Qədim insanların qayaların, mağara daşlarının üzərinə çəkdikləri heyvan, insan şəkilləri, həyat macəraları, ov və rəqs səhnələri həm də ilk yazı hesab olunur. Çünki çəkilən hər şəkildə bir kitaba dastan olacaq mənalar vardı. Arxeoloqlar məhz bu şəkillər vasitəsilə həmin ərazilərdə yaşayan tayfaların, qəbilələrin həyat tərzini müəyyənləşdiriblər.
Yazının isə ən qədim nümunələri Mesopotamiyada yaranıb. Şumer sivilizasiyasında ilk dəfə eramızdan əvvəl təxminən III minillikdə "mixi" yazı adlanan piktoqrafik yazı ilə gil lövhələr üzərində işarələr qoyulurdu. Belə yazılardan adətən təsərrüfat hesablamaları aparılan zaman istifadə edilirdi.
Formal mətnlərdən əlavə ən qədim kitab nümunəsi "Gilqameş" dastanı hesab olunur. Mifik poemada Gilqameş adlı Şumer padşahından bəhs edilib. On iki gil lövhədən ibarət mətn boyunca padşahın səyahətə çıxması, onun canavarları öldürdüyü və ölümsüzlüyün açarını axtardığı təsvir olunub. Tarixi qəhrəmana sonda Tanrı kimi ilahi status verilib. Dastan kral Gilqameşin ölümsüzlüyə çatmaq üçün yeganə ölümsüz insanı axtarması ilə başlayır. O, bu işin sirrini öyrənmək üçün bir çox dəhşətli ağrı, təhlükə və çətinliklərlə qarşılaşır. Çox əziyyətlər çəkdikdən sonra Gilqameş, nəhayət, solğun bənizi ilə yeganə ölümsüz insana çatmağı bacarır.
Dastanın həkk edildiyi lövhələr 1849-cu ildə Austin Henry Layard adlı avropalı arxeoloq tərəfindən Assuriyanın paytaxtı Ninevadan (indiki İraq) tapılıb. Akkad dilində aşkarlanan qalıqlar uzun illər ərzində yerin altında qaldığına görə bəzi hissələri qırılıb, bəzi hissələri isə oxunmaz hala düşüb. Dastan tapılan zaman geniş müzakirələrə səbəb olub. Ancaq lövhələrdəki yazılar deşifrə edildikdən sonra Corc Smit adlı alim 12-ci lövhədə böyük daşqının təfərrüatlarını əks etdirən bir hissə tapıb. Bu daşqın haqqında məlumatlar Nuhun hekayəsi ilə oxşarlıqlara işarə idi. Bununla da poemanın təxminlərdən də xeyli əvvəllərə aid olduğu məlum olub.
Əsərin ümumilikdə 2 min 900 misradan ibarət olduğu deyilsə də, onun ən mühüm hissələri yoxdur. Şeir formatında olan dastanın cəmi 60 faizi məlumdur, bəzi sətirlərinin isə əvvəli və sonu yoxdur. Bəşəriyyətin ilk yazılı nümunələrindən olan "Gilqameş" günümüzə qədər gəlib çatmış dastanlar içərisində ən təsirlisidir. Kəşf edildiyi gündən Avropa alimlərinin böyük marağına səbəb olan əsər alman, ingilis və fransız dillərinə tərcümə edilib, bir çox kitab, tamaşa və filmə ilham qaynağı olub.