQBK, TANAP və TAP-dan (Trans-Adriatik Qaz Boru Kəməri) ibarət olan "Cənub qaz dəhlizi"nin  Avropaya uzanan və getdikcə şaxələnən marşrutu Gürcüstandan keçir. Yeri gəlmişkən: TAP 2020-ci il dekabrın 31-də istifadəyə verilib.    

Deyilənlərə bu il aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidzenin mətbuata bəyanatında səsləndirdiyi fikirləri də əlavə etmək istərdik: "Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq. Görüş zamanı biz həmçinin ticarət və iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri kimi qalır və həmçinin iqtisadi münasibətlərin artırılan sərmayələr sayəsində daha da dərinləşəcəyini gözləyirik. Biz yüksək səviyyədə dialoqu davam etdirməyə və müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğumuzu ifadə etdik. Əminəm ki, strateji tərəfdaşlığımız xalqlarımız və ölkələrimizin rifahı naminə uğurla inkişaf etməkdə davam edəcək".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Zəngilanlı məktəblinin dünya universitetlərinə uzanan yolu

09:00
27 May

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı daha üç sənədlə möhkəmləndi

08:55
27 May

Prezident aqrar sektorun qarşısına konkret vəzifə qoydu

08:50
27 May

İsmayıl qurbanından başlayan mənəvi yol

08:45
27 May

Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir

08:40
27 May

Gələcəyin şəhər nümunələri: Bakı Ağ Şəhər və Sea Breeze

08:35
27 May

Yeni dövlət proqramı kənd təsərrüfatının strateji güc mənbəyi kimi formalaşmasına xidmət edir

08:30
27 May

Brüssel qərəzli addımları ilə tərəfdaşlarını itirir

08:25
27 May

Azərbaycanın orta gücə çevrilməsi geosiyasi reallıqdır

08:20
27 May

Parlamentin yaz sessiyası başa çatdı

08:15
27 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

08:10
27 May

Müstəqilliyimiz etibarlı əllərdədir

08:05
27 May

Cümhuriyyət ideallarından qüdrətli Azərbaycana 

08:00
27 May

R.A.Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

04:39
27 May

2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında

04:38
27 May

Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında

04:37
27 May

"Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

04:36
27 May

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

04:32
27 May

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

04:30
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!