Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il "Könüllülər
ili” elan olunmuşdur.
Əminliklə
qeyd etmək olar ki, dövlət başçısının xüsusi diqqəti beynəlxalq təcrübədə artıq
özünü sübut etmiş könüllülər hərəkatının respublikamızın gənclər siyasətində və
ümumilikdə ictimai-sosial münasibətlər sistemində mövqeyinə güclü təkan verəcəkdir.
Bu baxımdan mövcud təcrübə və potensial imkanlar cari ilin əsas missiya və hədəflərinin
müəyyənləşdirilməsi üçün əlamətdar olacaqdır.
Tarixə ekskurs fonunda missiya və vəzifələr
Könüllülük
fəaliyyətinin tarixi bəşər cəmiyyətinin yarandığı ilk dövrdən başlayır. Könüllülüyü
hər hansı bir tarixi hadisə zamanı baş verənlərlə əlaqələndirmək və konkret tarixi
dövrü göstərmək əslində reallıqdan kənardır.
Çünki mahiyyət
etibarilə şəxsi təşəbbüs, başqaları üçün fədakarlıq, xeyriyyəçilik, vətənpərvərlik,
xoş niyyət və digər elementlər könüllülük fəlsəfəsinin müxtəlif komponentləridir
və konkret tarixi dövrlə bağlı deyil.
Tarixin müxtəlif
dövrlərində dini missionerlik, xəstəliklərə qarşı mübarizə, müharibə qurbanlarına
yardım, bəşəri ideyaların təbliği, qlobal problemlərin həlli və digər istiqamətlərdə
könüllülərin gördüyü iş bir çox hallarda mütəşəkkil, institusionallaşmış mexanizmlərdən
daha təsirli və faydalı olmuşdur. Təkcə bir misal göstərmək kifayətdir ki, dinin
yayılmasında ayrı-ayrı hallarda mötəbər elm xadimlərinin, ürfan sahiblərinin təsiri
bütün məcburetmə formalarından istifadə edən sistemli yanaşmalardan daha təsirli
olmuşdur. Orta əsrlərə baxsaq sufi şeyxlərinin öz istəkləri ilə islam dininin və
dünyagörüşünün yayılmasında və təbliğində rolu əvəzsizdir. Yaxud yoluxucu xəstəliklərə
qarşı mübarizədə lap qədim dövrlərdən başlayaraq günü bu gün də davam edən həkim-təbiblərin
fərdi yanaşmaları İbn Sina yolunun təmənnasız davamıdır. Digər bir misal kimi nizamlı ordu və könüllü birləşmələrin
müharibələrdə oynadığı rolu qeyd etmək olar. Bu cür misalları cəmiyyətin bütün istiqamətlərdə
fəaliyyəti ilə bağlı çəkmək mümkündür. Burda bir məqama fikir vermək lazımdır ki,
tarixin müxtəlif dövrlərində könüllülüyə bir ictimai-siyasi proses olaraq fərqli
baxış bucağı altında baxmaq doğru olar. Xüsusən də müasir dövrdə - üçüncü minillikdə
könüllülük hərəkatı yeni məzmun və mahiyyət daşıyır və klassik anlayışdan kifayət
qədər fərqlənir.
Klassik mənada
könüllülüyün baza prinsipini altruizm fəlsəfəsi təşkil edir. Fransız filosofu Oqüst
Kont (1798-1857) tərəfindən irəli sürülən altruizm başqalarına təmənnasız xidmət
göstərilməsini, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini zəruri olduqda qurban
verməyi özündə ehtiva edən əxlaqi prinsipdir. Eqoizmin əksi olan altruizmin əsas
əxlaqi meyarını başqa adamın və ya sosial birliyin maraqları təşkil edir. Bu mənada
humanist prinsiplərdən olan könüllülük əxlaqi norma və dəyərdir. Xüsusi qeyd etmək
lazımdır ki, qloballaşma dövründə Qərbin dünyada təbliğ etdiyi prinsiplərin təsiri
ilə ənənəvi dəyərlərin alt-üst olduğu yeni mühitdə könüllülük olduqca böyük mənəvi
və fəlsəfi əhəmiyyət daşıyır.
Müasir dövrdə
könüllülüyün mahiyyətində bir sıra məzmun dəyişiklikləri baş vermişdir. Birincisi,
könüllülüyə artıq bir çox hallarda dövlətin gənclər siyasətinin tərkib hissəsi kimi
baxılır. Bu yanaşma isə könüllülər seqmentinə bütünlükdə münasibətdə fərqli alət
və resursların tətbiqini zəruri edir. İkincisi, könüllülüklə xeyriyyəçilik arasında
bir-birindən kifayət qədər seçilən fərq yaranmışdır. Könüllülük maddi cəhətdən əvəzi
ödənilməyən sahə olsa da, yekun nəticədə fərdi baxımdan müəyyən hədəflərə çatmaq
üçün resurs kimi nəzərdə tutulur. Üçüncüsü, əvvəllər yalnız ictimai fəaliyyət kimi
baxılan könüllülük müasir yanaşmada ictimai fəaliyyətin xüsusi növü olaraq özündə
sosial əlaqələrin kompleksini də əks etdirir. Dördüncüsü, əvvəlki yanaşmadan fərqli
olaraq könüllülükdə kollektiv aspektlə yanaşı fərdin dominantlığı da ön plana çıxmışdır.
Könüllülük kollektiv işləmək bacarığı və eyni zamanda şəxsi inkişaf konseptidir.
Bu mənada könüllü və könüllülər hərəkatı arasında incə də olsa fərqli meyillər yaranmışdır.
Yeni anlamda
könüllülüyü insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və
dövlətin birgə fəaliyyətinin uğurlu formatı kimi qiymətləndirmək olar. Könüllülük
həm də öz xalqına və dövlətinə bağlılıq və xidmət örnəyidir. Könüllülüyün bir sosial
fəaliyyət sahəsinə çevrilməsi isə İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf
edir. Könüllülük həmrəylik və sosial məsuliyyəti özündə ehtiva etdirməklə gənclərin
real həyata keçid mərhələsini əhatə edən kütləvi təşkilatlanma formasıdır. Bu sosial
fəaliyyət karyera, təcrübə mübadiləsi, asudə vaxtın səmərəli keçirilməsi, sosial,
ekoloji və digər sahələrdə problemlərin həllinə dəstək kimi geniş profilli əhatə
dairəsinə malikdir.
Müasir dövrdə
bu hərəkat bir çox aspektləri əhatə edir. Bu mənada ictimai nəzarətin həyata keçirilməsində
könüllülərin rolu qloballaşma dövrünün əsas çağırışıdır. Planetimizin qlobal problemlərinə
dünyanın müxtəlif ölkələrindən könüllülərin vahid prizmadan yanaşması isə bütün
sərhədləri aşan, bəlkə də sərhədsiz adlandırıla biləcək yeni bir dövrün reallığıdır.
Misal üçün, qlobal istiləşməyə və ya digər ekoloji problemlərə münasibətdə könüllülərin
dünya miqyasında yanaşması heç bir dövlətin sərhədləri ilə məhdudlaşmır və ya uyğunsuzluq
yaratmır. Bu mənada könüllülük üçüncü minillikdə qlobal fenomenə çevrilmişdir.
Könüllülük gənclər siyasətinin seqmenti kimi
Müxtəlif ölkələrin
təcrübəsində könüllülər hərəkatından insanların vətəndaşlıq mövqeyinin nümayiş etdirilməsi
baxımından istifadə olunur. Könüllülük sağlam vətəndaşlıq mövqeyinin formalaşmasında
mühüm vasitələrdən biri hesab olunur. Əsas mahiyyəti cəmiyyətə faydalılıq olmaq
şərtilə ictimai nəzarət, mötəbər tədbirlərin keçirilməsinə dəstək, qlobal mahiyyət
daşıyan problemlərin həllinə diqqət çəkmək və digər ictimai-sosial proseslər könüllülük
hərəkatının əhatə dairəsinə daxildir. Bir sıra ölkələrdə isə könüllülük hərəkatı
dövlətin gənclər siyasətinin prioritet istiqaməti, gənclər sektorunda əsas hədəflərə
çatmaq üçün mühüm vasitə kimi nəzərdə tutulur.
Heç şübhəsiz
ki, könüllülük gənc nəslə gələcək həyatı müəyyənləşdirə bilmək üçün bir yol və ya
fürsətdir. Könüllü olmaq biliklərin bacarığa çevrilməsi üçün əlverişli platformadır.
Könüllülük isə kreativlik, innovatorluq, yenilik, təşəbbüskarlıq üçün meydandır.
Könüllülük cəmiyyəti dəyişdirməyə, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə
verməyə şərait yaradan bir hərəkat, cəmiyyəti irəli aparmağa hədəflənmiş bir fəaliyyət
sahəsidir. Dövlətin könüllülük hərəkatına gənclər siyasəti olaraq dəstəyi isə hər
bir gəncin şəxsi planda və ya kollektiv olaraq özünü göstərməsinə şərait yaradır.
Şəxsi inkişafa paralel olaraq komanda quruculuğunda iştirak sosial idarəetmənin
inkişafına töhfə verir.
Müasir dövrdə
fərdi qabiliyyətlərin, bacarıq və keyfiyyətlərin ön plana çəkilməsi baxımından da
könüllülük əhəmiyyətlidir. Bu mənada dövlət qurumlarının hər bir gəncə fərdi yanaşması,
stimullaşdırıcı təsiri könüllülük üçün yeni əhatə dairəsi, yeni imkanlar yaradır.
Cəmiyyətin ən fəal hissəsini təmsil edən gənclər üçün könüllülük cəmiyyətə faydalı
olmaq istəyi və təcrübə qazanmaq üçün məktəbdir.
İnformasiya
əsri olan yaşadığımız dövrdə cəmiyyət yeni sosial problemlərlə qarşılaşır. Cəmiyyətin
bu cür problemlərindən biri də xüsusən gənclər arasında özünütəcrid və ya özünəqapanmadır.
İnformasiya texnologiyalarının həyatın bütün sahələrinə daxil olan inkişaf etmiş
ölkələrdə gənclər arasında bu meyil özünü daha qabarıq göstərir. Özünütəcrid isə
narkomaniya, alkoqolizm kimi bəşəri bəlalara aparan yollardan biridir. Statistik
rəqəmlər təsdiq edir ki, könüllülər hərəkatında təmsil olunan gənclər arasında bu
cür neqativ proseslər üçün münbit şərait yoxdur. Bu baxımdan müşahidələr göstərir
ki, könüllülük fəaliyyəti özünəqapanmadan uzaq olmağa kömək edir, psixoloji cəhətdən
normal yeni nəslin yetişməsinə öz müsbət təsirini göstərir.
Bu bir reallıqdır
ki, qloballaşmanın gətirdiyi mənfi meyillər arasında cəmiyyətdə, xüsusən də gənclər
arasında mənəvi dəyərlərin aşınması da xüsusi yer tutur. Belə bir dövrdə könüllülük
mənəvi dəyərlərə bağlılıq baxımından mühüm platformadır. Könüllü olmaq mənəvi dəyərlərin
daşıyıcısı olmaqdır və bir çox ölkələrdə könüllü gənclər ölkənin tarixinin, mənəvi
dəyərlərinin, mədəni irsinin və sərvətinin könüllü qoruyucusu olaraq öz töhfələrini
verirlər.
Şəxsiyyətin
formalaşması mərhələsində olan yeni nəslin vətəndaşlıq keyfiyyətlərinin tərbiyəsi
yolunda könüllülük fəaliyyəti və ya hərəkatı mühüm rol oynayır. Qloballaşma proseslərinin
təsiri altında yetişməkdə olan "Z nəsil” uşaqlar olduqca indifferent xüsusiyyətlərə
malikdirlər. Bu, ümumilikdə müasir dövrümüzdə cəmiyyətin qarşısında dayanan həm
sosial, həm də ictimai problemdir. Məhz belə bir mühitdə könüllülük "Z nəsil” yeniyetmə
və gənclər üçün ənənəvi olmayan doqmalardan kənara çıxmaq üçün əlverişli imkan,
həm də maraq doğuran çağırışdır. Mədəniyyətin kütləvi xarakteri, informasiya texnologiyalarının
yaratdığı yeknəsək mühit fərdin şəxsi vətəndaş mövqeyinin ortaya çıxarılmasına kölgə
salır. Beynəlxalq təcrübə göstərir ki, bu baxımdan məhz könüllülük hərəkatı gənc
nəslin sağlam vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynayır.
Beləliklə,
qeyd etmək olar ki, könüllülük hərəkatı və platforması gənclər siyasətinin bir sıra
istiqamətlərdə hədəflərə nail olunmasına öz töhfəsini verir:
- Uğurlu karyera
yolu, fərdi inkişaf;
- Komandada
işləmək bacarığı;
- Təcrübə
məktəbi;
- Sosiallaşma
və sağlam həyat tərzi;
- Mənəvi dəyərlərin
qorunması və təbliği;
- Beynəlxalq
təşəbbüslərə dəstək;
- Mötəbər
tədbirlərin təşkilində iştirak və s.
Könüllülər hərəkatı iqtisadi faktor kimi
Artıq beynəlxalq
təcrübədə könüllülər hərəkatına yanaşmada məzmun dəyişikliyi özünü dövlət siyasətində
də göstərir. Xüsusən də iqtisadi inkişaf etmiş ölkələrdə könüllülərə, təkcə gənclər
siyasəti çərçivəsində deyil, həm də sosial, səhiyyə, məşğulluq və hətta iqtisadi
siyasətin tərkib hissəsi kimi baxırlar. ABŞ-ın məşhur Con Hopkins Universitetinin
tədqiqatlarına əsasən, təkcə dünyanın 36 ölkəsində könüllülərin sayı 130 milyon
nəfəri keçib. Könüllülərin iş saatı, faydalı iş əmsalı və yaratdığı məcmu dəyər
iqtisadi hesablamalara daxil edilib və hər bir ölkə üzrə müvafiq statistik yanaşmalar
formalaşdırılmağa başlanmışdır.
Rusiyalı ekspert
Maksim Boçanovun qiymətləndirməsinə
görə, könüllülərin işi müxtəlif ölkələrdə ÜDM-yə 4-8 faiz səviyyəsində töhfə verir.
Misal üçün, Norveçdə ÜDM-in 6 faizi könüllülərin payına düşür. Kanadada əhalinin
27 faizi könüllü fəaliyyətlə məşğuldur və onların fəaliyyəti dövlət büdcəsində
17 milyard ABŞ dolları səviyyəsində büdcə xərclərinin qənaətinə səbəb olur. ABŞ-da
əhalinin 50 faizdən çoxu könüllülər fəaliyyətində iştirak edir və artıq "virtual
könüllü” adlı innovativ təşəbbüs həyata keçirilir. ABŞ-da könüllülük təcrübəsi iş
təcrübəsinə bərabər olan fəaliyyət növü kimi qəbul edilir.
Ümumiyyətlə,
inkişaf etmiş ölkələrin əksəriyyətində əhalinin könüllülük hərəkatında iştiraketmə
səviyyəsinin statistikası aparılır. Misal üçün, Avropa İttifaqı ölkələrində əhalinin
(18 yaşdan yuxarı) 22-25 faizi könüllülük fəaliyyətinə cəlb olunub. "Eurobarometer”in
keçirdiyi sorğuya əsasən, hər 10 avropalıdan 3-ü könüllülük fəaliyyəti ilə məşğul
olduğunu bildirib. Almaniya və Niderland isə ən inkişaf etmiş könüllülük təcrübəsi
olan ölkələrdir.
Beynəlxalq
təcrübədə könüllülük fəaliyyətinin iqtisadi proseslərdə yeri və rolu ilə bağlı bir
sıra iqtisadi yanaşmalar tətbiq olunur. Belə ki, könüllülərin ölkə əhalisi, o cümlədən
aktiv əmək resurslarına nisbətdə xüsusi çəkisi, könüllülük fəaliyyətinin ÜDM-yə
verdiyi töhfə və faiz nisbəti, əməyi ödənilən fəaliyyətdə könüllü işin mümkün nisbəti
iqtisadi seqment olaraq hesablanır və statistikası aparılır.
"Könüllülər ili” təcrübəsi
Məlum olduğu
kimi, BMT 1970-ci illərdən başlayaraq ayrıca proqram üzrə könüllülük sahəsində fəaliyyətini
əlaqələndirməyə başlamışdır. BMT-nin İnkişaf Proqramının koordinasiyasında hazırda
80-dən çox ölkədə aktiv fəaliyyət göstərən Birləşmiş Millətlər Könüllüləri Proqramı
(United Nations Volunteers Programme) könüllülərin qlobal məsələlərə dəstək olmasına
hədəflənmiş fəaliyyət göstərir.
BMT könüllülük
fəaliyyətini təşviq etmək üçün bir sıra əlamətdar tarixləri xüsusi keçirməklə bağlı
ənənənin əsasını qoymuşdur. Belə ki, BMT Baş Assambleyasının 1985-ci ildə qəbul
etdiyi qətnaməyə əsasən 5 dekabr "İqtisadi və Sosial İnkişaf üçün Beynəlxalq Könüllülər
Günü” elan olunmuşdur. Baş Assambleya 20 noyabr 1997-ci ildə 2001-ci ilin "Beynəlxalq
Könüllülər ili” elan olunması ilə əlaqədar qətnamə qəbul etmişdir. Təcrübə göstərir
ki, bu qərarın təsiri ilə 2001-ci ildə beynəlxalq miqyasda könüllülüyün təbliği,
iş yerlərinə əlçatanlığın asanlaşdırılması, beynəlxalq sosial şəbəkənin yaradılması
istiqamətində işlər xüsusi vüsət almışdır. Hazırda icra olunmaqda olan BMT Könüllülər
Proqramının 2016-2030-cu illər Tədbirlər Planı isə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə
istiqamətlənmişdir.
Avropa İttifaqı
da "Könüllülər ili” ənənəsini davam etdirmişdir. Avropa Komissiyasının qərarı ilə
2011-ci il "Avropa Könüllülük İli” elan olunmuşdur. Avropa Komissiyasının yaratdığı
Avropa Könüllü Xidməti könüllülük fəaliyyətinin təşkili istiqamətində üçbucaqlı
mexanizm qurmuşdur: göndərən assosiasiya və təşkilatlar, qəbul edən təşkilatlar
və əlaqələndirici xidmət. Bu mexanizm Avropa Könüllü Xidmətinin əmək bazarında özünəməxsus
iştirakında və mövqeyinin formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Rusiyada
2018-ci il "Könüllülər İli” elan olunmuşdu. İlin yekunları ilə bağlı qiymətləndirmələrə
əsasən, ölkə ərazisində könüllülərin sayı iki dəfə artmış və könüllülük konkret
tarixə bağlı olmayan daimi təşəbbüsə çevrilmişdir. Rusiya Federasiyasının regionlarında
könüllülüyə dəstək resurs mərkəzləri yaradılmışdır. Könüllü siyasətin davamlılığını
təmin etmək məqsədilə hər il "Xoş əməllər regionu” adlı regional layihə müsabiqəsi
keçirilir və qalib regionlara büdcədən subsidiya ayrılır. "Könüllülərin kütləvi
tədbirlərə hazırlığı və təlimi” ilə bağlı sistemli yanaşma yaranmışdır. Proseslərin
davamlı xarakter daşıması dövlət siyasətinin prioritetlərindən hesab olunur və artıq
2025-ci ilədək dövrü əhatə edən Könüllülüyün İnkişaf Konsepsiyası təsdiq olunmuşdur.
Könüllülər hərəkatının "Sosial aktivlik” milli layihəsi çərçivəsində aparılan işlər
nəticəsində daha da genişlənməsi, ölkə əhalisinin 20 faizinin könüllük fəaliyyətinə
cəlb olunması nəzərdə tutulmuşdur.
Qonşu ölkələr
arasında Qazaxıstanda da könüllülər hərəkatına gənclər siyasətinin aparıcı istiqamətlərindən
biri kimi baxılır. Milli Könüllülər Şəbəkəsinin hesablamalarına görə, hər səkkiz
Qazaxıstan vətəndaşından biri bu və ya digər dərəcədə könüllü fəaliyyətə cəlb olunmuşdur.
Qazaxıstanda da 2020-ci il "Könüllülər İli” elan edilmişdir. "Biz birlikdəyik” şüarı
ilə nəzərdə tutulan Tədbirlər Planı yeddi mühüm istiqaməti nəzərdə tutmuşdur. Birinci
istiqamət könüllülük fəaliyyəti üçün əlverişli mühitin yaradılması - normativ-hüquqi
bazanın təkmilləşdirilməsi, milli metodikanın hazırlanması ilə bağlıdır. İkinci
istiqamət könüllülük fəaliyyəti ilə bağlı infrastrukturun inkişafı və iştirakçıların
potensialının inkişafını əhatə edir. Könüllü proqram və layihələrinin monitorinqi
və koordinasiyası üzrə ofisin yaradılması da nəzərdə tutulur. Üçüncü istiqamət vətəndaşların
könüllülük fəaliyyətində iştirak imkanlarının genişləndirilməsinə yönəlmişdir və
dövlət qurumları tərəfindən müəyyən sosial təşviq mexanizmlərinin tətbiqi təklif
edilmişdir. Dördüncü istiqamət korporativ könüllü fəaliyyətin inkişafıdır və bununla
bağlı ən uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi gözlənilir. Beşinci
istiqamət olaraq bu sahədə beynəlxalq əməkdaşlıqdır ki, Qazaxıstan könüllülüklə
bağlı daha çox Rusiya və BMT şəbəkəsinə üstünlük verir. Altıncı istiqamət könüllülüyün
populyarlaşması istiqamətində tədbirləri əhatə edir. Xüsusi media planlarının, televiziya
verilişlərinin, müsabiqələrin, videoroliklərin, kütləvi informasiya vasitələrinin
xətti ilə fərdi və kollektiv uğurların təbliğinin geniş auditoriyaya çatdırılması
hədəflərin davamlılığına yönəlmişdir. Bu çərçivədə artıq vahid könüllü platforması
(https://qazvolunteer.kz) yaradılmışdır. Nəhayət, sonuncu istiqamət Davamlı İnkişaf
Məqsədlərinə hədəflənmiş könüllülüyün təşviqidir. Bu məqsədlə təhsil, səhiyyə, gənclər,
ekologiya, mədəni irsin qorunması, sosial xidmət, yoxsulluğun azaldılması sahələrində
yeddi layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Ümumilikdə,
beynəlxalq təcrübədə "Könüllülər ili” könüllülük hərəkatının təbliği və müxtəlif
sahələrdə dövlət siyasətinin həyata keçirilməsində mühüm vasitə olaraq uğurlu bir
model kimi özünü göstərir.
Azərbaycanda
müasir anlamda könüllülər hərəkatı gənclər siyasətinin prioritet istiqamətlərindən
biri olaraq nəzərdən keçirilir. Hələ 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi,
BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının həyata keçirdiyi birgə layihə
könüllülük hərəkatı ilə bağlı ilkin təşəbbüslərdən hesab olunur. Həmin proqram əsas
götürülərək o dövrdən başlayaraq ölkəmizdə könüllülük prinsiplərinin geniş təbliğinə
başlanılmışdır. 2009-cu ildə "Könüllü fəaliyyət haqqında” Qanun qəbul olunmuş və
normativ-hüquqi əsaslar yaradılmışdır. Lakin könüllülər hərəkatının yeni mərhələyə
keçidini 2013-cü ildə ASAN Könüllüləri Təşkilatı yaradılması ilə əlaqələndirmək
doğru olar. Bu mərhələdə gənclərin yeni həyata, uğurlu karyeraya və konkret peşəyə
yiyələnməsi, mötəbər tədbirlərə dəstək istiqamətində çox böyük inkişaf yolu keçilmişdir.
2019-cu ildə
3 minə yaxın gəncin iştirakı ilə Könüllülərin II Həmrəylik Forumunun keçirilməsi
könüllülər hərəkatının yeni vüsət almasında, könüllülər təşkilatlarının cəmiyyətin
həyatında daha fəal iştirakında təkan olmuşdur. Hazırda ölkəmizdə dövlətin ciddi
dəstəyi və cəmiyyətin sosial sifarişi nəticəsində yaranmış "ASAN könüllüləri”,
"Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllüləri, "Könüllü DOST”, "Aqrar
İnkişaf könüllüləri” və digər könüllü hərəkatları gəncliyin avanqardına çevrilib.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin
Azərbaycanda "Könüllülər İli” elan edilməsi barədə Sərəncamı üçüncü minillikdə gənclərin
müxtəlif sahələrdə öz potensialını göstərməsinə, sosial məsuliyyət və ictimai nəzarətlə
bağlı dövlət siyasətinin həyata keçirilməsinə meydan açan mühüm əlamətdar hadisədir.
Ərəstü HƏBİBBƏYLİ,
iqtisadiyyat
üzrə fəlsəfə doktoru