25 Noyabr 2022 02:45
554
Mədəniyyət
A- A+

Klassik musiqimizin baniləri

 

İkisi də eyni ilin eyni günündə - 1885-ci ilin 18 sentyabrında dünyaya gəlmişdilər. Biri Şuşa qəzasının Ağcabədi şəhərində, digəri Qroznıda…
Doğulduqları məkanları bir-birindən yüzlərlə kilometr məsafə ayırırdı. Kimsə bilməzdi ki, zaman keçəcək, tale bu iki insanı ömür yollarının hansısa məqamında rastlaşdıracaq, onların musiqidə qoşalaşmış taleləri mədəniyyət tariximizin qürur səhifəsinə çevriləcək, dünyaya gəldikləri gün də Azərbaycan Musiqisi Günü kimi hər il böyük sevgi ilə qeyd ediləcək. 
Onlar Azərbaycan xalqının yetirdiyi və adlarını hər zaman qürurla çəkdiyimiz iki dahi sənətkardır: Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev. 

 

Baba Müslüm Maqomayev

 

Onu çoxsaylı titulları ilə tanıtmaq olar. Müslüm Maqomayev bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, milli musiqimizdə Avropa üslubunda ilk operanın - 1935-ci ildə yazılmış "Nərgiz" operasının müəllifi, Əməkdar incəsənət xadimi idi.
Ötən əsrin ortalarından isə onu tanıdan daha bir xüsusi təqdimat forması da vardı: baba Müslüm Maqomayev. Adını daşıyan nəvəsi, Azərbaycan musiqisinin daha bir parlaq siması Müslüm Maqomayevin dünya şöhrətindən sonra bu iki musiqi xadimini bir-birindən fərqləndirməkdən ötrü mütləq baba Müslümün adı qarşısında bu kəlmədən istifadə edilir.
…Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 1885-ci ildə Qroznı şəhərində dünyaya gəlib. Atası Məhəmməd əslən Qax rayonunun İlisu kəndindən idi, bəzi mənbələrə görə İlisudakı qədim İçəribazar məhəlləsində dəmirçiliklə məşğul olardı. Sonralar ailəsi ilə Qroznıya köçüb. Sənətini orada davam etdirməyə başlayıb.
Ailədə musiqiyə çox böyük maraq vardı. Əbdülmüslümün böyük qardaşı da musiqi ilə məşğul olardı. Kiçik qardaş ilk musiqi dərslərini məhz ondan almışdı. M.Maqomayev 1900-cü ildə məktəbi bitirib Qori Müəllimlər Seminariyasına qəbul olundu. Elə Üzeyir bəy Hacıbəyli ilə sonradan heç zaman qırılmayan dostluq əlaqələrinin təməli də burada qoyuldu.
1909-cu ildə Müslüm Maqomayev Tiflis Pedaqoji İnstitutunda müvəffəqiyyətlə imtahan verərək şəhər məktəblərində müəllimlik etmək hüququ alır. İki il sonra Bakıya köçərək 1911-ci ildə Sabunçudakı şəhər kollecində işə başlayır. 

 

"Şah İsmayıl" operasının maraqlı tarixçəsi

 

Bakı həyatı ona həmin vaxtlarda Üzeyir bəy Hacıbəylinin rəhbərliyi altında fəaliyyət göstərən Müsəlman opera truppası ilə əməkdaşlıq imkanı verir. Müsəlman opera truppasının təşkil etdiyi Azərbaycan musiqili teatrının orkestrində skripkada ifa etməyə başlayır. Bundan başqa, Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarının, həmçinin "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarının dirijorluğunu Maqomayev üzərinə götürür. 1913-cü ildə "Məhəbbət" və "Şah İsmayıl" operalarını yazmağa başlayır. "Məhəbbət" operası bitməmiş qaldığından 1916-cı ildə tamamladığı "Şah İsmayıl" operası Müslüm Maqomayevin ilk səhnə əsəri sayılır. 
Belə bir əsərin yazılmasının da maraqlı tarixçəsi var. Sabunçuda müəllim işləyərkən qaynı Hənəfi Terequlov ona Mikayıl Müşfiqin ara-sıra şeirlər yazan atası Mirzə Qədir İsmayılzadənin opera yazmaq həvəsindən danışır. Mirzə Qədir Bakıdakı "Səadət" məktəbinin müəllimi idi. "Vüsaqi" təxəllüsü ilə gözəl şeirlər yazardı. Hənəfi Terequlov Mirzə Qədirlə Müslüm Maqomayevi tanış edir və bəstəkar "Şah İsmayıl" operasını Mirzə Qədirin eyniadlı poeması əsasında yaradır. Amma əsərin səhnə taleyi o qədər də rəvan olmur. Operanın premyerası ərəfəsində Tağıyev teatrı yandırılır. Bundan bir müddət sonra təşkil edilən ikinci premyerada isə rejissor Hüseyn Ərəblinski öldürülür. 
Müslüm Maqomayevin "Şah İsmayıl" operası xalq əfsanəsinə əsaslanır. Burada milli folklor nümunələrindən geniş istifadə edilib. Operanın ilk nəşrində çoxsaylı dialoq epizodları vardı, musiqi isə daha çox improvizasiya və muğam prinsiplərinə əsaslanırdı. Sonradan isə bəstəkar öz əsərini bir neçə dəfə redaktə edir. Hər redaktəsində də improvizasiya üsulundan mümkün qədər uzaqlaşaraq bura xor ifaları, ariyalar, rəqslər əlavə edirdi. Bu da onun bir daha klassik opera formasına uyğunlaşmasına imkan yaradırdı.
"Şah İsmayıl" operası 1919-cu ildən bəri təqribən 400 dəfə oynanılıb.

 

Onları qohumluq əlaqələri birləşdirirdi

 

"Şah İsmayıl" operasının mərhələli şəkildə təxminən on ilədək çəkən redaktəsi dövründə Müslüm Maqomayev Üzeyir bəy Hacıbəyli və Zülfüqar Hacıbəyovla birlikdə bir sıra Azərbaycan xalq mahnılarının nota salınaraq işlənməsi ilə məşğul olur. 1927-ci ildə Maqomayevin redaktəsi ilə "Talış xalq mahnıları"nın ilk məcmuəsi çıxır. Bu məcmuəni Üzeyir bər Hacıbəyli tərtib etmişdi. Üç yüzdən artıq Azərbaycan xalq mahnı və rəqsinin simfonik işlənməsi Maqomayevə aiddir. 
1920-1930-cu illərdə Müslüm Maqomayev "Azərbaycan incəsənəti", "Raport veririk" kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" dram tamaşalarına və digər əsərlərə də musiqi bəstələyir. Bundan başqa, simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi" və s. bu kimi əsərlərini yazır. Eyni zamanda vokal musiqisi sahəsində də fəaliyyətini davam etdirir. "Bahar", "Tarla", "Bizim kənd" kimi bir-birindən gözəl, milli koloritli mahnılar bu dövrün məhsuludur. 
Müslüm Maqomayevin "Koroğlu" dastanı əsasında opera yazmaq niyyəti də vardı. Hətta 1932-ci ildə bu işə başlamışdı. Amma sonra Üzeyir bəy Hacıbəylinin də eyni mövzuda əsər üzərində işlədiyini öyrəndiyindən onu yarıda saxlayır. 
Onları Üzeyir bəy Hacıbəyli ilə musiqidən başqa, həm də yaxın qohumluq əlaqələri birləşdirirdi. İllər əvvəl Qori seminariyasında təməli qoyulmuş dostluqlarını daha da möhkəmləndirən yeni bağlar vardı. Üzeyir bəylə Müslüm Maqomayev artıq bacanaq idilər, hər ikisi yaxın dostları - görkəmli Azərbaycan aktyoru, bariton səsli opera müğənnisi, Azərbaycan opera xorunun banilərindən sayılan Hənəfi Terequlovun bacıları ilə ailə qurmuşdular. Üzeyir bəy Məleykə xanımı, Müslüm Maqomayev isə Badigülcəmal xanımı özünə ömür-gün yoldaşı seçmişdi. 

 

Şah əsər

 

Müslüm Maqomayevin şah əsəri "Nərgiz" operasıdır. O, bu əsəri Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazıb. Librettonun müəllifi Məmməd Səid Ordubadidir. Bəstəkar "Nərgiz" operasında improvizasiya üsulundan mümkün qədər uzaqlaşır. Operanın melodik quruluşunda milli musiqi nümunələrinə intensiv müraciət etməklə yanaşı, çoxsəsli xora da üstünlük verir. Bu operanın uğurunda Müslüm Maqomayevlə yanaşı, tanınmış bəstəkar həmkarı R.M.Qliyerin də müəyyən rolu var. 
Müəllif əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyinə görə opera üzərində işləri tam başa çatdıra bilmir. Bunu R.M.Qliyer öz üzərinə götürür, onu səhnə həlli üçün hazırlayır. 1935-ci ilin 24 dekabrında A.Tuqanovun rejissorluğu və dirijorluğu ilə "Nərgiz" operasının premyerası olur. Opera elə böyük rəğbət qazanır ki, Müslüm Maqomayev bu əsərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.
Müslüm Maqomayev bunlardan başqa, 15-ə yaxın simfonik əsərin, o cümlədən iki opera, marş və bir neçə rapsodiyanın müəllifidir. Ən böyük arzularından biri isə görkəmli şairimiz Hüseyn Cavidin "İblis" faciəsinə opera yazmaq idi. Əfsus ki, bu arzusunu reallaşdıra bilmədi.  M.Maqomayevin "Məhəbbət" operasından başqa, sona çatmamış "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediyası da var. 

 

Mənəviyyat işığı

 

Görkəmli musiqi xadimi ictimai işlərdə kifayət qədər fəal idi. 1920-ci ildə o, Azərbaycan SSR Təhsil İşçiləri Birliyinin sədri seçilmişdi. 1921-ci ildə isə Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Sonralar Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışmış, 1929-cu ildən 1931-ci ilə qədər Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri olmuşdu. 
Təəssüflər olsun ki, əcəl onu yaşının, təcrübəsinin yaradıcılıq üçün ən gözəl dövründə apardı, nə qədər istəkləri, arzuları, ideyaları yarımçıq qaldı. Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il iyulun 28-də Nalçikdə vəfat etdi. 
Badigülcəmal xanımla evliliklərindən onların Cəmaləddin və Məhəmməd adında iki oğlu dünyaya gəlmişdi. Böyük oğlu Cəmaləddin Maqomayev sonralar Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuş, 1953-1957-ci illərdə Azərbaycan SSR-in sənaye naziri vəzifəsində çalışmışdı. 
Dünyaşöhrətli müğənnimiz Müslüm Maqomayevin atası Məhəmməd Maqomayev isə rəssam idi. Əfsus ki, o, İkinci Dünya müharibəsi zamanı 1945-ci ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olmuşdu. 
Müslüm Maqomayevin Fəxri xiyabandakı məzarı, adını daşıyan Azərbaycan Dövlət Filarmoniyası, filarmoniyanın qarşısındakı büstü milyonlarla azərbaycanlının mənəvi istinadgahı, qürur yeridir. Nə qədər ki, xalqımız yaşayacaq, Müslüm Maqomayev, Üzeyir bəy Hacıbəyli kimi dahilərimizin ruhu da bizimlə yaşayacaq, nəsillərdən nəsillərə mənəviyyat işığı aparacaq.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video