23 İyul 2025 09:15
728
Mədəniyyət
A- A+
Kinomuzun və səhnəmizin əbədi Yaşarı 

Kinomuzun və səhnəmizin əbədi Yaşarı 


O, yerişi, duruşu, baxışı, gülüşü, üzünün cizgiləri ilə seçilən böyük sənətkar, bənzəri olmayan aktyor idi. Rejissorların ona verdiyi obrazları oynayan aktyor yox, obrazları yaradan, onları canlandıran, əbədiyaşarlıq ömrü verən aktyor idi.

Sanki dünyaya elə aktyor olmaq üçün gəlmişdi. Bəzən deyirlər ki, insanlar adlarının məzmununu ifadə edirlər. O, adının mənən yükünü doğruldan, ona əbədilik ömrü yaşadan sənət adamlarından oldu. Gəldi, yaşadı, adını mədəniyyət tariximizə əbədi yazıb getdi. Ömrü qısa olsa da, sənət ömrünə əbədiyaşarlıq qazandırdı. Aktyor ailəsində doğulmuşdu. Aktyorluq ruhu ona genlə keçib, qanla gəlmişdi. Kiçik yaşlarından teatra maraq göstərirdi. Məktəbliykən dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdu. Uşaqkən yaratdığı  "Buratino" obrazı ilə tamaşaçıların diqqətini cəlb etmişdi. "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edirdi. Səhnəyə ilk dəfə 11 yaşında - dramaturq Məhərrəm Əlizadənin ADMKT-də "Toy kimindir?" tamaşasında Tapdıq rolu ilə  çıxıb. Fitri istedada malik, cəld, çevik hərəkət edən bu uşaq səhnədə qəti sıxılmır, ustalıqla  improvizə edir, səsi aydın, özü yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Gözləri də, gülürdü. Yaratdığı obrazdan özünün də zövq aldığı aydın hiss olunurdu. O zaman çox adam gələcəyin böyük aktyoru nur üzlü bu istedadlı uşağın kimliyi ilə maraqlanır, hamının ağlından bir fikir keçirdi: "Bu uşaq gələcəkdə böyük aktyor olacaq!" Öz parlaq istedadı ilə insanların qəlbinə işıq saçan bu uşaq kim idi?

Söhbət Azərbaycan teatr və kino aktyoru, rejissor, komik, psixoloji və dramatik rolların ifaçısı, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Xalq artisti Yaşar  Məmmədsadıq oğlu (Nuri) Nuriyevdən gedir. Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. İnstitutda oxuyarkən Yaşar Nuri fakültədə, kursda  liderlik edirdi. "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız müqəssirlər"də Neznamov obrazları yaradan Yaşar kurs rəhbərləri, görkəmli səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan əzmkarlıqla aktyorluq sənətinin incəliklərini öyrənirdi.

1972-ci ildə institutu bitirdikdən sonra bir il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdi. 1974-cü il dekabrın 1-də teatrın baş rejissoru Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatırının aktyor truppasında işə  qəbul olunub.

Yaşar Nuri geniş diapazona malik aktyor idi. O, qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazanan nadir sənətkarlardan idi. Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Aleksandr Vampilovun "Övlad"  komediyasında Silva rolu ilə tamaşaçı qarşısına çıxan gənc aktyor qısa zamanda İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası, yaxud Don Æuan"da Sqanarel, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım, Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman, Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy kimi fərqli obrazlarla tamaşaçıların qəlbinə yol açdı.

Özünü görkəmli teatr aktyoru kimi tanıdan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Aktyora  böyük populyarlıq, tamaşaçı sevgisi qazandıran 50-yə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış 100-dən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.  Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Yaşar Nuri çoxvektorlu aktyor idi. O, kinostudiyanın dublyaj sektoru ilə də sıx əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.

Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınamışdır. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş verib, kinoda  "Spasibo" filmini çəkmişdir.

Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl günü"ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya…"dakı Asim Əliyeviçi, "Hər şey yaxşılığa doğru", "Nakəs", "Fransız", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq qabiliyyəti və istedadı, sənətinə sevgisi və gərgin əməyi olub.

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd bazar günü" filmində yaratdığı Seyran obrazı Yaşar Nurinin ilk ekran işidir. Bunun ardınca isə o, irili-xırdalı onlarca filmdə müxtəlif xarakterli obrazlar qalereyası yaradıb. Aktyorun "Əzablı yollar" nağıl-filmindəki kiçik div obrazı da maraqlı rollarındandır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqla yarada bilmişdir. Həmin film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı yəqin ki, onu heç vaxt unutmaz.

"Yol əhvalatı" filmindəki Makintoş obrazı da tamaşaçılar tərəfindən sevilən, xarakter etibarilə maraqlı obrazlardandır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazı hər hərəkəti, mimikası, özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə tamaşaçıların yaddaşına əbədi həkk olunan obrazlardandır.

Yaşar Nurinin kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Rejissorun ekran həyatı verdiyi filmlərdə Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilmişdi. Aktyorun Vaqif Mustafayevlə müştərək işlərindən biri də "Musiqili xaş" və "Bəyin oğurlanması" filmlərində də Yaşar tipik obrazlarla yadda qalır. İsrafilin ("Bəyin oğurlanması") evə girərkən hər dəfə təkrarlanan hərəkəti, ayaqqabının kənara atılması, özünəməxsus yerişi, davranışı və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır.

Yaşar Nuri 1991-ci ildə 40 yaşında "Yaramaz" filmindəki roluna görə Dövlət mükafatına layiq görülmüşdü. 

Səhnəmizin nur üzlü Yaşarı, xalqın qəlbində əbədiyaşarlıq haqqı qazanmışdır. Görkəmli aktyor 2012-ci il noyabrın 22-də 61 yaşında gözünü əbədi olaraq yumdu. Özü bu dünyadan getsə də, xatirəsi və adı sənətsevərlərin qəlbində yaşayacaq. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!